Bu gün parlamentin plenar iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Nəqliyyat və Daxili İşlər nazirliklərinin diqqətini marşrut avtobuslarının törətdiyi qəzalara yönəldib. O deyib ki, Avropada bir sürücü gündə 8 saatdan artıq maşın sürə bilməz. Həmçinin sürücü qaydaları pozduğu, sürəti həddən artıq artırdığı halda, avtomatik şəkildə xüsusi cihaz işə düşür və maşın sönür.
Azərbaycandakı durumla bağlı danışarkən isə deputat sensasiyalı çıxış edib: “Əhali arasında belə məlumatlar yayılıb ki, avtobus sürücüləri 16 saat çalışır. 8 saatdan sonra sürücülər yorğunluğu hiss etməsinlər deyə, hətta narkotik maddələrdən istifadə edirlər”.
Eyni zamanda, deputat Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Ramiz Hüseynova müraciətlə avtobusların dərhal taxoqraf adlanan cihazla təmin olunmasını zəruri sayıb.
Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov ilə əlaqə saxladıq. Rəis müavinin Publika.az-a bildirdiyinə görə, sərnişindaşıma ilə məşğul olan sürücünün narkotikdən istifadə edilməsi konkret olaraq qəbuledilməzdir: “Sürücülərin hər biri səhər-səhər reysə çıxanda tibbi müayinədən keçirlər. Necə narkotik qəbul edə və 100 nəfər sərnişin apara bilər? Bu hal konkret olaraq Bakı şəhər sərnişin daşınmasında birmənalı şəkildə mümkün olan məsələ deyil”.
Sürücülərin 15-16 saat işləməsinə gəlincə isə Ə. Cəfərov deyilənlərlə razılaşmadı: “Sürücülərin 15-16 saat işləməsi halları əvvəllər sürücü çatışmazlığı ilə əlaqədar olub, amma sonra ehtiyac olduğundan 150 nəfər ehtiyat sürücü hazırlandı və sürücülər növbəli şəkildə öz işlərini davam etdirirlər. İndi belə hallar olmur”.
Rəqəmsal taxoqraflara gəlincə, rəis müavini bunun vaxtilə tətbiq olunduğunu, lakin özünü doğrultmadığını dedi: “Biz bunu tətbiq elədik, amma nədənsə alınmadı. Biz istəyirdik ki, belə bir cihaz quraşdırılsın və maşının sürət həddi 60- 80 km/saat arasında olsun. Bu isə mümkün olmadı, özünü doğrultmadı”.
Tez-tez avtobus sürücüləri ilə bağlı reydlər keçirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovdan sürücülərin narkotiklərin təsiri altında marşrutları idarə etməsi hallarına rast gəlib-gəlmədiyini soruşduq. Şöbə rəisinin Publika.az-a bildirdiyinə görə, sürücülərin spirtli içki qəbul edib sükan arxasına oturması faktları ilə qarşılaşıb: “Narkotiklərlə marşrutların idarə edilməsi faktı yadıma gəlmir, amma sükan arxasında narkotikin təsiri altında avtomobilin idarə edilməsini xatırlayıram. Marşrut sürücülərinin narkotik qəbul edib-etmədiyini tibbi ekspertlər təyin edə bilər. Gözlərinin qızartısı, yorğunluq görəndə biz şübhələnirik. Sürücü şübhə doğurduqda biz onları tibbi müayinə üçün aparırıq. Tibbi müayinə də bunu ya xüsusi texniki vasitə - üfürmək yolu ilə, ya da qan və digər analizlər vasitəsilə sübut edə bilər”.
V. Əsədov bildirib ki, sərxoşluğu yerindəcə öyrənmək üçün aparatlar olsa da, amma narkotiki mütləq tibbi müayinə ekpertizası müəyyən etməlidir. Bu da, sidikdən və ya qandan analiz götürülməklə mümkün olur.
“Sərxoş sürücüləri biz müəyyən edə bilirik. Lazım gələrsə, biz də qandan və ya sidikdən analiz götürülməsi üçün ekspertlərə müraciət edirik. Bizdə ən çox spirtli içkinin təsiri altında avtomobilin idarə edilməsi faktlarına rast gəlinir”.