Nəsimi rayonu, H.Aslanov küçəsi, Bül-bül prospektindəki piyada keçiddə axşam saatlarında polislərlə sakinlər arasında narazılıq yaranıb.
Arqument.az-ın müxbiri xəbər verir ki, piyada keçiddən istifadə etməyən polislərlə vətəndaşlar arasında yaranan mübahisə insidentsiz keçib və bir neçə sakin inzibati qaydada cərimə olunub.
Müxbirimiz xəbər verir ki, əslində, mübahisə Nəsimi rayon Polis İdarsinin Patrul Xidmətinin əməkdaşı Natiq Kərimovun vətəndaşlara təklifi ilə başlayıb. Belə ki, polis əməkdaşı bir neçə sakinə cəriməni yerindəcə ödəməyi təklif edib. O, bildirib ki, inzibati qaydada cərimə 20 manatdır, əgər kim bunu yerindəcə ödəmək istəsə, 10 manatla həll etmək olar və heç bir protokol tərtib olunmayacaq.
Bundan sonra mübahisə başlayıb. Әrazidə jurnalistlərin olduğunu görən Natiq Kərimov inzibati qaydada protokol tərtib etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, “İnzibati Xətalar Məcəlləsinin 153.1-1-ci maddəsinə görə piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmir yol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə qanunda 20 manat cərimə nəzərdə tutulub. Bu cərimə bir müddətdir ki, tətbiq olunur. Hər gün yüzlərlə insan cərimə edilir. İnsanları keçiddən keçməyə alışdırmaq (məcbur etmək) yaxşı hal olsa da, bu qanunvericiliyə zidd formada həyata keçirilir. Belə ki, cərimələr ərazi polis idarələrinin polis serjantları, hətta sıravi polis nəfərləri tərəfindən tətbiq olunur. Halbuki qanunvericiliyə görə onların buna səlahiyyətləri yoxdur.
Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda — qeyd olunur ki, İXM-nin 153.1-1-ci maddəsi ilə işlərə baxmaq səlahiyyəti olan şəxslər aşağıdakılardı:
daxili işlər naziri, onun müavinləri;
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavini, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri;
dövlət yol polisinin yol hərəkətinə nəzarət fəaliyyətinə cəlb edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinin, dövlət yol polisi idarələrinin şöbə rəisləri və onların müavinləri, bölmə rəisləri, xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektorları və inspektorları, baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, böyük mühəndisləri və mühəndisləri, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişləri, inzibati təcrübə üzrə baş inspektorları və inspektorları, böyük mühəndisləri və mühəndisləri, axtarış üzrə baş inspektorları və inspektorları, yol nəqliyyat hadisəsi üzrə baş inspektorları və inspektorları, təbliğat inspektorları, alay komandirləri və onların müavinləri, qərargah rəisləri, bölük komandirləri və onların müavinləri, tağım komandirləri, yol patrul xidməti baş inspektorları və inspektorları…
Qanunvericilikdən göründüyü kimi, yeraltı keçiddən keçməməyə görə cərimə ərazi polis idarələrinin əməkdaşları tərəfindən tətbiq oluna bilməz.
Buna görə də keçiddən keçmədiyinə görə cərimələnən hər kəs protokolu alandan sonra ən geci 10 gün müddətində məhkəməyə ərizə verə və protokolun ləğvini tələb edə bilər”.
Sonda onu da vurğulayaq ki, baş verən bütün qanunsuzluqlara baxmayaraq, vtəndaşlara piyada keçidlərdən istifadə etməyi tövsiyə edirik.
Ümid edirik ki, Daxili İşlər Nazirliyi Nəsimi Rayon Polis İdarəsi tərəfindən törədilən bu kimi qanunsuzluqlara adekvat münasibət bildirəcək.