“Yaxınlarda Lotu Qulinin ətrafından qurbanlar gedəcək” – ŞOK İDDİA

19-12-2014, 11:25   

Ötən həftə azərbaycanlı “qanuni oğruların” tərəfdarları arasında, Moskvanın məşhur “Matrosskaya tişina” izolyatorunda yaşanan qanlı dava, təkcə Rusiya və Azərbaycan mətbuatının deyil, bütün MDB, hətta bəzi Avropa ölkələrinin mətbuatının da gündəmini zəbt etdi. Artıq ikinci həftədir ki, orada qarşıdurma səngimək bilmir, izolyatorun tibb məntəqəsi yaralılarla doludur və onların davamı gəlməkdədir.

Qanlı “razborkalara” bir tərəfdən “Rövşən Lənkəranski” (Rövşən Canıyev), digər tərəfdən isə “Lotu Quli” (Nadir Səlifov) ləqəbli azərbaycanlı “qanuni oğrular” rəhbərlik edir. Və təbii ki, həmişə olduğu kimi, bu dəfə də onların özləri qarşıdurmada birbaşa iştirak etmir, tərəfdarları vasitəsilə “savaş” aparır və nüfuzlarını gücləndirməyə çalışırlar.

Maraqlıdır ki, adı çəkilən hər iki “qanuni oğru” bir-birindən daha çox hadisələrin ətrafında cərəyan etdiyi “Zayka” ləqəbli Zaur Əliyev adlı avtoritetə nifrət edirlər. “Zayka”nı bir çox yerli mətbuat “qanuni oğru” adlandırsa da, Rusiyanın nüfuzlu kriminal ekspertləri onun sadəcə “avtoritet” olduğunu söyləyirlər. “Bespredel”ə meylli olan, qanunları tanımayan “Zayka”nı “başa salmaq” üçün hər iki “qanuni oğru” bir müddətlik müttəfiqə belə çevrilmişdilər.

“Zayka”nı “Matrosskaya tişinada” bir neçə saat ərzində 7 nəfər amansızcasına döydü və təhqir etdi. İnsident “avtoritet”in skayp vasitəsilə “Lotu Quli”dən ona qarşı yol verdiyi tərbiyəsizliyə görə üzr istəməsi ilə bitdi. Zaur Əliyevə yaxın mənbələrin Rusiya mətbuatına verdiyi məlumata görə, “Zayka” kamerada onu döyənlərin hamilə arvadına zəng edib birbaşa hədə-qorxu gəlmələrindən sonra “sınıb”.

“Matrosskaya tişinada” baş verənlər elə həmin gün MDB məkanının bütün nüfuzlu “qanuni oğrularının” müzakirə predmetinə çevrildi. Dekabrın 2-də isə “Lotu Quli”nin adamlarına cavab gəldi. Maraqlıdır ki, cavabı verənlər “Lənkəranski”nin adamları deyildi. İzolyatorun oğru aləmi tərəfindən baxıcısı olan “qanuni oğru” Nukri Doçiya “Zayka”nı döyən 7 nəfəri möhkəm döydürdü. Ən çox cəza killer kimi tanınan Nazim Xramoy və Ərdak Lənkəranski adlanan “avtoritet”lərə verildi. Hazırda həm o, həm də digər döyülənlər izolyatorun tibb məntəqəsində ağır vəziyyətdə yatırlar.

Bu münaqişə kriminal sahənin ekspertlərinin fikrincə, “qanuni oğrular” arasında yeni müharibənin əsasını qoydu və odur ki, yaxın zamanlarda yeni qurbanların olacağı qaçılmazdır. Döyülmə və ona cavab olan aksiyadan sonra MDB məkanının nüfuzlu “qanuni oğruları” Nukri Doçiyanın əməllərinə haqq qazandırdılar. Məsələ burasındadır ki, Qulinin adamları “Zayka”nı həbsxanada nəzarətçi sayılan Doçiyanın xəbəri olmadan döymüşdülər. Bu isə bu “qanuni oğru” üçün yolverilməzidr. Həm də məlumdur ki, belə hay-küylü insidentdən sonra izolyatorda rejim sərtləşdiriləcək ki, bu da öz növbəsində “oğru” aləmi üçün əlavə problemlər yaradacaq.

