Müxbirimizi sektaya üzv eləmək istədilər; qarşısındakının jurnalist olduğundan bixəbər təriqətçi ona hansı vədləri verdi? Dini cərəyan Qarabağda savaşın əleyhinədir...
Şər qarışan vaxt qapı döyülür və açanda iki ortayaşlı qadını görürəm. Yox, bunlar nə el diliylə desək, “JEK”dəndir, nə bələdiyyədən. Heç kim olmaları barədə düşünməyə belə imkan verməyib mətləbə keçirlər. Məlum olur ki, insanları “düzgün yola dəvət etmək üçün” qapıları döyürlər...
Mətləblərini anlayıb iki dəqiqəlik rüsxət istəyirəm və “bunlar məni ovlamaq istərkən nədən mən onları ovlamayım” deyib “hazır” vəziyyətdə geri dönürəm. Dilli-dilavərliyində tayı-bərabəri bəlkə də tapılmayan xanım birnəfəsə mətləbə keçir: “Biz düzgün yolda yaşamırıq. Ancaq günün birində hər kəs diriləcək, qəbirlərdə olanlar çıxacaq, ölümsüz bir həyat başlayacaq. Çoxlarının bundan xəbəri yoxdur, ona görə də biz adamları xəbərdar etmək istəyirik”.
Özümü heyrətlənmiş kimi göstərirəm. Xanım bu arada mənə bir sual da ünvanlayır: “Siz necə fikirləşirsiniz, belə bir həyatı hər kəs miras ala biləcəkmi?” Bu sual qarşısında donub qaldığımı görən qadın artıq “ovu”nun baş tutduğunu zənn edib daha ürəklə danışır: “Allah buyurur ki, əgər pis adam günahlarından tövbə edib mənim qanunlarımla haqq və saleh iş görərsə, ölümdən sonra da yaşayacaq, ölməyəcək, heç bir günahı saya alınmayacaq. Külli-ixtiyar Allahın əlindədir. Amma bu gün biz Allahın buyurduğuna uyğun yaşamırıq. Allah müqəddəsdir. İnsanlar əxlaqlı olmalıdır, oğurlamamalıdır, öldürməməlidir, yalan danışmamalıdır. Bunlar İbrahimin dövründə yazılıb”.
Sonra daha bir sual gəlir: “Deyə bilərsiniz ki, niyə bunlar məhz indi açılıb?” Çiynimi çəkirəm. Cavabını özü verir: “Çünki son günlərdə pisliklər o qədər geniş baş alıb gedir ki... Allah deyib ki, vaxtı gələndə bunları açacağam. Ona görə də pulsuz-təmənnasız biz kömək edirik ki, insan özü tədqiqat aparsın, özü araşdırsın. Pis adam pis əməllərindən dönməsə, o, mütləq öləcək. Bizim dinimizə görə, kimisə təhqir etmək də böyük günahdır. Bizdən bunu tələb edən kimdir - Şeytan. İnsan pis deyil, insanın əməlləri pisdir. Allah da deyir, dönün pis yoldan!”
Əlində tutduğu kitabdan növbəti fikirləri oxuyub kitabın həmin səhifəsini də fakt kimi göstərir. Kitabı verməyi xahiş edirəm, bu fikirləri ilə qarşısındakına təsir etdiyinə əmin olub kitabı uzadır. Göz gəzdirirəm. Tövrat, Zəbur, İncildən toplanan kəlamlardan ibarət bir kitab. Bu dəfə mən suallara başlayıram və əməlli-başlı bir müsahibə alınır. Və ilk sual:
- Xanım, niyə siz bu təbliğatı apararkən müqəddəs kitablardan yalnız Quranı kənara qoyur, ona istinad etmirsiniz? Yəqin ki, bilirsiniz, Quran da bu dediklərinizin bir çoxunu inkar eləmir...
- Bəli, Quran da bunları inkar eləmir. Biz daim Quran oxumuşuq. Bu kitabda bizim bütün suallarımızın cavabı var. Bunlar dünyanın yaradılışından yazılan kitablardır. Biz Quranı oxuyanda suallarımıza cavab tapmırdıq. Ancaq burda cavab tapırıq. Axı Quranı da oxuyurlar, Tövratı da. Elə isə niyə bir-birini öldürürlər? Axı Quranda da deyilir ki, qan tökməyəcəksən, öldürməyəcəksən, insanları sevəcəksən.
