Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi yeni nəsil şəxsiyyət vəsiqələrinin üstünlüklərini açıqlayıb.
Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil ediləcəyidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinə şəxsiyyət vəsiqələrinin fərdiləşdirilməsi zamanı vəsiqənin elektron daşıyıcısına vəsiqə sahibinin gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatların, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatlarının daxil edilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, bu sərəncamda nəzərdə tutulan işlərin 2015-ci il dekabrın 1-dək başa çatdırılması üçün həmin işlərin aidiyyəti dövlət orqanlarının əsaslandırılmış müraciətləri əsasında maliyyələşdirilməsini təmin etmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.