Evi qarət olunan qadın danışıb
Ötən gün səhər saatlarında Ağcabədi rayonunda evlərdən biri qarət olunub. Bu barədə evi oğurlanan şəxs anspress-ə məlumat verib.
Belə ki, rayonun Nəriman Nərimanov küçəsində yaşayan 1948-ci il təvəllüdlü Teymur Şərifzadəyə məxsus evə basqın olub. Hadisə səhər saat 10 radələrində ev sahibi və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Mehriban Şərifzadənin evdən çıxdıqları vaxt olub.
"Şokdayam. Hadisə təxminən 45 dəqiqə ərzində olub. Ehtimal edirik ki, oğrular evə arxadan giriblər. Çünki qarşıdakı qonşunun evində kamera var. Kameraya baxmışıq. Şübhəli heç nə yoxdur", - deyə Mehriban Şərifzadə bildirib.
Mehriban Şərifzadə deyir ki, oğrular evin qapısını sındırıblar. Evdə olan qır-qızılı aparıblar. İtən qızılların ümumi dəyəri təxminən 5 min manat təşkil edir.
Hadisə barədə Ağcabədi rayon polis şöbəsidən bildirdilər ki, faktla bağlı məlumat daxil olub. Hadisə yeri incələnib. Oğurluqda şübhəli bilinən şəxslər var. İndi istintaq gedir.
Faktla bağlı araşdırma davam etdirilir.