Azərbaycanda narkomanlığa düçar olan məktəblilər

12-12-2014, 18:46   
Leyla Yolçuyeva: “Son 5 ildə narkotik istifadəçilərinin yaş senzi 30-dan 17-yə düşüb…”
Azərbaycanda narkomanlığa düçar olan məktəblilər
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” ilə bağlı beynəlxalq tədbirdə çıxışı zamanı maraqlı fakt açıqlayıb.

Deyib ki, narkocinayətkarlıqla əlaqədar məktəblərin, yaşayış sahələrinin ətrafında mütəmadi olaraq reydlər keçirirlər: “Mütəmadi olaraq məktəblərin ətrafında olan narkopritonlar və narkotiklə bağlı digər cəhdlərlə əlaqədar müəyyən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bizə müraciətlər də onunla bağlı olur ki, hansısa məktəbin həyətində istifadə olunmuş ”şpris” var. Uşaqlar və valideynlər tərəfindən belə hallar olanda dərhal reaksiya verilir”.

“Yeni Müsavat”ın əməkdaşı idarə rəisinin fikirlərinə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi rəhbər müavini Leyla Yolçiyevanın münasibətini öyrənib. Yolçuyeva bu sahədə durumun xoş olmadığını söyləyib: “Bu gün Azərbaycanda narkotik asılılığı yaşayan ali təhsil müəssisələrinin tələbələri, hətta şagirdlər də var. Ölkədə narkotikə meyllilik artıb və xəstə narkoistifadəçilərin sayı da sürətlə çoxalmaqdadır”.

Onun sözlərinə görə, qloballaşan dünyada siyasi proseslər sürətlə dəyişdiyi kimi, narkotiklərin dövriyyəsi, həm də daşınması siyasəti də durmadan dəyişir: “Azərbaycan narkotiklərin tranzitlə daşındığı ölkələr sırasındadır. Xüsusilə cənub, nəzarətsiz sərhədlərimizdən narkotikləri qaçaqmal kimi keçirməyə cəhdlər intensivdir. Qonşu dövlətlər narkotiki şimal bazarlarına daşımağa israrla çalışır. Belə bir zamanda Azərbaycanın hüquq-mühafizə orqanlarının daha da gücləndirilmiş iş qrafiki ilə işləmələri zəruridir”.

L.Yolçiyeva 2013-cü ilin rəsmi statistikasına istinadən durumu dəyərləndirib. Deyib ki, artıq şagirdlər də narkotik vasitə ilə bağlı cinayət məsuliyyətinə cəlb olunurlar: “Hazırkı durum bu sahəyə xüsusi diqqət ayrılmalı olduğunu göstərir. Xüsusilə son 5 ildə narkotik istifadəçilərinin yaş senzi 30-dan 17-yə düşüb. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənubda hətta 14-15 yaşlı yeniyetmələrin ağır narkotik maddələrdən istifadə etdiklərinin şahidi olursan. Orta məktəblərdə, ali təhsil müəssisələrində, habelə yeniyetmə və gənclərin daha sıx məskunlaşdığı yerlərdə narkomafiyanın əlaltıları, narkoişbazlar və dillerlər müxtəlif şirnikləndirici vasitələrlə narkotiklərin yayılmasını təşviq edirlər. Məktəbliləri və azyaşlıları müəyyən vasitələrlə bu yola cəlb etmək daha asandır. Son ilin statistikasına əsasən cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin 4-ü məhz həddi-büluğa çatmayan şagirdlərdir”.

Ofis rəhbərinin müavini deyir ki, narkotik vasitələrə meylliliyin aradan qaldırılması üçün insanlar düzgün maarifləndirilməli, reabilitasiya mərkəzləri yaradılmalıdır:

“Maarifləndirmə, anti-təbliğat sahəsində vahid kurikulum tətbiq olunmalıdır. Orta məktəblərdə şagirdə və ya ali təhsil müəssisələrində tələbə gənclərə ”narkotik pisdir, rəngarəng ölümdür” və s. sloqanlardan istifadəni arxivləşdirmək lazımdır. Təəssüflər olsun ki, pərakəndə antinarkotik təbliğatımız bugünkü qeyri-müəyyən vəziyyətlə bizi üz-üzə qoyub”.Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.