Qatil həkim məhkəmədə ifşa olundu

16-12-2014, 18:31   
Qatil həkim məhkəmədə ifşa olundu

Həkim terroru nəticəsində dünyasını dəyişən tənqidçi, Bakı Slavyan Universitetinin dekanı Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən anestezioloq Firuz İbrahimovla bağlı Nəsimi Rayon Məhkəməsində proses başlayıb.

Axar.az-ın prosesdə iştirak edən əməkdaşı xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçən məhkəmə prosesində zərərçəkən tərəf Anar Niftəliyev və təqsirləndirilən şəxs Firuz İbrahimov dindirilib.

Prokuror söz alaraq Firuz İbrahimova CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham elan edildiyini bildirib.

Elnarə Tofiqqızının ölümündə təqsirli bilinən Firuz İbrahimov isə məhkəmədə çıxışı zamanı özünü səsləndirilən ittihamlar üzrə təqsirli bilmədiyini deyib.

Zərərçəkən Anar Niftəliyev anestezioloq Firuz İbrahimovla daha öncə heç bir tanışlığının olmadığını və onunla əməliyyatda iştirak edən assistent, Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin işçisi Fərəcullah İdrisov vasitəsi ilə tanış olduğunu bildirib:
“Fərəcullah İdrisov israrla bizi keçiriləcək əməliyyatın güvənli olmasına inandırdı və “Medi Sina” klinikasına gətirdi. Niyə Firuz İbrahimov bu qədər güvənli olan bir əməliyyatda yerli keyitmədən deyil, məhz narkozdan istifadə etdi? Niyə əvvəlcədən hər hansı ağırlaşdırıcı halın baş verməsini bütünlüklə inkar etdilər? Bu suallara aydınlıq gətirilməlidir”.

Təqsirləndirilən tərəfin vəkili əməliyyata girməzdən öncə mərhum Elnarə Tofiqqızının yaxınlarından əməliyyata razılıq alındığını göstərən imzalar ortaya çıxarsa da, məhkəmə prosesi zamanı bunun qeydiyyat jurnalı olduğu, əslində isə xəstənin doğmalarından heç kimi belə bir sənədə imza atmadığı təsdiqləndi.

Hakim Şəlalə Həsənova şahid ifadələrinin dinlənilməsi barədə qərar verdi və növbəti məhkəmə prosesi 2015-ci il yanvarın 7-i, saat 15:00-a təyin edildi.

Xatırladaq ki, mərhum E.Tofiqqızı ötən il sentyabrın 20-də “Medi Sina” klinikasında süd vəzi kanalının popilloması əməliyyatı zamanı həkim səhlənkarlığından dünyasını dəyişib. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda iş üzrə cinayət işi başlanılıb. Aprelin 10-da isə iş Nəsimi Prokurorluğundan alınaraq, Bakı Şəhər Prokurorluğuna, müstəntiq Vaqif Süleymanovun icraatına verilib.

Nəsimi Rayon Məhkəməsində yalnız həkimlərdən biri – anestezioloq Firuz İbrahimov CM-nin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1 (hüquqi sənədləri bilə-bilə saxtalaşdırma) maddələri ilə ittiham olunur. Prokurorluq onkoloq Mahir Məmmədov və assistent Fərəcullah İdrisovun əməllərində vergidən yayınma və dələduzluğa cəhd faktları aşkarladığından, araşdırılması üçün materiallar müvafiq olaraq Vergilər Nazirliyinin İstintaq İdarəsinə və Nəsimi Rayon Polis İdarəsinə göndərilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.