Azərbaycanda vəhhabilərin gizli və açıq maliyyə fondları fəaliyyətdədir. Bu fondlar sələfilərin maddi rıçaqlarının genişlənməsi üçün iş başındadırlar.
verilən məlumata görə, bu ilin avqustunda Milli Təhlükəsizlik Nazirliyi və Vergilər Nazirliyi əməkdaşlarının “Dar əl-Bir” xeyriyyə cəmiyyətində apardığı axtarışlar da maliyyə fondlarının ciddi nəzarət altına almasına hesablanıbmış.
“Dar əl-Bir” sələfilərin xeyriyyə cəmiyyətidir. Bu cəmiyyət Bakı və Sumqayıtda daha fəal işləyir. Hətta Sumqayıtda cəmiyyət üzvlərinin gözəgörünməz nümayəndələri vəhhabilərə əlbəəl pul paylayırlar. Onlara “vəhhabilərin kassası” deyilir və hər ay ticarətlə məşğul olan bu təriqət üzvlərinin “maaşı” çatdırılır.
1994-cü ildən ölkədə fəaliyyət göstərən “Dar əl-Bir” xeyriyyə cəmiyyətindən ayrı qeyri-leqal fondlar da mövcuddur. Bu fondlar əsasən Rusiyadan təsis edilən təşkilatların özəkləridir. Rusiyada 14 “Vəhhabi-İslam” təşkilatı qeydiyyatdan keçib.
Bunlar arasında “Əl-İğas”, “Dar-Əl-Ver”, “İslam konqresi”, “Sino”, “İslam dünyası”, “Vəhhabi tövbəsi”, “Nicat”, “Əl-Xeyriyyə”, “Əl-Həramiyyə” və s. vəhhabi cəmiyyət və təşkilatları misal göstərmək olar. Bu qurumların Azərbaycanda özəkləri barədə də məlumat var. Məsələn, Zaqatalada 2000-ci ildə “Əl-İğas” təşkilatının özəyi yaradılıb. 2001-ci ildə Mosul kəndində “Sino” cəmiyyətinin, Çar kəndində isə “Nicat” təşkilatının özəyi (2000-ci ildə) yarandı.
Qaxda da İlisu və Qaşqaçay kəndlərində “Əl-İğas” təşkilatının özəyi var.
2003-cü ilin may-iyun aylarından başlayaraq Zaqatala, Xudat, Xaçmazda “İslam uğrunda”, “Əbdül-Vəhhabın vəsiyyətləri”, “Əl-Həramiyyənin çağırışı” adlı vərəqələrin yayılması başlanıb. Bu vərəqələrlə vəhhabilər təbliğat aparıblar.
Məlumatlarda deyilir ki, Səudiyyə Ərəbistanının “Ümumdünya İslam təşkilatı”, “İslama Çağırış Komitəsi”, “İslam Xeyriyyə Təşkilatı”, “Beynəlxalq İslama Yardım Təşkilatları” vəhhabi təşkilatları müxtəlif dövrlərdə Azərbaycanın qaçqın düşərgələrində xeyriyyəçilik tədbirləri adı altında missionerlik fəaliyyəti aparıblar.
Onu da deyək ki, mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində yerləşən “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti 1979-cu ildə, Birləşmiş Ərəb Əmirliklərində Əmək və Sosial Məsələlər Nazirliyinin 23/79 saylı sərəncamı ilə təsis edilib.
Bu qurumlar Azərbaycanda din təbliğatı, Quran kursları, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması, məscidlərin tikilməsi kimi dini yönümlü fəaliyyətlər də həyata keçiriblər. Ancaq zamanla Azərbaycan hökuməti şübhəli fəaliyyətləri olan bir çox təşkilatları ölkədən çıxarıb. Yalnız bir neçə təşkilat, o cümlədən “Dar əl-Bir”, eləcə də Küveytin Asiya Müsəlmanları Komitəsi və daha bir neçə yardım qurumu mövcudluğunu qoruyub saxlaya bilib.