“Samur Həsənov cinayəti törədən 9 nəfərdən biridir”
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə bu il iyulun 12-də Biləcəri qəsəbəsində baş verən qanlı olay araşdırılır. Hadisə baş verən gün peşəkar boksçu, 1978-ci il təvəllüdlü Samur Həsənov 1981-ci il təvəllüdlü Fərid və onun qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar Həsənovlara şəxsi münasibətlər zəmində bıçaq xəsarəti yetirib.
Aldığı xəsarətlərdən F.Həsənov dünyasını dəyişib, qardaşı isə həkimlərin səyi nəticəsində sağ qalıb. Qanlı cinayətin ilk gündən araşdırılması Həsənov qardaşlarının yaxınlarını qane etməyib. Onlar təqsirləndirilən şəxs qismində S.Həsənovdan savayı daha 8 nəfərin istintaqa cəlb edilməli olduğunu bildirirlər: “Onları vuranlar 9 nəfər olub. Samur Həsənov cinayəti törədən 9 nəfərdən biridir. O, cinayəti onunla bərabər törədənləri istintaqdan yayındırmaq üçün susur. Cinayəti öz üstünə götürür. Onun dostları Fəridin və Şəhriyarın qollarını tutublar və bıçaqla vurublar. Bunu tək Samur eləməyib. Onlara vurulan bıçaqların fərqli olması da bədənlərindəki yaralardan açıq-aydın bilinirdi. Orada azı iki bıçaq olub. Bunu ekspertiza da təyin etmişdi. Bu hadisə Biləcəri parkında yerləşən kameranın altında baş verib. Orada işıqlar gur yanır. Yəni hadisə gecə baş verməsinə baxmayaraq orada kimlər iştirak edib, kim-kimi vurub kameraya düşüb. Sadəcə, bu cinayətin üstünü açmaq istəmədilər. Şəhriyara bıçaq vuranlar Eldar, Mehdi və Zamiq hazırda işdə şahid qismində keçirlər. Fəridi də bunlar şah damarından vurublar. Şəhriyara da həmin uzun bıçaqla boğazının altından vurublar. Bıçaq dişlərini sındıraraq ağzından çıxıb. Amma ekspertiza bunu yazmayıb. Bu gün də Şəhriyarın yan dişləri yoxdur. Bunu ekspertə də göstərib, amma ekspert yazmayıb. Xəsarətləri gizlədirlər. Bu qədər haqsızlıq olar?”
Həsənovların yaxınları deyir ki, iş ört-basdır olunur: “Samurdan sadəcə, bir ifadə alıb işə tikiblər ki, guya cinayəti o, tək törədib. Bununla cinayətin qrup şəkilində törədilməsini gizlədiblər. Məqsədləri də budur ki, sonradan Samuru açıb buraxdırsınlar. Şəhriyarı vuranlar işdə şahid kimi keçirlər”.
İttihama görə, Samur Həsənov 2014-cü il, iyul ayının 12-də gecə saatlarında Şəhriyar Həsənovla əvvəllər aralarında yaranmış ədavəti aydınlaşdırmaq üçün onu görüşə çağırıb. Biləcəri qəsəbəsindəki “Meydan” yaxınlığında görüşdükləri zaman Şəhriyar Həsənov Samura pnevmatik silahdan 5 dəfə atəş açıb. Şəhriyarın qardaşı Fərid Həsənov isə Samuru vurmaq istədikdə sonuncu ov bıçağı ilə Fəridin boyun nahiyəsinə xəsarət yetirib. Daha sonra isə Şəhriyarı bıçaqla vurub. Hadisə yerində olan şəxslərdən biri onları aralayıb. Fərid aldığı xəsarətdən dünyasını dəyişib, Şəhriyar isə həkimlərin səyi nəticəsində sağ qalıb.
Məhkəmə prosesi dekabrın 24-də davam etdiriləcək.
E.HÜSEYNOV