Özbəksiz, çeçensiz qalan “Sədərək” bazarı ağır günlərini yaşayır
Dünya bazarında neftin ucuzlaşması, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar təkcə bu ölkədənin iqtisadiyyatına deyil, Azərbaycanda da müxtəlif xidmət və ticarət sahələrinə mənfi təsirini göstərməkdədir. Artıq ölkənin ən böyük ticarət mərkəzlərində durğunluq yaşanmaqdadır.
Bakının ən böyük ticarət mərkəzi olan “Sədərək” ticarət mərkəzində müxtəlif çeşidli geyim, ev əşyaları, xalça, mebel, tikinti materialları və sair alıcılara təqdim olunur. Sadəcə, bu bazarı gəzməklə ayrı-ayrı biznes sahələrində ticarətin necə getdiyini izləmək mümkündür.
“Sədərək” bazarında durğunluqdur
Əvvəlcə ticarət mərkəzinin geyim əşyaları satılan hissəsinə baş çəkirik. Saatın əqrəbləri 14:30-u göstərir. “Sədərək” ticarət mərkəzində bu saatlar alverin ən qızğın vaxtı sayılır. Ancaq müşahidələrimiz bizə əksini deyir. Həmişə insan çoxluğundan tərpənmək mümkün olmayan bazarda ilk baxışdan bazarda alıcı seyrəkliyi nəzərə çarpır. Satıcılar son iki ayda ticarətin zəiflədiyini etiraf edirlər. Bazarda hər kəsin müzakirə mövzusu məhz budur. Əksəriyyəti alverin zəif olmasının səbəbini rus rublunun ucuzlaşmasında görür. Məhz bu səbəbdən xarici müştərilərini itirdiklərini deyən satıcısı Aslan Məmmədov bu gün heç nə sata bilmədiyindən təəssüflənir: “Normalda gün ərzində alverimiz olurdu. Son bir-iki ayda alver, demək olar ki, yoxdur. Səhər saat 8-dən burdayam, hələ heç nə sata bilməmişəm”.
“Dağıstanlılar gəlmir, mallar əlimizdə qalıb”
Müsahibim deyir ki, bazarın əsas müştəriləri dağıstanlılar, çeçenlər və ləzgilərdir. “Dağıstanlılar, çeçenlər bizdən topdan mal alıb, aparıb öz ölkələrində satırdılar. İndi rus rublu manata nisbətdə ucuzlaşıb. Onların ölkəyə gətirdiyi rubl avtomatik olaraq iki-üç dəfə azalır. Burada aldıqları mallar isə orda baha qiymətə satılır, sərf eləmir. Bu səbəbdən artıq iki aydan çoxdur ki, buraya gəlmirlər. İndi tək-tük hallarda dağıstanlıya rast gəlmək olar. Ona görə bazarda belə durğunluqdur”.
Pərdə satıcısı Musa Səmədov isə deyir ki, ayda 1000 manat icarə haqqı ödəyir. İki aydır ki, gün ərzində 10-15 manatdan artıq qazana bilmir: “ 10 saatdır buradayam, cəmi 10 manat alverim olub. Vəziyyət getdikcə ağırlaşır. Gözümüz yollarda çeçen, dağıstanlı, özbək axtarır. Ən çox xarici millətlər bizdən mal alırdılar. Rubl dəyərdən düşdüyündən onlara sərf eləmir. Baha alıb ucuz satmalı olurlar. Alver olmayanda günümüz oturub müştəri gözləməklə keçir”.
Qeyd edək ki, Şimali Qafqazdan gələn ləzgi, çeçen və digər millətlərdən olan sahibkarların əsas ticarət məkanı “Sədərək” ticarət mərkəzidir. Onlar Azərbaycana rus rublu ilə gəlir, onu Azərbaycan manatına çevirərək mal alır və öz ölkələrində rublla satırlar. Rublun dəyərdən düşməsi ilə onlar malı baha alıb, ucuz satmalı, ya da öz ölkələrində daha baha təklif etməli olurlar. Görünür, bu cür ticarət sərfəli olmadığından son zamanlar Şimali Qafqaz xalqları “Sədərək”də gözə dəymir.
Bazar rəhbərliyi güzəşt edir
Geyim əşyaları satan digər satıcılar da bizimlə söhbətdə alverin zəifliyini etiraf edirlər. Deyirlər ki, bəzən nəinki gəlir əldə etmək, dükanın icarə haqqını verməkdə belə çətinlik çəkirlər. Belə olan hallarda, alverin zəif olduğu dövrə bazar rəhbərliyi onlara icarə haqlarında güzəşt edir, beləcə vəziyyətdən çıxırlar.
Yataq dəstləri satan Habil Salmanov ticarət mərkəzində iqtisadi proseslərlə bağlı bəzən belə halların yaşandığını deyir: “Elə vaxt olur ki, icarə haqqını belə ödəyə bilmirik. O zaman rəhbərlik tərəfindən sahibkarlara güzəşt edilir. Elə vaxt olub ki, aylarla alverimiz olmayıb. Lakin rəhbərlik bunu nəzərə alaraq bizi ötüşdürüb. İndi də rahatıq. Çətin vəziyyətlərimiz çox olub, lakin bazarı ayaqda saxlaya bilmişik”.
Qeyd edək ki, satıcılar bu durumun tezliklə dəyişəcəyinə və bazarda əvvəlki canlanmanın yaranacağına ümidlidirlər.
İnşaat materialları da müştəri həsrətindədir...
Geyim şöbəsindən ayrılıb inşaat materialları satılan hissəyə baş çəkirik. Ticarət mərkəzi çox böyük olduğundan bir şöbədən digərinə yüzmetrlərlə yol qət etməli oluruq. Burada da vəziyyət fərqli deyil. Müştərisi olmayan satıcılar dəvəsi ölmüş ərəb sifətini alıblar. İnşaat materialları şöbəsinə nəzarət edən şəxs adının çəkilməsini istəməsə də, bu sahədəki olan durğunluqdan danışır: “Tikinti materialları sahəsində durğunluğun səbəbi neftin ucuzlaşması və ya Rusiyadakı böhran deyil. Bu sadəcə fəsillə əlaqəlidir. Qış aylarında tikinti işləri azalır və bu bazara da təsir edir. Bu təbiidir".
Qeyd edək ki, alıcı qıtlığı olsa da satıcılar malların qiymətini ucuzlaşdırmağa ehtiyac görmürlər.
Söhbətləşdiyimiz satıcılardan biri, Samir adlı şəxs deyir ki, bir müddət belə davam etsə məcburən qiymətləri endirəcəyik: “Qiymətlərdə heç bir dəyişiklik yoxdur. Təbii ki, belə zamanlarda real alıcı olanda müəyyən endirimlər edirik ki, daha çox mal sata bilək. Ancaq hələ ki, heç bir sahibkar buna getməyib”.
Rublun dəyərdən düşməsi səbəbindən Rusiyadan gətirilən malların maya dəyərinin azalması qiymətlərin ucuzlaşmasına şərait yaratsa da hələ ki, satıcılar buna da ehtiyac görmürlər.