İranda antikorrupsiya cinayət işi ilə bağlı 20 nəfər həbs olunub. İranın İRNA dövlət agentliyinin məlumatına görə, həbs olunanlar arasında bir sıra dövlət məmurları da var.
ötən il başladılan antikorrupsiya tədbirləri çərçivəsində aralarında Mahmud Əhmədinejad hökumətinin bəzi məmurları da olmaqla çoxlu sayda şəxs korrupsiya və mənimsəmə cinayətləri ilə həbs olunub. Cinayət işinin mərkəzində isə qəflətən, məhz cinayət işi açılandan sonra məşhurlaşan Babək Zəncaninin adı dayanır.
İranın kəşfiyyat naziri Mahmud Ələvi eks-prezident Mahmud Əhmədinejad dönəmində baş verdiyi təsbit olunan bir sıra korrupsiya faktlarını açıqlayıb. Nazir bildirib ki, hazırda aralarında keçmiş hökumət məmurlarınsan da 20 nəfər həbs olunub, 30 nəfər isə istintaqa ifadə vermək üçün cəlb olunub. 3 nəfər barəsində isə artıq həbs qərarı çıxıb. Kəşfiyyat naziri həbs olunanların adlarını açıqlamayıb.
Qeyd edək ki, bir il əvvəl Türkiyədə baş verən proseslərin ardınca İranda başlayan həbslər dalğası böyük bir korrupsiya zəncirini üzə çıxarmışdı. İranın Türkiyə üzərindən qaz ixracatı və bunun qarşılığında alınan pulun qızılla ödənilməsi o zamankı təxminlərə görə, 80 milyard dollardan çox vəsaitin gizli dövriyyəsini əhatə edirdi. Bu prosesdə İranın və Türkiyənin bir sıra nüfuzlu iş adamları iştirak edib. Sonradan yayılan məlumatlarda bu prosesin hökumətin bilgisi və icazəsi ilə xüsusi şirkətlər üzərindən həyata keçirildiyi qeyd olunurdu. Bu işin içində əsas ad isə İranda və bir sıra region ölkələrində 70-dən artıq şirkətdə payı olan iranlı iş adamı, milyarder Babək Zəncaninin adı keçirdi.
Məlum olmuşdu ki, B.Zəncani qara bazarda satılan neftdən əldə olunan gəlirin İran Milli Bankına dönməsi zamanı böyük miqdarda pul vəsaitini oğurlayıb. Sonradan İranın neft naziri Bican Namdar Zəngənə Zəncaninin ölkəyə 2,5 milyard dollardan çox ziyan vurduğunu bəyan etmişdi. Nazirin bildirdiyinə görə, Zəncaninin adı keçən işdə İran hökumətindən oğurlanan pulların 2,5 milyard avro və 1,5 milyard dollar olmaqla, iki ayrı istintaqı aparılır.
Qeyd edək ki, B.Zəncani Türkiyədə yaşayan və ötən ilin 17 dekabrında korrupsiya və rüvşətxorluğa qarşı keçirilən əməliyyatlar zamanı həbs olunan Rza Zərrabın iş ortağıdır.
Həmin əməliyyatlar zamanı Türkiyədə dörd nazir oğlu da həbs olunmuşdu. Sonradan onlar azadlığa buraxıldılar.