Adətən fantastik filmlərdə gördüyümüz sensorlu cihazlar, nəqliyyat vasitələri, sadəcə, bir barmaqla idarə olunan elektron avadanlıqlar artıq həyatımızın bir parçasına çevrilməkdədir.
Musavat.com-un məlumatına görə, vaxtilə bütün bunların sadəcə, filmlərdə ola biləcəyini düşünürdük. Amma indi filmlərdə gördüklərimiz artıq gerçəkləşməyə başlayıb.
Həmişə heyrətlə baxdığımız həmin filmlərdə gələcək illərdə dünyanın necə formalaşacağı, uçan avtomobillər, qəribə formada tikilmiş binalar, qeyri-adi texnologiyalar təsvir edilirdi. Və bu, bizim üçün sadəcə, bir film olaraq qalırdı.
Amma belə anlaşılır ki, deyəsən, vəziyyət dəyişməyə başlayıb. Çünki uçan avtomobillər ixtira olunub və artıq satış üçün hazırlanır.
Slovakiyalı ixtiraçı Stefan Klein tərəfindən hazırlanan "Aeromobil" yolları və səmanı fəth etmək üçün günlər sayır. Həm quruda, həm də havada hərəkət etməyə qadir olan bu maşının sınaqları keçirilir.
Ölçü olaraq standart avtomobil dayanacaqlarına da sığan bu maşın avtoidarətməyə də sahibdir. Bundan əlavə "Aeromobil"də paraşüt də yerləşdirilib. Hər hansı bir qəza anında sürücünün təhlükəsizliyi düşünülüb.
"Aeromobil" bir çox helikopterlərdən fərqli olaraq, sərt zəminə rahatca enə bilir. Benzinlə çalışan “Aeromobil” qənaətli yanacaq sisteminə sahibdir. Quruda 850, havada 700 kilometrlik məsafəni qət edə bilən uçan avtomobil havada saatda 200, quruda 160 kilometr sürətlə hərəkət etməyə qadirdir.
2016-cı ildə satışa çıxarılması planlaşdırılan "Aeromobil" təxminən 100 min manata satılacaq.
[media=https://www.youtube.com/watch?v=mYqce6XctyY]