Əzizim əziz, əyləncəsi isə çox baha...

8-12-2014, 19:24   
Əzizim əziz, əyləncəsi isə çox baha...
Uşaq əyləncə mərkəzlərində qiymətlər niyə "alışıb-yanır"? İşbazlar öncə uşaqları, sonra valideynləri aldadır...
Həftəsonu qapını döyübsə, orta statistik azərbaycanlı üçün uşaqlarını əyləndirmək vacib şərtdir. Şəhərdə son illər bu sahədə vəziyyət nisbətən yaxşı görünür. Belə ki, seçim imkanları gündən-günə artır. Amma bu artım nəyə görəsə vətəndaşların cibinə xeyir etməkdənsə, ziyan vurur. Yəni rəqabət şəraitində qiymətlər azalmır, əksinə, artır, çoxalır.

Əməkdaşımız həftəsonu Bakının bir neçə uşaq əyləncə məkanlarında olaraq qiymətlərlə maraqlanıb. Bunlardan birincisi "Nəriman Nərimanov" metrosu yaxınlığında yerləşən Metro Parkdır.

Kart fırıldağı - adı sənin, dadı bizim...

"Metro Park"a uşaqları ilə gələnlər 4-cü mərtəbədə yerləşən Happyland-i seçməyə üstünlük verir. Sözügedən məkanda uşaqlar üçün atraksionlar, müxtəlif oyun seçimləri yer alır. Təbii ki, bu oyunlara qatılmaq üçün öncə dəyəri 3 AZN olan kart almaq lazımdır. Və o karta istədiyin qədər pul yükləmək. İstədiyin qədər deyərkən nəzərə alaq ki, 2 manatdan az məbləğdə pul yükləmək olmaz. Ordakı oyunların minimum 80 qəpik, maksimum 2 AZN olduğunu nəzərə alanda cibinizin nə qədər “tərləyəcəyini” təsəvvür edə bilərsiz.

Digər tərəfdən, bu məkanda “oyun qaydaları” da ilgincdir. Belə ki, sözügedən karta yüklənən pul qaytarılmır və dəyişdirilmir. Bunu kartın üzərində açıq-aydın yazıblar. Yəni digər bütün əyləncə mərkəzlərindən fərqli olaraq, sən bu məkana girərkən tutaq, 10 manatlıq balans yükləmisənsə və çıxanda o kartda məsələn, 5 manatın qalıbsa, onu geri istəyə bilməzsən. Necə deyərlər, su girdi qaba, oldu içməli...

Bu anormallığın səbəbini məkanın administratorlarından soruşanda isə cavab heç çaşdırmır: bizim şərtlərimiz kartın üstündə qeyd olunub, əvvəldən bilməliydiz. Yəni istehlakçının hüquqlarına sıfır qədər əhəmiyyət verilmir.

Oyun qiymətlərinin havalarda “uçması” barədə yuxarıda qeyd etmişdik. Təsəvvür edin ki, cəmi 5 oyunla siz 10 manatınızdan keçirsiz. Halbuki o oyunlar başqa əyləncə məkanlarında 80 qəpik-1 manat olduğu halda, burda hansısa səbəbdən 2 manatdır. Daha bir misal: bütün əyləncə məkanlarında 1, ən pis halda 2 manat olan toplarla, yumşaq qəfəslərlə dolu olan hissə burada tam 5 AZN-dir. Yəni heç bir işıq, enerji sərfiyyatı olmayan yerə uşağınız girib özü üçün hoppanacaqsa, buna görə 5 AZN ödəməlisiniz. Arqument isə hazırdır: vaxt limitsizdir də, istədiyi qədər oynasın.

Saysız-hesabsız jetonlar və... sonda ağlayan, narazı uşaqlar

"Magic Land" Uşaq Əyləncə Mərkəzində də durum fərqli deyil. Burada aparatlar jetonla işləyir və jetonun qiyməti 50 qəpikdir. Hər oyun 2-3 dəqiqə davam edir. Zoom-a giriş isə 2 manatdır. Mərkəzdə banket zalı ilə yanaşı dərs saatı üçün otaq da var.
Mələk Uşaq Əyləncə Mərkəzində də jetonların qiyməti 50 qəpikdir. Burada isə labirint 3 manat dəyərindədir.

"Crazy" Uşaq Əyləncə Mərkəzinə isə bir uşağın girişi 5 manatdır. 5 manat ödəyən valideyn uşağını zoom-a daxil edir və “şarikovıy batud” adlı əyləncədən istifadə edir. Jeton aparatları isə digərləri ilə eyni qiymətdədir.

Maraqlıdır ki, bütün bu uşaq əyləncə mərkəzlərində kafelər də fəaliyyət göstərir. Və orada qiymətlər də “ceyran belindədir”. Məsələn, mağazadan 30 qəpiyə aldığımız su bu mərkəzlərdə bir qayda olaraq 1 manatdan ucuz deyil. Bu, ən insaflı variantdır. 1.50-2.00 AZN-ə yarım litr su satan məkanlar da az deyil. Bundan başqa, burada bir çaynik çay içmək minimum 6-7 manata başa gəlir. Yeməklərdən isə danışmağa dəyməz. Uzun müddətli gözləmə, aşağı keyfiyyət... bir çox hallarda valideynləri bu məkanlarda yemək yedirtməkdən çəkindirir.

2 saat limitsiz əyləncə, yoxsa yarım saat blok olunmuş kart?

