Rus rublunun dollar və avro qarşısında dəyərinin itirməsi rusiyalı oliqarxlardan da yan keçməyib. Rusiya milyarderləri son 48 saat ərzində 8,65 milyard dollar ziyana düşüb.
APA TV-nin xəbərinə görə, ziyana düşənlər arasında Avropanın nəhəng futbol klublarına rəhbərlik edən milyarderlər də var. Siyahıda “Çelsi”yə rəhbərlik edən Roman Abramoviç, “Monako”nun sahibi Dmitri Rıbolovlev və İngiltərə “Arsenal”ının ortaqlarından olan Alişer Usmanovun da adları yer alıb. Maliyyə böhranı bu 3 biznesmendən ən çox Usmanova ziyan vurub. 809 milyon dollar itirən Alişer Osmanovun 13,4 milyard dollar varidatı qalıb. İkinci yerdəki Roman Abramoviç 449,5 milyon dollar itirib və 12,8 milyard dollarlıq sərvətə malikdir. Böhranın ziyan vurduğu daha bir oliqarx - Dmitri Rıbolovlev isə 150,1 milyon dollar ziyana düşüb və hazırda 9,8 milyard dollar varidata sahibdir.
Ümumilikdə isə böhran başlayandan “Novatek” qaz şirkətinin rəhbəri Leonid Mixelson 8,7 milyard dollar, “Novolipetsk” polad kombinatının əsas səhmdarı Vladimir Lisin 7 milyard dollar, “Maqnit” mağazalar şəbəkəsinin sahibi Sergey Qaliçki - 5 milyard dollar, "Lukoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərov isə 4,9 milyard dollar itirib.