İŞİD-in hələ də duruş gətirməsinin üç mühüm səbəbi

15-12-2014, 10:15   
İŞİD-in hələ də duruş gətirməsinin üç mühüm səbəbi
Son aylarda aldığı davamlı zərbələrə rəğmən, qruplaşmanın güclü olmasının arxasında bir sıra ilginc məqamlar dayanır...

Son 3 ayda davamlı olaraq havadan və qurudan hücumlara məruz qalmasına baxmayaraq İŞİD İraqda irəliləməkdə davam edir. İki gün əvvəl ölkənin ən böyük əyalətlərindən biri olan Ənbarda qruplaşma əl-Vəfa şəhərini ələ keçirib. O da məlum olub ki, hazırda Ənbar əyaləti ərazisinin 80 faizi İŞİD-in nəzarəti altındadır.

Qeyd edək ki, hazırda İŞİD-ə qarşı İraqda həm sünni, həm də şiə qəbilələri könüllü özünümüdafiə qrupları yaradır. Hökumət müəyyən qədər ehtiyat etsə də, din alimlərinin də müraciətindən sonra tayfaların silahlandırılmasına icazə verib. Çünki hazırda İraq ərazisinin böyük bir qismi terror təşkilatlarının nəzarəti altındadır və təhlükə getdikcə daha böyüyür.



Bu arada məlum olub ki, İraq ordusu ölkənin ikinci böyük şəhəri olan Mosulu azad etmək üçün əməliyyat hazırlayır. Bu barədə “əl-Cəzirə” telekanalına müsahibəsi zamanı İraqın maliyyə naziri Xoşyar Zəbari məlumat verib. X.Zəbari bildirib ki, iyun ayında ordu qüvvələrinin pərakəndəliyi və Mosul valisinin xəyanəti nəticəsində İŞİD-in nəzarətinə keçmiş şəhəri geri almaq üçün İraq ordusu və koalisiya qüvvələri arasında koordinasiyalı bir əməliyyat keçirilməlidir. İraq ordusunun artıq əməliyyat hazırlıqlarına başlatdığını qeyd edən nazir İŞİD-ə qarşı müharibənin 30 il davam edə biləcəyi ilə bağlı fikirlərə də etiraz edib. Zəbari bildirib ki, İŞİD-ə qarşı savaş “o qədər də uzun sürməyəcək”.
“əl-Cəzirə” xəbər verir ki, İŞİD-ə qarşı geniş bir əməliyyatın başlayacağı ilə bağlı bir qədər əvvəl İraq rəsmiləri ilə yanaşı ABŞ müdafiə naziri Çak Hagel də açıqlama verib. Bağdada gələn Hagel ölkə rəhbərliyi, o cümlədən baş nazir Heydər əl-İbadi və müdafiə naziri Xalid Ubeydi ilə görüşü zamanı bu mövzu müzakirə olunub.



İraqın maliyyə naziri bildirib ki, İŞİD-ə qarşı mübarizədə yetərli qədər olmasa da, müəyyən qədər maliyyə imkanları var. Zəbari onu da bildirib ki, 2015-ci il dövlət büdcəsində terrorla mübarizə çərçivəsində hərbi xərclər büdcənin 22 faizini təşkil edəcək.
Yeri gəlmişkən, ABŞ hökuməti də gələnilki dövlət büdcəsində İŞİD-ə və ümumiyyətlə, dünyada terrorizmə qarşı mübarizəyə 64 milyard dollar vəsait ayırıb. Artıq prezident Barak Obama yeni büdcəni təsdiqləyib. Bu faktın özü onu göstərir ki, gələn il dünyada terrorizmə qarşı böyük müharibə davam edəcək. Mütəxəssislər isə bu rəqəmin daha da artacağını qeyd edir.

Son hücum əməliyyatları da göstərir ki, İraqda İŞİD-ə qarşı davam edən döyüşlərə və verdiyi çoxsaylı itkilərə, həmçinin dünyada ona qarşı səfərbərlik elan olunmasına baxmayaraq, qruplaşma hələ də çox güclüdür və savaşmaqda davam edir.
Müşahidəçilər isə bunu bir neçə səbəblə izah edir. Birincisi, İraq mərkəzi hökuməti içdən xeyli korrupsiyalaşmış və möhkəm olmadığı üçün İŞİD-ə qarşı effektiv mübarizə apara bilmir. Yeni hökumət qurulduqdan sonra ordu komandanlığının bütövlükdə istefaya göndərilməsi, 50 min hərbçinin yalnız siyahıda mövcud olması kimi üzə çıxan faktlar, eləcə də bir sıra əyalət rəhbərlərinin satılması faktları mübarizənin effektini azaldır.
İkinci mühüm amil, bir sıra region ölkələrinin İŞİD-in mövcudluğunda, bu qruplaşmanın bölgədə siyasi situasiyanın mərkəzi hadisəsinə çevrilməsində maraqlı olmasıdır. İŞİD-in güclü olduğu bölgələr İraq və Suriyadır. Hər iki ölkənin zəifləyərək sıradan çıxması bir sıra qüvvələrin marağındadır. Bu səbəbdən də bir sıra böyük dövlətlər İŞİD-in tamamilə məhv olması deyil, yalnız nəzarət altına alınmasında maraqlıdırlar. Bu isə “cihad” ideologiyasına köklənmiş qruplaşmanın davam gətirməsi və hətta böyüməsini şərtləndirən əsas amildir.

Daha bir mühüm məqam Səddam Hüseyn ordusunun qalıqlarının cəlb olunması, eləcə də ələ keçirdiyi neft yataqları vasitəsilə böyük məbləğdə pullara sahib olan qruplaşmanın maddi-texniki, o cümlədən hərbi gücünü qorumağa qadir olmasıdır. Bu səbəbdən yaxın dövrdə bölgədəki maraqlı dövlətlərin siyasi kurslarında ciddi dəyişiklik olmayacağı təqdirdə bu qruplaşma hələ bir müddət öz varlığını davam etdirə biləcək.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.