İcra başçısı şöbə müdirinin ürəyini partladıb, öldürdü -iddia

16-12-2014, 13:41   
İcra başçısı şöbə müdirinin ürəyini partladıb, öldürdü -iddiaGülbala Əsədov ölümündən əvvəl icra başçısının ona təzyiq etməsindən şikayətlənib; Baha Mikayılov: “Kürdəmirdə bütün idarə və təşkilat rəhbərlərinə güclü təzyiq var”

Dekabrın 15-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədov dünyasını dəyişib. Kürdəmirdə şöbə müdirinin ölümü ilə bağlı müxtəlif məlumatlar yayılıb. Həmin məlumatlara görə şöbə müdiri dekabrın 14-də icra başçısı Ceyhun Cəfərovla növbəti təmasdan sonra ürəyindən şikayətlənib. Ətrafındakılara icra başçısının onu infarkt həddinə gətirdiyini söyləyib. Evə getdikdən sonra isə dünyasını dəyişib. Həkimlər G.Əsədovun ürək tutmasından dünyasını dəyişdiyini təsdiqləyiblər.

Redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək üçün Müsavat Partiyasının Kürdəmir rayon təşkilatının sədr müavini Baha Mikayılovla əlaqə saxladıq. B.Mikayılov rayonda baş verənlərlə bağlı bunları söylədi: “Kürdəmirdə bütün idarə və təşkilat rəhbərlərinə güclü təzyiq var. Guya Kürdəmir rayonunun abadlaşdırılması dövlətin planı və maliyyəsi hesabınadır. Amma bu işin görülməsinə Kürdəmir rayonunda idarə və təşkilat müdirləri pul ayırır və rayonu abadlaşdırırlar, kanal, yol çəkirlər. Səhiyyə, Su, Təhsil və digər çoxsaylı idarə-təşkilatların rəhbərlərinin hər birinə yer ayrılıb və tapşırılıb ki, bu qədər yol çəkilməli, kanal qazdırmalı, ağac əkdirməlisən. Təbii ki, Gülbala Əsədov da bu tapşırıqdan kənarda qalmayıb”.



B.Mikayılov bildirib ki, dövlət idarə-təşkilat müdirlərinin gördüyü abadlıq-quruculuq işlərinə pul ayırıb. Sadəcə həmin pul ortada yoxdur: “Prezident rayona gələndə görür ki, burada abadlıq-quruculuq işləri görülüb. Kürdəmirin baş arxitektoru Sarif Əsgərov bir neçə gün əvvəl Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olundu. Sarif Əsgərovu tutandan sonra rayonda belə söhbət yayıldı ki, onunla bərabər icra başçısının müavinini, mühəndisləri, Gülbala Əsədovu da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə aparıb gətirirlər. Sarif Əsgərov Kürdəmirin Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı külli miqdarda büdcə pulunun yeyintisində ittiham olunur. Ortada milyonlar yoxdur. Sarif Əsgərov bunu özbaşına edə bilər?”

B.Mikayılov deyib ki, ölümündən bir neçə gün əvvəl G.Əsədovun saxlanılması xəbəri də yayılıb: “Hətta bir gün belə xəbər yayıldı ki, səhər tezdən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Gülbala Əsədovu aparıb. Bu məlumatın nə dərəcədə doğru-dürüst olduğunu bilmədik”.

B.Mikayılov deyib ki, Kürdəmirdə büdcə pulları dağıdılır: “Bu işlər hazırkı icra başçısının əli ilə həyata keçirilir. Kürdəmir Su İdarəsində işləyənlər gedib rayon mərkəzində bağça tikirlər. Kürdəmir məktəbləri direktorlarının başçılığı ilə məktəblərdə xadimə işləyənlər işdən sonra gedib rayon mərkəzindəki küçələri süpürürlər. İcra başçısı xadimələrə küçələri süpürtdürür. Məktəb direktorları da onların başının üstündə dayanır”.

Yada salaq ki, C.Cəfərov bu ilin aprelində Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Dekabrın 12-də isə Baş Prokurorluğun mətbuat xidməti Kürdəmir rayon Mollakənd-Axtaçı-Öylənqulu avtomobil yolunun tikintisi zamanı qanunsuzluqlara yol verilməsi barədə Hesablama Palatasından daxil olmuş materialınBaş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılması haqda xəbər yayıb.



Həmin məlumatda bildirilirdi ki, “Avtotransyol” MMC-nin sədri Əfqan Zeynalovun Kürdəmir rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memar S. Əsgərovla əlbir olub qeyd edilən avtomobil yolunun tikintisi zamanı ümumilikdə 2 milyon 161 min manat dəyərində işləri yerinə yetirmədən həmin işlərin görülməsi barədə rəsmi sənədlərə yalan məlumatlar daxil edib rəsmiləşdirərək dövlət büdcəsinin vəsaitini mənimsəmələrində, habelə öhdəsinə götürdüyü işi keyfiyyətli qaydada yerinə yetirməməsi səbəbindən avtomobil yolunun bir hissəsinin dağılması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə 143 min manat məbləğində mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Belə məlumatlar da var ki, icra başçısı onunla hesablaşmayan rayondakı idarə və təşkilat müdirlərini Hesablama Palatası vasitəsi ilə yoxlatdırmaqla qorxudur. Bu yolla müdirləri onunla hesablaşmağa məcbur edir.

E.HÜSEYNOV, musavat.com

P.S. Yazıda adı hallanan hər kəsi, o cümlədən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovu da dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.