Laçının baş həkimi 168 min manatı necə özünküləşdirib?Rauf İspəndiyarov dövlətin ayrıdığı pulları şəxsi üçün xərcləyib
Laçının baş həkimi ilə bağlı skandal bir məlumat ortaya çıxıb. Hətta bu məlumatları onun rəhbərlik etdiyi müəssisədə çalışan şəxslər də təsdiqləyiblər. Demokratiya.info-ya daxil olan məlumatlarda baş həkim Rauf İspəndiyarovun tenderlər yolu ilə 168 min manat mənimsədiyinə dair iddialar var.
Məlumatda qeyd olunur ki, baş həkim həmin pulun 113 min manatını dərman preparatları və sarğı materiallarının satın alınması adı ilə əldə edib.
Tibbi avadanlıqların satın alınması adı altında həyata keçirilən bir digər əməliyyat isə 5780,82 manat həddində olub. Amma hansı avadanlıqların alındığı haqqda heç bir bilgi yoxdur.
İspəndiyarovun digər əməliyyatlarından biri də yumşaq inventarların satın alınmasından ibarət olub. Bu zaman 7260 manat xərcləndiyi rəsmiləşdirilib. Lakin bu inventarların hansı xəstəxana üçün alındığı da məlum deyil.
Laçının baş həkiminin digər işləri sırasında 9767 manatlıq cari təmir işlərinin satın alınması, 17918 manatlıq təmir işlərinin satın alınması, 9025 manatlıq dəftərxana və təsərrüfat mallarının satın alınması və 25100 manatlıq inventar və avadanlıqların satın alınması da var.
Maraqlı məqam odur ki, Rauf İspəndiyarovun bunca pul xərclədiyi sənəd üzərində varkən, Laçın xəstəxanalarında barmağı kəsilmiş şəxsin yarasına vurulmaq üçün nə bir damcı yod, nə də yaranı sarımağa bir qarış sarğı var. Aydın məsələdir ki, baş həkim sənəd üzərində hər şeyin əla olduğunu qeyd edərək, müvafiq dövlət qurumlarını aldadıb.