Gəncə şəhər icra hakimiyyəti başçısının dövlətlə bahalı alış-verişi…
Mingəçevirdə qaçqınlar üçün tikilən yaşayış kompleksi yaxın vaxtlarda tam olaraq istifadəyə veriləcək. Qeyd edək, inşasına 2011-ci ilin sonunda başlanan kompleks, ümumilikdə 10 hektar ərazini əhatə edir. Şəhərcikdə 10 ədəd 9 mərtəbəli bina ilə yanaşı, 480 yerlik məktəb, 50 çarpayılıq uşaq baxçası, klub ictimai mərkəzi və inzibati bina tikilib. Ümumilikdə 502 məcburi köçkün ailəsinin yerləşdirilməsi nəzərdə tutulan mənzillərdən 36-sı bir, 259-u iki, 180-i üç, 27-si isə dörd otaqlıdır.
Onu da bildirək ki, bu binaların inşa olunduğu ərazi ilə bağlı müəyyən bilgilər dolaşmaqdadır. Bu barədə dia.az-a danışan mənbə iddia edir ki, həmin 10 hektarlıq sahənin 2 hektarı tanınmış məmurlardan birinə aid olub və bu torpaq sahəsi dövlətə olduqca baha qiymətə satılıb.
İddia edilir ki, həmin 10 hektarlıq torpaq sahəsinin 2 hektarı hazırda Gəncə şəhər ira hakimiyyətinin başçısı postunu tutan Elmar Vəliyevə aid olub. Bu torpaq sahəsini Elmar Vəliyev hələ Yevlax RİH başçısı postunu tutarkən satın alıb: «Onun bu zaman sənədləşmə işinə 20 min dollar xərci çıxmışdı və əlavə pul hansısa ünvana ödənməyib».
Amma torpaq sahəsi dövlətə olduqca baha qiymətə satılıb. Mənbənin söylədiyinə görə, Elmar Vəliyev 2 hektarlıq torpaq sahəsini dövlətə 2 milyon manata satıb.
Mənbə bildirir ki, Mingəçevirdə köhnə Avtovağzalın yaxınlığında olan bu torpaq sahəsinin müqabilində ayrılan pulları kimsə ilə bölüşməyən Elmar Vəliyevin Bakıda da böyük sahələri var: «Yəqin vaxtı çatanda həmin yerlər də baha qiymətə satılacaq»…
Yenilik.Az