“ABŞ-ın Azərbaycanla heç bir işi yoxdur, ABŞ günahkar deyil ki, Azərbaycan da neft ölkəsidir və bu prosesdə onun da nefti ucuzlaşır!”
Görən bu ölkə hara gedir? Bu qovhaqovda, qaçhaqaçda bizə nə vəd olunub? Səhərdən axşamacan biri-birimizin sözünü kəsə-kəsə, dabanını tapdaya-tapdaya elə hey Qərbin, ABŞ-ın ardınca deyinirik!.. Heç olmasa, Amerika dövlətinin adının abreviaturasını düzgün tələffüz etsəydik dərd yarıydı, onu da çox özünəməxsus tərzdə, xüsusi əda ilə deyirik...
Bir neçə adam “vseznayka”, bütün məsələlər üzrə ekspert olub. Haradan soruşursan tapança kimi açılırlar... Mən hakimiyyətdəkiləri yaxşı başa düşürəm. Başa düşürəm ki, onlar ABŞ-dan yaman acıqlıdırlar. Ona görə onları qınamıram, kişilər sözün əsl mənasında siyasi və iqtisadi bizneslə məşğuldurlar...
İndi ABŞ onların siyasi biznesi üçün böyük təhlükə yaradıb, neftin qiymətini aşağı salıb. Bunun hansı siyasi nəticələri ola bilər, bu haqda bir qədər sonra öz mülahizələrimi yazacam...
Amma onlar təkcə neftə görə ABŞ-dan acıqlı deyillər. Bu adamlar ölkənin sayılan-seçilən ictimai və siyasi fəallarını həbs edib, məhbəsə atıblar. Bilirlər ki, ABŞ strukturları buna biganə qalmayacaq, ona görə də “qara məni basınca qoy, mən qaranı basım” fəlsəfəsi ilə düşüblər ABŞ-ın üstünə...
Amma bu “vseznayka”lara nə düşüb, bax, bunu bilmirəm. Onsuz da süfrənin qırağında həmişə nəsə qalacaq, çünki bizim hakimiyyətdəkilərin süfrəsi heç vaxt kasad olmaz...
Demirəm ki, mən son günlərdə ABŞ–da gedən proseslərdən tamam məmnunam. Əsla. Qaradərililərin də problemlərini başa düşürəm, işgəncə verilən insanları da...
Amma bütün bunları amerikalıların özləri açıb-tökürlər. Əgər konqresmenlər işgəncə faktlarını açmasaydılar biz bunu haradan bilərdik?
Ona görə də Roma papasından artıq xristian olmağa çalışmaq bir qədər gülünc görünür desəm, güman ki, yanılmaram...
Gələk, mətləbin üstünə. Soyuq müharibə olacaq, olmayacaq, bunu hələ heç kim dəqiq bilmir. Amma müharibə olmasa da artıq gərgin çəkişmə gedir və bu çəkişmədə əsas və yeganə hədəf Rusiyadır...
Amma bütün neft ölkələri bu qovğadan yaman itirəcək. O cümlədən də bizim Azərbaycan.
Sadəcə, yaxşı bilmək lazımdır ki, ABŞ-ın Azərbaycanla heç bir işi yoxdur, ABŞ günahkar deyil ki, Azərbaycan da neft ölkəsidir və bu prosesdə onun da nefti ucuzlaşır!
Büdcə qəbul olunarkən hökumət dedi ki, əgər neftin qiyməti 60 dollar civarında qalsa, onlar milli iqtisadiyyatı tənzimləyə biləcəklər. Amma birdən bu hədd də keçildi, onda nə olacaq?
Bax, hökuməti də düşündürən budur. O vaxt bunların neft strategiyasının necə böyük bir blef olduğu hamıya aydın olacaq. Hətta ola bilsin ki, biz növbəti kataklizmlər yaşamalı olduq. Ölkə iqtisadiyyatı ləngər vursa, ehtimal ki, sosial etirazlar da baş qaldıracaq...
Hakimiyyəti qorxudan da elə budur. Bizə gəldikdə isə, bəlkə bu vaxta qədər barəsində yalnız eyhamla danışılan “X günü”nü görmək nəsib oldu bizlərə? O səbəbdən də siyasətdən uzaqlaşmaq proseslərini bir az səngitmək lazımdır...
Birdən nəsə olar və biz gəmidən kənarda qalarıq...
Təbii ki, son cümlələr bir qədər zarafat tonundadır. Hələ heç kim getməyib ki, kimsə onun yerinə iddialı olsun. Biz yalnız ehtimaldan danışırıq...
Demək istədiyimiz odur ki, prinsip etibarilə nəsə ola bilər. Ən başlıcası isə bu, çox yaxın müddətdə aydın olacaq. Bəs yaxın müddətdə bizi nə gözləyir? Təbii ki, növbəti parlament seçkiləri...
Kim bilir, bəlkə bu parlament seçkisi bizim üçün həlledici olacaq? Hər halda, ən ağlagəlməz hadisələrin belə bir başvermə ehtimalı olur. “X günü” də belə bir hadisələrdəndir...
Hərçənd, bizim müxalifət düşərgəsi indi elə bir hala qalıb ki, ondan nəsə fayda götürmək haqqında düşünmək bir toyuqdan bir dəfəyə on yumurta almağa çalışmaq kimidir. Amma nə etmək olar? Başqası da yoxdur...
“Vseznayka”ları da dil-dil ötməyə vadar edən elə budur. Onlar da bilir ki, müxalifət elə bir gündədir ki, nə baş verirsə-versin, bu hakimiyyət sükanı heç kimə verməyəcək...
Nə demək olar? Müəyyən mənada haqlıdırlar. Ona görə ki, hakimiyyətə gəlməyi də bacarmaq lazımdır. Amma nə edəsən ki, ortada başqa müxalifət də yoxdur...
O ki qaldı bu məşhur “X günü”nə, hakimiyyətin çətin günləri olacaq. Buna zərrə qədər də şübhəniz olmasın. Başqa cür necə ola bilər ki? Çətin günləri və ağrı-acıları yaşamaq təkcə bizim alnımıza yazılmayıb ki...
Yazar : Hüseynbala Səlimov