“Rusiyada yaşayan azərbaycanlılar geri qayıdacaq”

8-12-2014, 14:57   

“Rusiyada yaşayan azərbaycanlılar geri qayıdacaq”
“Rusiyaya bir sıra sanksiyalar tətbiq edilməyə başlayan zaman təklif etdik ki, rublla saxlanılan ehtiyatlar dəyişdirilsin”.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov söyləyib.

O, Rusiyada böhranın dərinləşəcəyi təqdirdə azərbaycanlıların geri dönəcəyini bildirib:

“Rusiyada davam edən böhran daha da dərinləşməyə doğru gedərsə, bu, Azərbaycan vətəndaşlarının geriyə qayıtmasına səbəb ola bilər. SWIFT sistemi tətbiq olunsa, Rusiya məcbur olacaq ki, əmək miqrantlarına pulu nağd şəkildə ölkədən çıxarmasına şərait yaratsın. Çünki əks təqdirdə qazandıqları pulu ölkələrinə göndərə bilməyən miqrantların burada işləmək marağı olmayacaq. Hazırda oradakı miqrantların yarısı qazandıqları pulları ya nağd şəkildə, ya da banklar vasitəsilə ölkəyə gətirir. Bu qadağa tətbiq olunduqdan sonra isə miqrantların pulları nağd şəkildə gətirməsi prosesinə start veriləcək”.

İqtisadçı SOCAR-ın Rusiyadakı əmlakını satmalı olduğunu deyib:

“SWIFT sisteminin tətbiqi SOCAR-a da mənfi təsir göstərəcək. Azərbaycan Neft Fondunun valyuta ehtiyatlarının bir qismi rublla saxlanılır. Həmçinin Neft Fondu VTB bankında 2,9% səhmə sahibdir. Sözsüz ki, bu sistemin tətbiq edilməsi Rusiya banklarının səhmlərinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq. SOCAR Rusiyada mülkiyyətə sahibdir. Rusiyaya bir sıra sanksiyalar tətbiq edilməyə başlayan zaman təklif etdik ki, rublla saxlanılan ehtiyatlar dəyişdirilsin. Səbəb isə budur ki, sanksiyalar tətbiq edilən zaman rublun qiymətdən düşəcəyi öncədən proqnozlaşdırılmışdı. Eyni zamanda, Rusiyada olan əmlakın satılması məsələsinə baxmalıdır. Rusiya Avropa Birliyinə qarşılıqlı olaraq sanksiyaların ləğv edilməsini istəmişdi. Lakin Avropa Birliyinin bu sahədə fikri birmənalıdır. Yəni yalnız Krımdan rus qoşunları çıxarıldıqdan sonra sanksiyaların mərhələli azaldılması müzakirə edilə bilər. Bu isə o deməkdir ki, Rusiya iqtisadiyyatında problem dərinləşəcək. Ona görə də Rusiyada olan vəsaitin zamanında geri çəkilməsi prosesinə start verilməlidir”.

Qeyd edək ki, Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin bir müddət öncə verdiyi bəyanatında Rusiya banklarının beynəlxalq ödəmə sistemi olan SWIFT-dən uzaqlaşdırılması barədə ABŞ-ın apardığı müzakirələrin müsbət yekunlaşacağı təqdirdə, bu sanksiyanın müharibə kimi başa düşüləcəyini demişdi.

Onu da xatırladaq ki, SWIFT ümumdünya banklararası telekommunikasiya sistemidir. Gün ərzində bu sistemdən orta hesabla 6 trilyon dollar keçir. Burada təxminən 210 ölkənin 10 min maliyyə təşkilatı iştirak edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.