Baş Prokurorluq “Atlant”da xuliqanlıq edənlərlə bağlı açıqlama yayıb
“Atlant” istirahət mərkəzində xuliqanlıq edən şəxslər həbs ediliblər.
Baş Prokurorluğun mətbuat xidmətindənverilən məlumata görə, 1 avqust 2014-cü il tarixdə saat 24 radələrində Xaçmaz rayonunda fəaliyyət göstərən “Atlant” istirahət mərkəzində Bakı şəhər sakini Əliyev Ziya Elxan oğlunun tanışı Ağayev Vüqar İslam oğlu ilə sərxoş vəziyyətdə qrup halında içtimai qaydanı kobud sürətdə pozublar.
Onlar cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində silah qismində istifadə edilən ov tüfənginin tətbiq olunacağı hədəsilə müşayiət edilən qərəzli hərəkətlər ediblər. O cümlədən, sonuncunun diskotekanın işçisini nalayiq sözlərlə təhqir etməsində və içtimai qaydanın pozulmasının qarşısını almaq istəyən istirahət mərkəzinin mühafizəçilərinə müqavimət göstərməklə onlara xəsarət yetiriblər.
Habelə Z.Əliyevin onun qərəzli hərəkətlərinə dəstək verərək, gəzdirdiyi “Çatuş C-507” markalı ov tüfəngini nümayiş etdirib. O, atəş açacağı və istirahət mərkəzində olan şəxslərə real xəsarət yetirəcəyilə müşayiət edilən xuliqanlıq hərəkətləri törədiblər.
Onların hərəkətlərində əsaslı şübhələr olduğundan faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (Xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Z.Əliyev və V.Ağayev tutularaq istintaqa cəlb edilmiş və onlara Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsində nəzərdə tutulan ittiham elan edilməklə Səbail rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində davam etdirilir.
Qeyd edək ki, Ziya Əliyev Quba Rayon Bələdiyyəsinin sabiq sədri Elxan Əliyevin oğludur. Maraqlıdır ki, Elxan Əliyevin özü hazırda həbsdədir. O, 2012-ci ilin martında baş vermiş Quba iğtişaşlarına görə cəza çəkir.
Ziya Əliyev Binə aeroportunun polis rəisinin yaxın qohumudur.