Dünyanı təhdid edən terror təhlükəsi böyüyür; Məlumata görə, son günlər ölkəmizdəki radikal qruplaşmalar yenidən fəallaşıblar, hətta silahlanmaları ilə bağlı məlumat da yayılır; İŞİD-in “işartıları” Sumqayıtda necə görünmüşdü?; yaxın aylarda dini qruplara qarşı əməliyyatın genişlənəcəyi gözlənilir
Hazırda Yaxın Şərqin iki ölkəsi - Suriya və İraqda fəal olan İŞİD bütövlükdə bölgə ilə yanaşı, dünyanın müxtəlif ərazilərində özünə tərəfdar tapa bilib. Vaxtilə “əl-Qaidə” dünyanın 60-dan artıq ölkəsində mövcud olduğunu nəzərə alsaq, o zaman İŞİD-in digər ölkələrdə də genişlənməsi təəccüblü deyil.
Qeyd edək ki, artıq Pakistanda, Misirdə, o cümədən bir neçə Şimali Afrika ölkəsində və Orta Asiyada bir sıra radikal islamçı qruplaşma İŞİD-i dəstəklədiyini bəyan edib. Hətta ötən ay Misirdəki terror aktının məsuliyyətini İŞİD tərəfdarları öz üzərinə götürmüşdülər. Yəni artıq belə demək olarsa, qruplaşma İraq və Suriya sərhədlərini keçərək daha qlobal təhlükə mənbəyinə çevrilib.
Qısa statistika da dediklərimizi təsdiq edir.
Bir neçə gün əvvəl qruplaşma Səudiyyə Ərəbistanında Aşura mərasimi keçirən şiələrə hücum edib və 7 nəfəri öldürüb. “Frans-Press” Agentliyinin paytaxt əl-Riyaddan verdiyi xəbərdə deyilir ki, Səudiyyə Ərəbistanının hakim dairələri İŞİD-in sifarişi ilə Qərb vətəndaşını güllələyən 3 nəfərlik qrupu həbs edib. Daxili İşlər Nazirliyinin mətbuat katibi Mənsur əl-Türki bildirib terrora məruz qalan şəxs çiynindən və sinəsindən güllə yarası alıb.
Daxili İşlər Nazirliyinin mətbuat katibi Mənsur əl-Türki deyib ki, maşını sürən də, silahdan atəş açan da, prosesi lentə alan da həbs olunub. O da məlum olub ki, terrorçular bu sui-qəsdi həyata keçirmək üçün 2 həftə məşq ediblər.
Qeyd edək ki, bu hadisədən 1 həftə öncə isə Səudiyyə Ərəbistanında bazarlıq edən kanadalı terrora məruz qalıb, onu bıçaqlayıblar. Ehtimal olunur ki, hər iki ölkə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın üzvləri olduğu üçün baş verənlər terrorçu qruplaşmanın qisas əməliyyatıdır. İŞİD lideri Əbu Bəkir əl-Bağdadi bəyan edib ki, Səudiyyə Ərəbistanı bundan sonra əmin-amanlıq və təhlükəsizliyinin hökm sürdüyü ölkə olmayacaq.
Bu hadisələr göstərir ki, artıq İŞİD liderlərinin “əli” kənar ölkələrə də çatır və bu cür ölkələrdə terror aktları üçün “düyməyə basıla” bilər. Ötən illərdə “əl-Qaidə” təcrübəsi də göstərdi ki, müasir texnologiya vasitələri ilə əlaqə qurulan terrorçular özlərinin xain planlarını həyata keçirənədək “maskalanırlar”. Neçə vaxtdır dinc respublikaya çevrilən Çeçenistanda ötən həftə gözlənilmədən baş verən terror olaylar da göstərdi ki, bu kimi radikal qruplaşmalar istənilən an hərəkətə gəlməyə hazırdırlar. Analoji təhlükə Azərbaycan və bütövlükdə Qafqaz regionu üçün də realdır. Radikal təşkilat yaradılandan bəri Azərbaycanın adının da İŞİD-in hədəf aldığı ölkələr sırasında çəkilib.
Son illərdə baş verən bir sıra olaylar da göstərir ki, inkişaf etməkdə olan Azərbaycan radikal islamçı təkfirçi qrupların hədəfindədir. Terrorçular hətta bir neçə dəfə Azərbaycanda da hücumlar həyata keçirməyə cəhd ediblər. 2007-ci ildə radikalların hərbi hissələrdən birində posta hücum edərək əsgərlərin silahını oğurlaması faktı qeydə alınmışdı. Sonuncu dəfə isə 2012-ci ildə terrorçular ölkənin bir neçə bölgəsində fəallaşmışdılar və hüquq-mühafizə orqanları ilə silahlı qarşıdurmadan belə çəkinməmişdilər.
