«28 may» NQÇİ-nin işçiləri dənizdə mühasirədədir! - Dəhşət

8-12-2014, 18:47   
«28 may» NQÇİ-nin işçiləri dənizdə mühasirədədir! - Dəhşət
Artıq neçə gündür ki, ADNŞ-nin «28 may» Neft və Qazçıxarma İdarəsinin bir qrup işçisi redaksiyamıza zəng edərək növbələrini başa vursalar da evə gələ bilmədiklərindən şikayət edirlər.
Problemi araşdırmaq üçün ARDNŞ-nin Mətbuat Xidmətinin rəhbəri N.Quliyevə dəfələrlə zəng etsək də, kimsə telefona cavab vermədiyindən, nəhayət, bu gün yenidən şikayətçilərlə əlaqə saxladıq. ADNŞ-nin «28 may» Neft və Qazçıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin çilingəri Həsən Əlişov və digər fəhlələr əsəbindən titrəyə-titrəyə danışmağa başladılar:
-Təsəvvür edirsinizmi, bu qədər qəzalar, partlayışlar, yanğınlar, dənizdə batıb boğulmalar oldu, amma biz susub dinmədik, mətbuata çıxmadıq ki, ümumi işə problem yaratmayaq, diqqəti başqa məsələlərə yönəltməyək. Lakin artıq bıçaq boğaza dirənib. Təsəvvür edirsinizmi, mən Həsən Əlişov noyabrın 25-dən «otqul»a çıxmışam və bu günə kimi sahilə çıxa bilmirəm, evimə gedə bilmirəm. Burada mühasirəyə düşmüşük, çıxa bilmirik. Niyə? Özüm də xəstəyəm, iki dəfədir qızdırmam olur, ev şəraitində qanuni istirahət günümdən istifadə etməklə müalicə almaq istəyirəm. Amma idarənin rəisi Rövşən Qarayev nəinki bizi eşidir, problemi dinləyir, ümumiyyətlə, bizi qəbul etmir. Mühafizəçiləri bizi yaxına buraxmır. Sanki rəisə dəniz quldurları hücum çəkəcək. Bu mühafizə kimə lazımdır???
«Rəis Rövşən Qarayev deyir ki, problemi Rövnəq Abdullayevə deyin! Mənim işim fəhləni sahilə çıxarmaq yox, neft çıxarmaqdır».

-Niyə sahilə çıxa bilmirsiniz?
-Bizə deyirlər ki, dənizin səthi aşağı düşüb, gəmi yan ala bilmir… Yaxşı, biz nə vaxta kimi oturub gözləyək ki, Xəzərin suyu qalxsın??? Bu nə tapmacadır? Burada 3 ədəd vertolyot var, yalnız vəzifəliləri, onların katibələrini, digər şəxsləri aparırlar. Bizim kimi çoxsaylı fəhlələr isə qalmışıq burada mühasirədə. Biz sizə bu gün-8 dekabr, saat 14-55-də zəng edirik. Hava günəşlidir, külək yoxdur. Əsil uçmalı havadır. Sinoptiklərin hava proqnozuna baxın, görəcəksiniz. Yenə də başdan edirlər və vertolyotla uçmağa qoymurlar. Əslində, bəzilərimiz balıqçı gəmiləri ilə sahilə çıxa bilərik. Amma bu 100 manata başa gəlir. Həm də bir hadisə olsa, deyəcəklər ki, öz günahınızdır… Az qalıb ki, özümüzü dənizə atıb intihara cəhd edək… Bu səhər 3 gəmi buraxdılar, xarab çıxdı, apardılar... Vertolyotlar isə Pirallahıya, ya da Günəşliyə işləyir. Biz dənizdə qalmalıyıq? Kosmosa raket buraxırıq neftin pulu ilə, nefti çıxarana isə sahilə çıxmağa gəmi tapılmır. Gülməlidir!
-Sən Allah bunu etməyin, yoxsa intihara cəhdə görə orda «KOMXOZ»un rəisinə cinayət işi qaldırarlar… Bir də, niyə ARDNŞ-ə zəng etmirsiniz?
-Bizi heç kim eşitmir… Telefona cavab vermirlər. Onlara neft lazımdır, fəhlə nəyinə lazımdır. Burada nə yeməyimizə diqqət var, nə də sosial problemlərin həllinə. İnşallah, sahilə çıxanda 50 nəfərdən çox işçinin imzası ilə sizə şikayət məktubunu gətirəcəyəm… Ötən il «Təzadlar» yazdı, çox təsiri oldu, problemləri həll etdilər. Amma bir müddətdir ki, bizi saymırlar. Rəis Rövşən Qarayevə kimsə söz deyə bilmir. Nə vaxt problemimizi deyirik, deyir ki, Şirkətin prezidenti var, Rövnəq Abdullayev, onun 5-6 vitse-prezidenti var, onlara şikayət edin. Sözündən belə çıxır… Deyir ki, «Mənim işim fəhləni sahilə çıxarmaq yox, neft çıxarmaqdır». Vəssalam! Xahiş edirik səsimizi cənab Prezident İlham Əliyevə çatdırın, bizi bu mühasirədən xilas etsinlər, qalmışıq dənizin ortasında…
Azad
P.S.Bu dəqiqələrdə yenidən ARDNŞ-nin mətbuat xidmətinə zəng etdik, yenə də Nizaməddin Quliyev telefona cavab vermədi. ARDNŞ-nin də mövqeyini dərc etməyə hazırıq. Problem nəzarətimizdə saxlanılacaq, ətraflı növbəti yazıda bəhs ediləcək. \\ tezdlar.az \\
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.