- Quran onu deyirsə və bir nəticə yoxdursa, qan da tökülür, müsəlman dünyasında xüsusilə daha çox, sizin apardığınız təbliğatla bunun qarşısını necə almaq olar?
- Biz əminik ki, almaq mümkündür. Yəni 8 milyonluq (?-E.P.) xalqın içindən bu kəlamları oxuyanlardan heç kim bu pislikləri törətmir.
- Bağışlayın, amma mən sualıma cavab ala bilmədim. Niyə siz Qurana yox, digər səmavi kitablara istinad edirsiniz?
- Biz Quranı çox oxumuşduq. Ancaq burada həqiqətdən xəbərdar deyildik. Biz də sizin kimi bilmirdik, o vaxta qədər ki, qapımız döyüldü. Burada dünyanın yaranışından yazılıb. Tutaq ki, Quranda İbrahimdən yazır. Amma burda İbrahimin kimliyini, hardan gəldiyi, harda olduğunu dəqiq yazır. Quranda yazır ki, İbrahim deyilənlərə görə filan şəhərdə olub. Amma burada tarixi faktla, elmlə, sübutla yazılıb ki, İbrahim kim idi. Bu kitabları oxumaq könüllüdür, heç kimi məcbur etmirik.
- Yəni siz kitabı oxumağa dəvət edirsiniz, yoxsa hansısa cərəyana qoşulmaq öhdəliyi də qoyursunuz?
- Yox, yox. Yalnız oxumaq. Özünüz araşdırmalısınız, özünüz tədqiqat aparmalı, özünüz qərara gəlməlisiniz. Hər kəs istər ki, ailəsində xoşbəxt olsun. İnsan var-dövlətlə xoşbəxt olmur. İnsan düzgün ibadəti ilə xoşbəxt olur, biz də buna çağırırıq. İstəyən oxuyur, istəməyənin də şəxsi işidir.
(Mən əlimdəki kitabın girişindəki bir bəndi oxuyuram. “Külli ixtiyar Yahovo belə deyir: budur, mən yeni göylər və yeni yer yaradıram. Köhnə şeylər yada düşməyəcək, xatırlanmayacaq...”) Və növbəti sual:
- İslamda keçmişə istinadlar çoxdur. Deməli, İslamı inkardan söhbət gedir?
- Yox, yox. İnkar etmirik. Yəni xəstəlik, əzab-əziyyət, qocalıq, ölüm olmayacaq.
- Siz özünüz xristianlığı, ya buddizmi qəbul edibsiniz?
- Xeyr. Biz azərbaycanlıyıq. Mən gürcüstanlıyam, 30 ildir burda yaşayıram. Bu xanım isə xaçmazlıdır.
- Amma Məhərrəmlik ayında daha caiz olmazmı ki, siz müsəlmanlığı, Quranı təbliğ edəsiniz, nəinki digər dinləri?
- Gəlin Qurana qayıdaq. “Qiyamət” surəsində yazılır ki, Ya Məhəmməd, sən onlara desən də, deməsən də inanmazlar. Ölülər ki, dirilib həyata qayıdacaqlar. Onlar üçün özünü öldürməyə nə ehtiyac var? Allahın niyyəti odur ki, ölümü aradan qaldırsın. Mənim həyat yoldaşım ölüb. Amma mən inanıram ki, Allah onu həyata qaytaracaq. Bu kitabda ölən əzizlərimiz haqqında bütün suallara cavab var.
- Siz indiyə qədər nə qədər adama bu təbliğatı aparıbsınız?
- Şəxsən mən gündə bir-iki saat yolda, tanış-bilişə, qohum-qonşuya danışıram, sizin kimi yolda rastlaşdıqlarıma sözümü deyirəm. Əlbəttə, birinci istərdim ki, mənim qohumlarım xilas olsunlar.
- Nədən xilas olsunlar?
- Yəni gələcəkdə yer üzündə əbədi yaşasınlar, ölümsüzlüyə qovuşsunlar. Bununçün da gərək insanın inamı olsun. Həmin həyatda qocalar cavanlaşacaq, ağsaqqal ceyran kimi hoppanacaq, korların gözləri açılacaq, qəbirlərdə olanlar çıxacaq, heç kim “xəstəyəm” deməyəcək, ölkənin zəmiləri bol məhsul verəcək. Belə həyatı Allah bizə vəd edir. Məgər bu, pis şeydir?
