Azərbaycanda dünyanın ən zəhərli balığı satılır! (FOTO)

13-12-2014, 12:01   
Azərbaycanda dünyanın ən zəhərli balığı satılır! (FOTO)Yolçu Xanvəli: “Əgər bu balığı yeyib səhhətində problem yaranan insanlar varsa, bizə müraciət etsin”
Eyyub Hüseynov: “Bu balıq növü Rusiya vasitəsi ilə ölkəmizə idxal olunur və çox təhlükəlidir”




Avropa və Amerikada Panqasius balığının qida məhsulu kimi istifadə olunması qadağandır. Buna səbəb isə bu balıqların tərkibində sənaye tullantıları, mərgümüş, toksik maddələr, polixrolin bifenil, metavbolit, heksaxloritloheksangen və heklaxlorbenzol kimi zəhərli maddələrin olmasıdır. Panqasiusu dünyanın ən zəhərli balığı hesab etmək olar. Avropa və Amerikada satışı və yeyilməsi qadağan edilən bu balığa paytaxtımızın istənilən mağazasında rast gəlmək mümkündür.

Qeyd edək ki, bu balıqların vətəni Vyetnamın Mekonq çayındır. Bu çay Yer kürəsinin ən çox çirklənən çaylarından sayılan Mekonq kanalizasiya sularının, mineral gübrələrin, dəri, yaxud kimya zavodlarının tullantılarının geniş axıdıldığı çaylardan hesab olunur. Panqasius bir çox ölkələrdə qadağan olunduğu üçün bəzi biznesmenlər gizli yollarla bu balığı ayrı-ayrı balıq məhsullarının tərkibinə daxil edirlər. Onun böyüməsi və çoxalması üçün Vyetnamdan bəzi hormonlar gətirilir və bu balıqlara müxtəlif üsullarla yerləşdirilir. Avropada məhsulların tərkibini araşdıran qurumlar dəfələrlə balıqlara yerləşdirilən hormonların tərkibi haqda məlumat istəsələr də Vyetnam bu məlumatları verməkdən imtina edib. Bu isə şübhələri daha da artırır. Bütün bu şübhələr isə Azərbaycan əhalisi arasında narahatlıq yaradıb. Biz də paytaxtda fəaliyyət göstərən bir neçə marketə baş çəkib Panqasisus balığının satışda olub olmaması ilə maraqlandıq. “Neftçilər” metro stansiyası yaxınlığındakı marketdə bu balıqlar okean balığı adı ilə həm açıq, həm də sellofan torbada dondurulmuş halda satılırdı. Qiyməti isə 4 manat 50 qəpiyə idi. Satıcının diqqətinə balıq haqda deyilənləri çatdırdıqda o, balığın kifayət qədər alıcısı olduğunu, bu günə qədər də bir şikayət almadıqlarını dedi. Balıq haqdakı məlumatları da ilk dəfə eşitdiyini deyən satıcı balığın digərlərindən həddən artıq yağlı olması ilə fərqləndiyini bildirdi. Qeyd edək ki, “okean balığı” adı altında təklif olunan Panqasius yalnız paytaxtda deyil, həm də Azərbaycanın rayonlarında da satılır. Balığın vətəni olan Vyetnamda isə Panqasius balığının bir dənəsini bizim pulla təxminən 50 qəpiyə satılır. Dünyanın ən zəhərli balığının Azərbaycana necə, hansı yollarla gətirildiyini öyrənmək üçün Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə telefon əlaqəsi saxladıq. Y.Xanvəli bu balıqlarda insan üçün hansısa bir zərərli maddənin olmadığını dedi: “Vyetnamdan bizə balıq gətirilir və satışda var. Bir müddət əvvəl həmin balıqla əlaqədar yenə də belə bir söhbət yaranmışdı. Bizə o balıqların gətirilməsi haqda müraciət olunmuşdu. Biz həmin balıqlardan nümunələr götürərək həm Respublika Baytarlıq Laboratoriyasında, həm də Türkiyənin Baytarlıq Laboratoriyasında müxtəlif istiqamətlərdə yoxlanılıb. Nəticə olaraq da insan üçün heç bir təhlükə olmadığı müəyyən edilib. Biz bundan sonra həmin balığın gətirilməsinə icazə vermişik. Bu balıqdan hər hansısa bir zəhərlənmə faktı olsaydı, hər halda Səhiyyə orqanları bizə müraciət edərdi. Bizdə bu haqda heç bir müraciət yoxdur. Əgər bu balığı yeyib səhhətində problem yaranan insanlar varsa, bizə müraciət etsinlər. Biz də bir daha bu məsələni qaldıraq və Panqasius balığının beynəlxalq səviyyədə müayinəsinin aparılmasını təşkil edək, lazımı addımları ataq. Biz bu məhsulların sağlamlığına cavabdeh olduğumuza görə yenə də qeyd edim ki, öz laboratoriyamızda yoxlamaqla yanaşı, Türkiyədə də yoxlatdıq, bu məhsulun insan sağlamlığı üçü heç bir təhlükəsi yoxdur”.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bu balığın Rusiya vasitəsi ilə ölkəmizə idxal olunduğunu bildirdi: “Bu balıq növü Rusiya vasitəsi ilə ölkəmizə idxal olunur. Azad İstehlakçılar Birliyi yaxın vaxtlarda bununla bağlı müəyyən işlər aparacaq. Təəssüf ki, Azərbaycanda bütün mallara yaxşı deyilir və qəbul edilir. Lakin həmin məhsulun gətirildiyi yer, mənbə araşdırılmır. Ona görə də bugünkü gündə bu cür problemlər meydana çıxır. Yəqin ki, bu sahədə Azərbaycan ekspertiza orqanları iş aparacaq və bu balığın satışının qarşısı alacaq. Çünki mənbələr göstərir ki, bu çox təhlükəli balıqdır. Azərbaycanda normal ekspertiza olmadığında və hər şeyə sertifikat verildiyi üçün bu gün bazarda belə balıqlar mövcuddur. Biz istehlakçılar arasında iş aparmalıyıq ki, bu balıq boykot edilsin, alınmasın ki, bazardan çıxsın”.
Balıq zəhərlənməsinin insan orqanizminə dərhal və ya tədricən təsir edib etmədiyini öyrənmək üçün isə tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. A.Qeybulla bunun qidanın tərkibində olan toksidlərin gücündən asılı olduğunu dedi: “Balıqların içərisində zəhərliləri də ola bilər. Bəzi heyvanlarda olan toksid maddələr qoruma vasitəsi kimi meydana çıxıb. Bu uzun müddət ərzində formalaşan bir prosesdir. Müəyyən toksid maddələr orqanizmə düşdükdən sonra onu tədricən də sıradan çıxara bilər, dərhal ölümə də səbəb ola bilər. Məsələn ilan zəhəri qana düşdükdə zəhərin növündən asılı olaraq hedyahemalitik ya da neyroparalitik təsir göstərir və insan qısa bir müddətdə öldürür. Amma bu zəhər ağız boşluğuna düşdükdə qana keçmədiyi üçün ola bilsin ki, heç bir təsir etməsin. Elə zəhərlər var ki, ağız boşluğuna düşərək dərhal ölümə gətirib çıxarır. Yəni bu toksid maddələri növündən asılı olaraq orqanizmə göstərdiyi təsir də müxtəlif olur. Təbii ki, bu toksid maddəni daşıyan heyvanda toksid maddənin orqanizmdə törətdiyi dəyişiklik kimi hərəkət edir”.



Günel MANAFLI
Fotolar müəllifindir
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.