"Megafun"da isə attraksionların qiyməti 1 manatla 10 manat arasında dəyişir. Burada da attraksionlardan istifadə etmək üçün zaman və balans kartı əldə etmək lazımdır. Kartların dəyəri 1 manatdır. Zaman kartlarından isə 5 manata 20 dəqiqə, 10 manata 50 dəqiqə, 21 manata isə 2 saat istifadə etmək mümkündür. Zaman kartı aktiv edildikdə içərisində olan zaman geriyə hesablanmağa başlayır və zaman bitdikdən sonra kart de-aktiv olur. Bu zaman daxilində müştərilər qiymətindən asılı olmayaraq, istənilən attraksiondan arzuladığı qədər istifadə edə bilərlər. Ancaq cəld hərəkət etməlisən ki, zamanın və pulun boşuna getməsin. Balans kartına istədiyin məbləği yükləyib attraksionlardan istifadə etmək mümkündür.

Amma burada da bir ilginc məqam var. Məsələn, "Megafun"da 21 manata kart almısızsa və uşağınız “Zoom”a girmək istəyirsə, sizin kartınız uşaq orada olduğu 30 dəqiqə ərzində bloklanır və siz ondan istifadə edə bilmirsiz. Halbuki, iki uşaqla bu məkana getmisizsə, digər uşaq həmin yarım saat müddətində hüquqları pozulmuş vəziyyətdə qalır. Lap uşaq olmasın, valideyn də uşağı “Zoom”da əyləndiyi vaxt oyun oynamaq istəsə, ona bu imkan verilmir. 2 saatlıq kartın yarım saatı belə getdimi?

Bir məqamı qeyd edək ki, “Zoom”da uşaqlarla bağlı təhlükəsizlik yüksək səviyyədə qorunmuşdu. Uşağını bu məkana qoyan valideyn işçilərə mobil telefon nömrəsini və adını verir. Hər ehtimala qarşı edilən bu təhlükəsizlik tədbiri uşağın itməməsi, valideynlə əlaqənin vacibliyi üçün lazımdır.

Daha bir detal isə bu əyləncə məkanlarındakı hədsiz səs-küylə bağlıdır. Hətta normal əsəbi olan adam belə orada yarım saat gəzəndən sonra depressiv duruma düşə bilər.

Üstəlik, bəzi təamların əl yandıran qiymətlərini də unutmayaq. Adi bir misal: sözügedən məkanda qaynar qarğıdalı (dənəli) satılır. Onun 150 qramı nə az, nə çox, düz 2 manatdır. Meyvə şirələri, şirniyyatlar da mağaza qiymətlərindən ən azı 2-2.5 dəfə bahadır.

Avtovağzal ərazisindəki “Baku Outlet Park”da yerləşən “Oppalar” Uşaq Əyləncə mərkəzi də seçimlərdən biridir. Burada “Zoom”da oynamaq 1 manatdır. Saat limiti isə yoxdur. Hətta kim istəsə uşağı burada 1-2 manat ödəməklə dayəyə etibar edib, başqa işlə məşğul ola bilər. Burada attraksionlar olmasa da, uşaqların marağını cəlb edən kompüter oyunları var. Bu oyunların ən bahalısının qiyməti 50 qəpikdir.

Qeyd edək ki, karta 5 manat yüklədikdə 1 manat, 10 manat yüklədikdə isə 2 manat bonus gəlir.

Valideyn narazılıq edir: “İndi uşaqları sevindirmək çətin məsələdir”

Psixoloq Elnur Rüstəmov isə uşaqların oyunlara olan asılılığı barədə maraqlı fikirlərə sahibdir. Psixoloq açıqlamasında bildirib ki, internetdə, ümumiyyətlə, kompüterdə elə oyunlar var ki, uşaqlarda məntiqi və yaradıcı təfəkkürü, diqqəti möhkəmləndirmək üçün tətbiq olunur və yaxşı da nəticə verir: “Ancaq elə oyunlar var ki, o, uşaqda asılılıq, müxtəlif psixoloji problemlərə yol açır. Biz hər zaman valideynlərə tövsiyə edirik ki, diqqət eləsinlər uşaqlar kompüterdə nə kimi oyunlar oynayırlar. Çox təəssüflər olsun ki, bu gün rastlaşırıq ki, çox yaşı olmasa da, uşaqlar müxtəlif döyüş oyunları və yaxud avtomobil idarəetmə kimi ağır oyunlar oynayırlar. Bu isə onların psixoloji durumuna çox mənfi təsir göstərir. Uşaq aqressiv olur, uduzanda narahatçılığını ifadə edir və s. bu cür hallar keçirir. Əlbəttə, bu situasiyada bir az diqqətli olmaq lazımdır. Əks təqdirdə, uşaqlarda bir çox problemlər yaranır. O cümlədən fobiyalar. Uşaqda adaptasiya prosesi çətin gedir, o, cəmiyyət içərisində özünü adekvat aparmır, rahat olmur, uyğunlaşa bilmir. Xüsusən internetə çıxışı olan kompüterlər var, ailələr burada xüsusilə diqqətli olmalıdırlar ki, uşaqlar hansı proqramlara, hansı sayta girirlər. Onlara da nəzarət eləsələr, yaxşı olardı”.

3 uşaq atası Sarvan Mehdiyev isə bildirir ki, zəmanə uşaqları oyun, əyləncə məkanları məsələsində doyumsuzdur: “Sanki uşaqlar üçün hər şey adiləşib, sevinmək hisslərini itiriblər. Aparırsan gəzməyə, əylənməyə... Qayıdanda baxırsan ki, yenə də narazıdılar. Bəlkə də bu, əyləncə mərkəzlərindəki çeşidlərin bolluğu ilə bağlıdır. Uşaq 1000 dənə əyləncə görür, sən onu 700-nə apara bilirsən. Bu da narazı qalır axırda. İndi uşaqları sevindirmək, əyləndirmək çox çətindir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.