“Halal Nemət” işçilərə qul kimi yanaşır – İTTİHAM

10-12-2014, 02:42   
“Halal Nemət” işçilərə qul kimi yanaşır – İTTİHAM
Bu günlərdə sosial şəbəkələrdə “Halal Nemət” şirkətinin boş vakansiya üçün verdiyi elan diqqətimizi cəlb edib. Həmin elanda şirkət “promoter” vəzifəsinə qadın işçi axtardığını qeyd edib. Maraqlıdır ki şirkət bu zaman Azərbaycan qanunlarını heçə sayaraq iş saatlarını 11:00-20:00 olaraq göstərib və qeyd edib ki, işçi həftədə 6 gün – yəni 54 saat işləməlidir. Azərbaycan respublikasının Əmək Məcəlləsinə görə, işçinin həftəlik iş saatı 40 saatdan çox ola bilməz.
Gəlin əvvəlcə qanunlarla tanış olaq:
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd “ə”).
Azərbaycan respublikasının mövcud qanunvericiliyinə görə, işçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir:
1. Tam iş vaxtı — müddəti bu Məcəllədə (Əmək Məcəlləsi) nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.
3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.
Gündəlik normal iş vaxtı müddətinin 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olaraq həftəlik normal iş vaxtı müddətinin 40 saatdan artıq müəyyən edilməsinin qanunvericilik tərəfindən qadağan edilməsi bilavasitə işçinin sağlamlığının mühafizəsinə yönəlib. Əmək qanunvericiliyinə əsasən bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir. Lakin, istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya Azərbaycan Respublikasının Nazirlər Kabineti həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz.
“Halal Nemət” şirkətindən şok fırıldaq – SOS
Göründüyü kimi, azerinews.tv-ni bilgiləndirən mənbənin dediyinə görə qanunlarda açıq şəkildə işçinin ən çox 40 saat işlədilməli olduğu yazılsa da, şirkət elanında bu müddəti 54 saata qaldırıb. Təbii ki, yeni işçi üçün verilən elanınşirkətdə çalışan digər işçilərə də şamil olunduğu istisna olunmur. Belə olan təqdirdə, şirkətin təkcə qanunları pozmadığı, o cümlədən də vətəndaşların sağlamlığına ciddi zərbə vurduğu üzə çıxır.
Hesab edirik ki, bu yazımızdan sonra səlahiyyətli orqanlar məsələni araşdıraraq, Azərbaycan insanına qul kimi davranan şirkətə layiq olduqları cəzanı verəcək.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq
Azerinews.tv
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.