İqtidarın "dialoq" tamaşası

14-12-2014, 11:47   
İqtidarın "dialoq" tamaşası
Müsavatın ideyası, "Yeni Müsavat"ın media dəstəyi ilə baş tutan "maskarad" iflasla bitdi


Dekabrın 13-də Prezident Administrasiyasnın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla bir qrup siyasi partiya nümayəndəsinin görüşü baş tutub. Görüşdə Sərdar Cəlaloğlu (ADP), Fuad Əliyev (LDP), Mirmahmud Mirəlioğlu (KXCP), Fazil Mustafa (BQP), Asim Mollazadə (ADİP), Əli Әliyev (VİP), Elşad Musayev (BAP), İqbal Ağazadə (Ümid), Tahir Kərimli ( Vəhdət), Əhməd Oruc (AP), Yusif Bağırzadə (AMİP), Fərəc Quliyev (MDHP) və bu qəbildən olan bir neçə başqa şəxslər iştirak edib.



Gözlənildiyi kimi, bu toplantı ictimai rəydə hec bir ciddi marağa səbəb olmadı. Hətta bu görüş sosial şəbəkələrdə gülüş hədəfinə çevrildi, görüşün informasiya dəstəyini üzərinə götürən "Yeni Müsavat" qəzeti belə, görüş haqqında ciddi rəy formalaşdırmağı bacarmadı. Dialoq təşəbbüskarı kimi çıxış edən Pənah Hüseyn və bu ideyanı müdafə edən Müsavat Partiyası isə ictimai rəyi əvvəlcədən bilərək, görüşə qatılmağdan imtina etdi. Müsavat partiyasından görüşə qatılmamalarına müəyyən izah versələr də, dialoq təşəbbüsünün müəllifi Pənah Hüseyn görüşdən imtina səbəblərini hələlik izah etməyib. Hər halda ictimai rəydə gülüş hədəfinə çevirilən görüş iştirakçılarından bəziləri əsas təşəbbüskardan atdığı addıma görə izahat tələb edəcəklər. Təbii ki, görüşə qatılanların hakimiyyətə münasibət və sosial baza baxımından ciddi fərqi olmasa da, bəziləri hələ də müəyyən imitasiya imkanlarını saxlamışdılar ki, onu da Pənah Hüseynin dialoq ideyasına qurban verməli oldular.



Dialoq oyunu onlara tabe olmayan partiyalara, jurnalistlərə, vətəndaş cəmiyyətinə düşmən münasibəti bəsləyən hakimiyyəti də pis vəzəiyyətə salıb. Özünü sülhpərvər, dialoq tərəfdarı, qanuni siyasi hakimiyyət kimi təqdim etmək istəyən hakimiyyət, görüşün davam etdiyi saatlarda Avropa Parlamentdindən tanınmış jurnalist Xədicə İsmayılın həbsilə bağlı bəyanat aldı. Müxtəlif beynəlxalq təşkilatlardan, dövlətlərdən Azərbaycan hakimiyyətindən vətəndaşlarına, qanunun aliliyinə hörmət tələb olunduğu və bu tələblərin hər gün daha intensiv və sərt xarakter aldığı bir vaxtda dünya ictimaiyyətini belə gülüş doğuran addımlarla aldatmaq əlbəttə ki, mümkün deyil. İctimaiyyətinin gülüş hədəfinə çevrilən bu adamlarla siyasi məhbus məsələsini, seçki islahatlarını, ciddi sosial problemləri müzakirəyə çıxartmaq həm də Azərbaycan vətəndaşlarına hörmətsizlikdir. Çünki bu adamlar müzakirəyə çıxartıdğları problemlərin mənbəyi olan hakimiyyəti addımlarına görə nəinki bir dəfə tənqid ediblər, əksinə, bir çoxu xalqın zorlanan iradəsi qarşılığında 5 illik palament mandatına görə müzakirəyə çıxarılan problemlərin həm də dəstəkçisi olublar. Heç şübhəsiz ki, dialoq ehtirası ilə alışıb yanan bu adamların əsas istəyi müzakirə etdikləri problemlərin həlli yox, 2015-ci il 1 noyabr seçkilərinə hazırlıqdır. Məhz bu hazırlıq prosesinin davam etdirilməsi üçün görüşlərin mütamadi keçirilməsi də qərara alınıb.




"İqtidar-müxalifət" adına təşkil olunan bu "dialoq tamaşası" haqqında AXCP sədrinin müavini Fuad Qəhrəmanlının facebook statusunu fərqləndirməmək mümkün deyil. Qəhrəmanlı daha çox Әli Həsənovun qəbuluna oxşayan bu görüşün mahiyyətini dəqiq izah edir:



"Nə qədər pardoksal görünsə də, bu gün müxalifətin iştirakı olmadan iqtidar- "müxalifət" dialoqu keçirilib. Bu günkü görüşdə müxalifət adından iştirak edənlərin heç biri müxalifəti təmsil etmirdilər.

Dialoqun əhəmiyyəti və zəruriliyi o zaman olur ki, hakimiyyətlə ona müxalif olan kəsimlər arasında konfliktləri və qarşıdurmanı aradana qaldırmaq, riskləri önləmək üçün müzakirələr aparılsın.

Əgər görüşdə müxalifət adından iştirak edənlər heç bir ciddi siyasi struktura və elektorota sahib deyillərsə, cəmiyyətdə müxalifətçi kimi qəbul edilmirlərsə, o zaman onlarla keçirilən görüşün də heç bir siyasi əhəmiyyəti yoxdur və bu sadəcə, dialoqun imitasiyasıdır. Bu tipli "siyasi maskardlardan" hər həftə keçirmək olar, ancaq bunun iqtidar-müxalifət münasibətlərinə heç bir təsiri olmaz.

Hakimiyyət real müxalifət partiyasına qarşı represiya və təzyiqləri davam etdirirsə, demək iqtidarın səmimi dialoq niyyəti yoxdur. Ona görə də iqtidar real müxalifətlə deyil, "siyasi genetikası" dəyişdirilmiş saxta müxalifətlə dialoq tamaşası qurur ki, beynəlxalq aləmi və xalqı aldatsın. Bu yolla özünün konstruktiv, müzakirəyə açıq, tolerant obrazını yaratmaq istəyir.

Yox, əgər belə deyilsə, hakimiyyət siyasi məhbusları azad etməklə, represiyalara son verməklə real müxalifətlə dialoqa hazır olduğunu göstərə bilər".

Xalid
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.