Dərindən maraqlandığımı görüb çantasından bir jurnal da çıxarır:
- Belə bir jurnalımız da var: “Yaradan və onun niyyəti”. Bizim jurnallar satışda yoxdur, kim istəsə, gətiririk. İstəsəniz sizə də gətirə bilərik. Həqiqət odur ki, bütün insanlardan yalnız salehlər xilas olacaq.
- Bu vaxta kimi nə qədər adamın xilası istiqamətində nəticə əldə edibsiniz?
- Biz kimik ki? Biz yalnız deyirik. İnsan həqiqətə gəlməlidir. Elə adamlar var ki, siqaret çəkir, oğurluq edir, içki içir. İstənilən din tərbiyəyə çağırır. Bizim dində hamı bir yerə cəm olacaq, bir ailə kimi olacaq. İstəsəniz sizə sayt verərik, sayta girib özünüz məlumat toplayarsınız.
Bundan sonra həmin saytın adını təqdim edir:
- 600 dildə çıxan saytdır. Özünüz baxın, görün kimik. Bizə deyirlər “Yehovanın şahidləri”. Ancaq özünüz araşdıra bilərsiniz ki, bunlar necə insanlardır.
- Siz bir kəlmə ilə özünüzə necə insanlar deyərdiniz?
- Biz bütün insanları sevirik. Biz hər kəsə hörmət qoyuruq, onları sevirik, bizi təhqir, tənqid etsələr də.
- Hətta erməniləri də?
- (Bir anlıq duruxur) İndi erməni... O, artıq Allahın işidir. Hər kəsin cəzası veriləcək.
- Erməni Azərbaycanın torpağını işğalda saxlayır, deməli, sizin dininiz onları da sevməyi təlqin edir?
- Torpağın üstündə qan tökmək düzgün deyil. Allah özü erməniləri cəzalandıracaq. Suriyada insanlar bir-birini qırır, Allah bunu istəyərdimi?
- Yəni deyirsiniz gözləyək, erməniləri sevməyə başlayaq, günün birində Allah erməniləri cəzalandırsın və torpaqlarımızı qaytaraq?
- Yox, biz elə şeylərə qarışmırıq. Biz sülhsevər insanlarıq, siyasətə qəti qarışmırıq. Din heç vaxt siyasətə qarışmır. Suriyada o deyir “get öldür”, bu deyir “get öldür”. Sən öz evinin içində uşağın əlinə avtomatı verib deyərsənmi get o biri uşağı öldür?
- Xanım sizin ofisiniz hardadır, hara toplaşırsınız, sizin təşkilata üzv olmaq üçün hara gəlmək lazımdır?
- Bizim təşkilatımızın qapıları daim açıqdır. Əhmədlidə yerləşir. Kim istəyir gəlir, kim istəyir gedir, hamının da xəbəri var.
Artıq ofislə də maraqlandığımı görüb yenə davam edir:
- Allah buyurub ki, İngiltərə və Amerika dünya dövləti olanda dünyanın sonu olacaq. Biz insanların qiyamətdən xilas olmasına kömək edirik, bu barədə xəbər veririk.
- Deyirsiniz yəni qiyamət yaxındadır?
- Qiyamətin bütün əlamətləri var. Özbaşınalıq, əxlaqsızlıq, yalançılıq, fırıldaqçılıq, müharibələr, qırğınlar, böyük-kiçiyə hörmətsizlik, insanların çılpaqlığı, ədəbsizliyi... Bunlar hamısı qiyamətin əlamətləridir. Ona görə də qiyamətə çox az qalıb. 1914-cü ildə Allah göydə yeni bir padşahlıq qurdu. O padşahlıqda Mikayıl mələk deyilən İsa Məsihi otuzdurdu. O, bütün dünyada öz xalqlarını seçir.
Tezliklə o, Yer üzündə onun xalqı olmayan, özbaşına insanları Yer üzündən siləcək. Bir də ki, insan padşahları yeri idarə etməyəcək, əsas məsələ budur. Allah göydən birbaşa Yer üzündə insanları idarə edəcək. Bu, artıq 100 ilin sübutu, faktıdır. İbrahimin dövründən Allah buyurub ki, Yer cənnət olmalı idi, cənnət də olacaq. Allahın niyyətini Adəm və Həvva pozdu, aləmi bir-birinə vurdu.