“Yeni Müsavat” məhz bu təhlükələri önləmək üçün MTN, DİN və Respublika Prokurorluğunda şərti olaraq “antiİŞİD” adlandırılan birgə qrupun yaradılması barədə ötən ay məlumat dərc etmişdi. Həmin məlumatda bildirilirdi ki, MTN-in Antiterror İdarəsinin koordinasiya ilə Bakıda və digər bölgələrdə müxtəlif dini cərəyanlarla təmasları olan şəxsləri, eləcə də onların çevrələrini ciddi nəzarətə alıb.
Rəsmilər “antiİŞİD” qrupunun yaradılması ilə bağlı xəbərləri nə təsdiq, nə də təkzib etsə də, milli maraqları təhdid edən istənilən təhlükəni önləmək üçün zəruri addımların atıldığını bəyan etmişdilər. Son aylar MTN-in keçirdiyi şok əməliyyat nəticəsində ümumilikdə 26 nəfər həbs edilib ki, onlara təkcə silahlı birləşmələr yaratmaqda deyil, eləcə də onların fəaliyyətində iştirak etmə, silahla, partlayıcı maddələrlə, hətta hərbi texnika ilə təmin etmə kimi ağır ittihamlar verilib. Araşdırmalar zamanı məlum olmuşdu ki, əməliyyat nəticəsində ələ keçənlər təkcə İŞİD-in deyil, “Təhriki Taliban” və “Seyfullah” kimi radikal dini qruplaşmaların tərkibində döyüşənlərdir.
Məlumata görə, son günlər Azərbaycandakı radikal qruplaşmalar yenidən fəallaşmağa çalışırlar. Belə ki son illərdə daha çox Suriya və İraqa döyüşməyə gedən təkfirçi qrupların tərəfdarları paytaxtdan bir neçə kilometr şimalda yerləşən Sumqayıtda təşkilatlanmağa başlayıb. Sumqayıtda İraq-Şam İslam Dövləti (İŞİD) adlanan qruplaşmanın “işartıları” olması yeni xəbər deyil. Bir müddət əvvəl Sumqayıtda İŞİD-ə aid bayraqlara bənzəyən yapışqanların, eləcə də qara bayraqlar xatırladan pərdələrin avtomobillərin arxa şüşələrinə vurulması faktları üzə çıxmışdı.
(Zəruru qeyd: İŞİD-in bayrağı qara parçanın üzərində yuxarıda “La ilahə illəllah” (“Allahdan başqa Allah yoxdur”) yazısı, ortada isə ağ dairəvi fonda ərəbcə “Allahın rəsulu Məhəmməd” (s.ə.s) (və ya “Muhəmmədən Rəsulallah” yazı əks olunub).
Noyabrın 12-də isə Sumqayıtda sələfilərin lideri Zöhrab Şıxəliyev həbs edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun üzərindən “Valter” tapança aşkarlanıb, mədrəsə kimi istifadə etdiyi evdən isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron və 6 ədəd partladıcı detonator, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk aşkar edilib.
“Yeni Müsavat”a verilən bilgilərə görə, Sumqayıtda böyük şəbəkə yaradan radikallar şəhərə silah toplamağa çalışırlar. Məlumatlarda radikalların müxtəlif vasitələrlə silah alaraq Sumqayıta gətirmək istədikləri bildirilir. O da məlum olub ki, bu proses hüquq-mühafizə orqanları tərəfindən ciddi izlənilir və istisna deyil ki, yaxın günlərdə hüquq-mühafizə orqanları bununla bağlı geniş əməliyyat keçirsinlər. Qaynağımızın xəbərinə görə, hansısa səbəblərdən silahlanma prosesini qarşısını tamamilə dayandırmaq da mümkün olmur. Mənbəmizi ehtimal edir ki, “ola bilsin, bu məsələdə hökumət orqanlarına sızmış(?!) radikal dindarların rolu var”.
Sumqayıtda radikal dini cərəyanların “özəkləri” olduğu barədə məlumatlar da yeni deyil və bu şəhərdəki vəziyyət hökumət dairələrinə də yaxşı məlumdur. 2008-ci ildə “Meşə Qardaşları” adlı qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı Sumqayıtda məskunlaşmış ərəb mənşəli bir şəxs də daxil olmaqla bir neçə nəfər həbs olunmuşdu.
Bir il əvvəl-ötən ilin dekabr ayının 11-də Sumqayıtda sələfilərlər xəvaric adlandırdıqları qruplar arasında silahlı insident baş vermişdi. Ötən ay isə şəhərdə keçirilən əməliyyat zamanı radikal dindarlardan birindən silah götürülüb.
Xəbərləri qəzetimizə şərh edən təhlükəsizlik üzrə ekspert təkcə Sumqayıtda deyil, digər iri şəhərlərdə də, eləcə də paytaxt Bakıda yaxın aylarda dini radikallara qarşı əməliyyatın genişlənəcəyi qənaətindədir. Ekspert bunu həm də Bakıda keçiriləcək olimpiya oyunları ilə birbaşa əlaqəsi olduğu qənaətindədir.