Rusiyanın Cəzaların İcrası üzrə Federal Xidməti “Matrosskaya tişina” həbsxanasında azərbaycanlı qanuni oğrular arasında baş vermiş qanlı “razborka”ya dair araşdırma başladıb.
Təcridxanada yoxlama aparılır və qanlı “razborka”nın iştirakçılarını dindirirlər.
Araşdırma zamanı müəyyən olunub ki, bu “razborka”da ən çox xəsarət alan onlarla adam öldürən, “Çolaq Nazim” ləqəbli killer Nazim Hümbətov və “Zayka” ləqəbli avtoritet Zaur Hümbətovdur. Lakin onların hər ikisi “kamerada sürüşüb yıxıldıqları üçün xəsarət aldıqlarını” deyiblər. Xəbər verildiyi kimi, ötən həftə Nazim Hümbətovun başçılıq etdiyi qrup Zaykanın kamerasına basqın edərək onu bir neçə saat ərzində döyüblər, işgəncə veriblər. Zaykaya işgəncə verilməsi səhnəsi Skayp ilə Bakıya, Lotu Qulinin (Nadir Səlifov) 8-ci kalondakı kamerasına birbaşa translyasiya olunub.
Belə ki, Zaur Əliyevin döyülməsini əmr edən məhz Lotu Qulidir. Səbəb səkkiz il əvvəl Zaykanın Lotu Qulini təhqir etməsidir. Oğru qanunlarına görə, oğru titulu daşımayanların “kriminal generalı” təhqir etməsi bağışlanılmaz səhvdir.
Lakin Zaykanın qruplaşması da bunu cavabsız qoymayıb. Dekabrın 2-də “Matrosskaya tişina”nın “smotryayuşşisi” olan qanuni oğru Nukri Doçiya tərəfdarları ilə birlikdə Zaykanı döyənlərdən qisas alıb. Nəticədə Çolaq Nazim və daha səkkiz adamı ağır xəsarətlərlə lazaretə düşüblər.
“Rosbalt” qeyd edir ki, Zayka dekabrın 5-də “Matrosskaya tişina”nın xüsusi blokuna yerləşdirilib. O da məlum olub ki, bu hadisədən sonra Zaykanın yaxın dostu, “Kamo Qorkovskiy” ləqəbli Kamo Səfəryan Moskvada beş qanuni oğrunun iştirakı ilə “sxodka” keçirib. Görüşdə Lotu Qulinin təcridxanada təşkil etdiyi “bespredel”dən söhbət gedib. İştirakçılar bu məsələni “kriminal generalların” daha geniş çevrəsinin iştirakı ilə müzakirəyə çıxarmağı və Lotu Qulinin “oğru” statusunun əlindən alınması məsələsinə baxılmasını qərara alıblar.
Lotu Qulinin “oğru” statusu 9 il əvvəl buna bənzər şəraitdə alınmışdı. Onda Azərbaycan həbsxanalarından birində Lotu Qulinin qardaşına hücum edilmişdi və kriminal avtoritet ölkənin bütün kalonlarında bunt qaldırmışdı. Nəticədə qanuni oğrular hesab ediblər ki, Səlifov düz etməyib və bunt qaldırmaqla həbsxanalarda saxlanma şəraitinin sərtləşdirilməsinə səbəb olub, bu da “oğru qanunlarına” ziddir.
Lotu Quli isə "oğru" statusunu bir neçə il sonra Ded Xasanın (Aslan Usoyan) dəstəyi ilə geri qaytarıb.
Qeyd edək ki, milliyyətcə erməni olan Kamo Səfəryan Tiflisdə doğulub. O, Ded Xasanın klanına daxil olub və Krımda uzun müddət “nəzarətçi” (“smotryaşi”) kimi tanınıb. K.Səfəryan öz kriminal karyerasına SSRİ-də cibgir kimi başlayıb. Elə o zaman ilk məhkumluq həyatını yaşayan K.Səfəryan 1998-ci ildə sui-qəsdə məruz qalıb. Amma killer səhvən onu yox, qardaşını öldürüb. Bundan sonra Səfəryan Krıma köçüb və ərazi üzrə “nəzarətçi” olub. 2008-ci ildə Ukraynadan deportasiya edilən Səfəryan Aslan Usoyanın klanına qoşulub. Burada əsas ziddiyyətli məqamda Səfəryanın Ded Xasan klanına yaxınlığıdır. Səfəryan Dedin titulunu qaytardığı “oğru”nun adını almaq kimi işə niyə qol qoysun?
Hələ bu dava xəbərləri yayılanda Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə də bildirmişdi ki, yaranmış vəziyyət Ded klanına sahiblənməsi gözlənilən Şakro Molodoyu (Zaxari Kalaşov) da narahat edib. O, azərbaycanlı qanuni oğruların hazırda çox özbaşınalıq etdiyini və bu sahədə qayda-qanun yaratmaq lazım olduğunu deyib.
VIRTUALAZ.ORG