- Yehova ilə əməkdaşlıq edən hansı dini cərəyanlar var? Qafqaz Müsəlmanları İdarəsinə, Şeyxülislama münasibətiniz necədir?
- Bilirsiniz, maddi mənfəətini güdən insanlara bu din sərf eləməz. Biz pulsuz-təmənnasız fəaliyyətdəyik.
- Bütün günü insanlar arasında təbliğat aparırsınız. Bəs bunun qarşılığı verilmir?
- Bu, mənim Allaha olan borcum, məhəbbətimdir. Sənə desələr bu binanı partladacaqlar, qonşularına xəbər verməzsən? Bu din mənim həyatımı dəyişib, burada bütün suallarıma cavab tapmışam. İstəyirəm bütün insanlar da xilas olsun. Amma mənim oğlum işləyir, bu xanımın özü gecə-gündüz işləyir, tələbatımızı ödəyirik. Bu fəaliyyətimiz isə təmənnasızdır. Pis adama öləcəyi barədə xəbəri çatdırmadığın zaman onun qanı sənin üzərindədir. Bax, biz də ona görə bu xəbəri çatdırırıq.
- Amma müsəlmanlar içərisində sizin fikirlərinizin geniş qəbul olunacağı bir az inandırıcı görünmür...
- Yox, niyə ki. Hətta Quranı yaxşı oxuyanlar bizi daha yaxşı başa düşür. Allah Musaya dedi qarşında iki yol var: həyat və ölüm. Yer-göyü şahid tuturam, həyatı seçin ki, siz və övladınız yaşaya bilsin. Deyək ki, qarşıda nəhəng market var, onun yiyəsi var. Bu dünyanın yiyəsi Allahdır. O bizi xoşbəxt olmaq üçün yaradıb. Biz bu gün xoşbəxt deyilik. Bir halda ki, mən xəstələnib ölüb-gedirəm, mənim həyat yoldaşım dünyasını dəyişib, başqa əzizlərimizi itiririk, biz xoşbəxt deyilik. Bu gün kiməsə etibar etmək olmur. Bax, bu, dəhşətlidir...
Sonda xanımdan əlindəki kitabın fotosunu çəkməyi xahiş edirəm. Razılaşır...
Arayış üçün: Yehovanın şahidləri (Jehovah’s Witnesses, 1931-ci ilə qədər “Müqəddəs Kitab tədqiqatçıları” icması adlanıb) beynəlxalq dini təşkilatdır. Təşkilatın özünün hesablamalarına görə, 2011-ci ilə dünyada üzvlərinin sayı 7 milyon 700 min nəfərə yaxındır. Azərbaycanda bu təşkilatın müxtəlif bölgələrdə, o cümlədən ölkənin ikinci böyük şəhəri Gəncədə tərəfdarları var.
Ən təhlükəlisi odur ki, “Yehovanın şahidləri” Azərbaycan qanunvericiliyinin əksinə olaraq hərbi xidmətdən imtinanı təbliğ edirlər. Bu barədə vaxtilə ilahiyyatçı professor Rafiq Əliyev də narahatlığını ifadə etmişdi. “Onlar insanın əlinə silah götürməsini günah sayırlar. Buna baxmayaraq, o zaman ”Yehovanın şahidləri" dini icmasının qeydiyyatını ləğv etmək mümkün olmadı", - deyə o bildirmişdi.
Belə... Sonradan xanımların təqdim etdiyi saytın ünvanına da daxil oldum. Tamamilə doğru deyirmişlər, şıdırğı təbliğat gedir... Xristianlığın protestant qoluna aid olan və özlərini məsihçilər sayan “Yehova şahidləri” icmasının üzvlərinin Azərbaycanda fəallaşdığı, onların həm də təhlükəli cərəyan olduqları barədə əvvəllər çox yazılıb. Ancaq ya təhlükə ötüb-keçib, ya da bu cərəyanın ciddi dayaqları var ki, belə ürəkləniblər və rahat şəkildə fəaliyyət göstərir, üstəlik, tanımadıqları insanları ofislərinə dəvət edirlər...