“Rosbalt”ın məlumatına görə, baş verənlərlə “Ded Xasan”ın ölümündən sonra MDB məkanında ən nüfuzlu və güclü “qanuni oğru” sayılan Zaxarıy Kalaşov da maraqlanıb. O deyib ki, son zamanlar azərbaycanlı “qanuni oğrular” dalbadal bir neçə “bespredel” hərəkətlərə yol veriblər və onların “qanuni oğru” statuslarına yenidən baxılmalıdır. Ən azı ona görə ki, “qanuni oğrular” arasında klassik mənada qəbul edilməyən killerlər yer alıb. Burada söhbət yəqin ki, Rövşən Lənkəranskinin tərəfdarlarından olan, 2013-cü ildə “tac” alan killer Ülfət Tağıyevdən gedirdi.

Beləliklə, “Bizim Yol” əməkdaşı kriminal aləmdə baş verən son hadisələr, xüsusilə Lotu Quli və Rövşən Lənkəranski arasında gedən “müharibə” barədə Rusiyanın tanınmış jurnalisti, “Rosbalt” agentliyinin kriminal aləm üzrə eksperti Yuriy Verşovla söhbətləşib.

- Son insidentlə bağlı iddia etmək olarmı ki, baş verənlər yeni müharibənin sədalarıdır? Və bu qarşıdurmada növbəti addımlar nədən ibarət ola bilər?
– İzolyatorda insident Lotu Quli ilə “Zayka” arasında 10 ildir ki, davam edən müharibəni yenidən alovlandırdı. “Zayka” bir sıra nüfuzlu “qanuni oğrular”ın dəstəyi ilə hərəkət edir. Söhbət ilk növbədə Moskvada və şəhər ətrafında güclü qruplaşması olan “Kamodan” gedir. Deyirlər ki, “Kamo” “razborkalara” özü gedir və rəqibi şəxsən cəzalandırmağa üstünlük verir. “Zayka” içəri düşəndə “Kamo” nəzarətçi Doçiyaya zəng edərək, ondan muğayət olmasını şəxsən xahiş edib. Amma Lotu Quli baxıcının nəzarətindən kənar hərəkət etməyi qərara alıb və bunun üçün Rövşənin adamlarını işə cəlb edib. Nəticədə “Zayka”nı döydülər, üzr istəməyə məcbur etdilər və kameradan hamilə arvadına zəng edib hədə-qorxu gəldilər. Təbii ki, sonuncu faktor heç bir “qanuni oğru” tərəfindən yaxşı qəbul edilə bilməz. “Zayka” qisası alacaq və bu yaxınlarda Lotu Qulinin ətrafından qurbanlar gedəcək.

Baş verənlər ümumən bütün azərbaycanlı “qanuni oğruların” mövqeyinə zərbə oldu. Belə ki, onlara qarşı şikayəti olan qüvvələri aktivləşdirdi. İndi azərbaycanlı “qanuni oğrular” kriminal aləmdə sakitliyin ən aktiv pozucuları kimi tanınırlar. Nüfuzlu “qanuni oğrular” illərlə davam edən klanlararası müharibələr, lazımsız çoxsaylı ölümlər, oğru qanunlarına düz gəlməyən bir çox insanların ad almasından narazıdırlar. Odur ki, “Şakro Molodoy” (Zaxariy Kalaşov) birdirib ki, son illər ad alan azərbaycanlı “qanuni oğruların” kimliyi diqqətlə araşdırılmalı və onlardan bir neçəsinin “tac”ları ləğv edilməlidir. Odur ki, son insident “Zayka” və Quli arasında “razborka” ilə bitməyəcək, daha ağır nəticələrə gətirəcək.

