Xəbər verdiyimiz kimi, Moskvada yerləşən “Matrosskaya Tişina” cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verib.
Azərbaycanda həbsdə olan məşhur qanuni oğru Lotu Quli ləqəbli Nadir Səlifovun tərəfdarları rəqib komandadan hesab edilən başqa bir qanuni oğruya - Zaykaya inanılmaz işgəncələr veriblər.
Axar.az-ın yaydığı xəbərə görə, işgəncələrdən sonra görüntüyə alınan Zayka Lotu Quli haqqında bir çox yerlərdə təhqiramiz ifadələr işlətdiyinə görə üzr istəyib.
Publika.az xəbər verir ki, Zaur Əliyevin saxlanıldığı kameraya Lotu Qulinin 30 tərəfdarı daxil olub. Kriminal aləmdə “Killer Nazim” kimi tanınan Nazim Hümbətov Zaur Əliyevi qandallayıb. Bundan sonra o vəhşicəsinə döyülərək üzr istəməyə məcbur edilib.
Ancaq Lotu Quli tərəfdarlarının qanuni oğrunu döyməsi cəzasız qalmayıb. Ertəsi gün həbsxanaya nəzarət edən qanuni oğru (“smotryaşiy”) Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döyüblər.
Həmçinin Nazim Hümbətov və Erdak Lənkəranski də cəzalanıblar. Hazırda onların hamısı cəzaçəkmə müəssisəsinin xəstəxanasındadırlar.
Qeyd edək ki, oğru qanunlarına görə, Lotu Qulinin adamları “bezpredellik” (özbaşınalıq) ediblər. Zaur Əliyev kiminsə haqqında söyüş söysə belə, qanuni oğruya əl qaldırmaq yasaqdır.
Oğru adı oğru toplantısında (“sxodka”) verilir. Əgər oğru nədəsə günahlandırılırsa, ona cəza da elə diğər oğrular tərəfindən “sxodka”da verilir.
Oğruya cəza verilməsinin qəbul edilmiş 3 qaydası var:
Kimisə təhqir edibsə ona şillə vurulur. Qanuni oğru bu şilləyə cavab qaytara bilməz. Çünki haqsızdı və “sxodka” belə qərar verib. Düzdür, onun titulu əlindən alınmır. Ancaq mövqeləri kriminal aləmdə zəifləyir, hörməti azalır.
Qulaqlarından şillə vurulur - bu o deməkdir ki, oğru adından məhrum edilir.
Ölüm hökmü - bu o halda verilir ki, qanuni oğrunun hakimiyyət nümayəndələri ilə əməkdaşlığı üzə çıxır, yaxud "obşak”dan oğurluq edir və sair.