- Bəs Rövşən Lənkəranski və Lotu Quli arasındakı müharibənin kökündə nə dayanır?
– Bir zamanlar Rövşən nüfuzlu cinayət klanının sahibləri olan Merab Suxumski və Taro ilə yaxınlaşdı və onların dəstəyi ilə Moskva və ətrafında paytaxtın əksər meyvə-tərəvəz bazarlarını, həm də topdansatış göyərti bazalarını nəzarətə götürdü. Merab İtaliyada həbs olunandan sonra Rövşənin kriminal aləmdə mövqeləri zəiflədi. Onun tərəfdarlarının böyük bir qrupu da barmaqlıqlar arxasına düşdü. Söhbət ilk növbədə Nazim Xromoy və Ülfət Tağıyevdən gedir. Nəticədə bir tərəfdən Lotu Qulinin, digər tərəfdən isə “Zayka”nın adamları bazarları Rövşəndən almağa başladılar. Lotu Qulinin adamları Rövşənə məxsus göyərti bazarının işini tam iflic vəziyyətinə saldılar. Bu Rövşənlə Qulinin münasibətlərini düşmənçilik həddinə çatdırdı.

- Adı çəkilən fiqurların indi Rusiya kriminal aləmində çəkiləri çoxdurmu?
– Lotu Quli indi də kriminal aləmdə olduqca güclü fiqurdur. Onun briqadaları demək olar ki, Rusiyanın bütün regionlarında fəaliyyət göstərir. İndi bəzi “qanuni oğruların” ona qarşı ittifaq yaratması barədə söhbətlər dolaşır. Deyirlər ki, “Matrosskaya tişina” insidentindən sonra bəzi “qanuni oğrular” onun statusunun dondurulması məsələsini qoymaq istəyirlər. Amma Qulini bu tipli insidentlər qorxutmur, çünki o, dəfələrlə analoji situasiyadan qalib ayrılıb və öz mövqeyini qoruya bilib. Rövşənin isə mövqeləri çox zəifləyib. Onun himayədarı olan Merab İtaliyada türmədədir, Rövşən özü isə Ukrayna və Türkiyə arasında qalıb.

- Onlardan hər hansısa biri “Ded Xasan”ın yerini tuta bilərmi?
– Nəinki onlar, adı çəkilən “qanuni oğruların” heç biri “Ded Xasan”ın yerini tuta bilməz. Çünki “qanuni oğruların” əksəriyyəti buna imkan verməyəcək. Düzdür, Rövşən “Ded Xasan”a müxalifətdə idi, amma burada əsas adam deyildi. Ona müxalifətin liderləri Merab və Taro idilər. Lotu Quli “Ded Xasan”a yaxın “zakonnik” sayılırdı, amma o da birləşdirici güclü fiqur kimi qəbul edilmir. Ded Xasanın yerini artıq 4 nüfuzlu insan tutub: Piçuqa, Voskres, Miron və İspaniya türməsindən təzə çıxan Şakro Molodoy.

- Azərbaycanlı “qanuni oğruları” MDB məkanında səciyyələndirən nə kimi xüsusiyyətlər var?
– Azərbaycanlı “qanuni oğrular” MDB məkanında qədərindən artıq qəddarlıqları ilə ad çıxarıblar. Onlar daimi olaraq bir-biri ilə müharibə edir, sülh danışıqlarına getmir, bunun əvəzində isə tərəfdarlarının ölümü vasitəsilə düşmənin zəiflədilməsinə üstünlük verirlər. Əksərən də onlar məhz bir-birilərini qırırlar. Həddən artıq qana və ölümə meyllilik başqa “qanuni oğruların” qıcığına səbəb olur. Odur ki, “Matrosskaya tişinada” baş verənlərin qanlı davamı mütləq olacaq.Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.