“Hakim və başçının müavini məni intihar həddinə çatdırıblar”

19-12-2014, 11:28   

Göyçay rayonu Çayarxı kənd sakini Nəbiyev Anar Rövşən oğlu “Yeni Musavat”a şikayət məktubu yollayıb. O, hakim Elxan Babayevdən və icra başçısının müavini Yunis Osmanlıdan (deputat Ceyhun Osmanlının atası-red.) şikayətçidir. Rayon sakini yazir: “Mən 22 yanvar 2003-cü ildən bu günə kimi kəndli-fermer təsərrüfatının rəhbəriyəm. Başçılıq etdiyim təsərrüfatın qanuni istifadəsində 37.5 hektar torpaq sahəsi var. 10 yaşımdan ailə üzvlərimlə birlikdə orada əkinçiliklə məşğul oluruq.

Ora icra hakimiyyəti başçısının sərəncamı ilə 1996-cı ildən daimi istifadəmizdə olan fermer təsərrüfatıdır. Bu gün də təsərrüfatla dolanıram. Həmin torpaq sahəsinin bir hissəsi dağlıq ərazidə, digər hissəsi isə yol kənarında yerləşir. Göyçay Rayon Məhkəməsinin hakimi Elxan Babayevin və icra başçısının müavini Yunis Osmanlının torpaq sahəsinin yolun kənarında olan hissəsinə (ən məhsuldar hissəyə) gözü düşüb.

Onun aqressiv hərəkətlərindən görünür ki, torpağımı ələ keçirmək niyyətindədir. Hakim ortalığa bir qoca kənd sakinini salaraq oyun oynayır. Hakim rayonun Qarabaqqal kənd sakini, 87 yaşlı İmran Novruzova saxta icarə müqaviləsi təşkil edərək məndən ora-bura yazdırmağa başladı. İş məhkəməyə düşdü. Məhkəmədə işə ilk dəfə hakim Fərhad Əfəndiyev tərəfindən baxıldı. Hakim mənim mülkiyyətimdə olan torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edib. İşə Apelyasiya Məhkəməsində və Ali Məhkəmədə də baxılıb, bu qərar qüvvədə saxlanılıb. Mənim başçılıq etdiyim fermer təsərrüfatının qanuni istifadəsində olan və sonradan mülkiyyətinə verilmiş torpaq sahəsinə İmran Novruzova saxta icarə müqaviləsi verilib. Belə ki, Qarabaqqal Bələdiyyəsinin 27 aprel 2007-ci il tarixli iclasında gündəlikdə olan məsələlərin siyahısında – torpaq sahəsinin Novruzov İmran Cahangir oğluna icarəyə verilməsi olmayıb. Protokolda heç bir qeydiyyat aparılmadan, bələdiyyə üzvləri iştirak etmədən, rayon torpaq şöbəsində qeydiyyata alınmadan, sxemi olmadan, rüsumu keçirilmədən İ.Novruzova müqavilə verilib.

Onun ahıl yaşlarında torpaq sahəsini icarəyə götürməsi və əkib-becərməsi faktiki mümkün deyil. Sonradan məlum oldu ki, yerim yol kənarında olduğundan oranı əlimdən almaq istəyirlər. Sadəcə olaraq, ona saxta müqavilə verilib ki, həmin müqaviləyə əsaslanaraq mənə qarşı məhkəmədə iddia qaldırsın. Həmin ərəfədə hakim Elxan Babayev torpağa gözü düşdüyündən işə baxmağı öz üstünə yazdırdı. Həmin mülki iş 18 ay məhkəmədə araşdırıldı. Məhkəmədə o da məlum oldu ki, İmran Novruzovun məhkəməyə təqdim etdiyi sənədlər köhnə tarixlə, qeydiyyatı aparılmadan saxta şəkildə tərtib olunub. İcarəyə verilmiş torpaq sahəsinin 2007-ci il tarixli planı həmin vaxt bələdiyyə sədri olmayan şəxs tərəfindən təsdiq edilib. Bunu görəndən sonra həmin bələdiyyə sədrinin yanına getdim, dedim ki, sən 2007-ci ildə Qarabaqqal bələdiyyəsində nəinki sədr, heç bələdiyyənin üzvü də olmamısan. Nəyə görə həmin sənədi möhürlə təsdiq etmisən.

Bələdiyyənin sədri dedi, həmin sənədi mən Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Yunis Osmanlının tapşırığı ilə təsdiq etmişəm, mən kiməm ki, onun sözündən çıxam. Bu zaman mənə məlum oldu ki, qruplaşmada daha başqa adamlar da var. Bunu bir az da dəqiqləşdirmək üçün addımlar atdım. Bundan sonra DTXK-nin Göyçay rayon şöbəsində məsul işdə çalışan Qismət Məmmədovun yanına getdim ki, niyə saxta sənədə imza atmısan, buna görə həbs olunmalısan. Onun da cavabı eyni oldu və əlavə etdi ki, başçının müavini Yunus Osmanlıdan konkret tapşırıq var. Bundan əlavə, məlum oldu ki, ortalığa atılmış yaşlı kənd sakini İ.Novruzov yaşadığı kənddə danışıb ki, Yunus Osmanlı ilə hakim Elxan Babayev arxamda durublar.

Beləliklə, məhkəmədə iş mənim ziyanıma qurtardı. Hakim Elxan Babayev Yunis Osmanlının bir kəlmə sözü ilə mənim rəhbərlik etdiyim fermer təsərrüfatının daimi istifadəsində olan və hərrac-müsabiqə yolu ilə mülkiyyətimə verilən torpaq sahəsinin rəsmi sənədlərini ləğv etdi. Nəticədə həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətinə qayıtdı. İndi bilmirəm fermer təsərrüfatının inkişafı ilə məşğul olum, yoxsa saxtakar məmurlarla mübarizə aparım. Artıq başımı itirmişəm, hətta elə gün olub ki, özümü öldürmək istəmişəm. Ümidim yalnız cənab prezidentə qalıb. Cənab prezident, hakim ədalətli olmalı, qanunun keşiyində dayanmalıdır. Amma Göyçayda Elxan Babayev şəxsi maraqlarının, tapşırıqların keşiyində durur. Hesab edirəm ki, yalnız cənab prezidentin birbaşa bu məsələyə müdaxiləsindən sonra problemim öz həllini tapa bilər.

Hörmətli cənab prezident! Heç bir yerdən ümidi olmayan, tək ümidi Sizə olan bir vətəndaş kimi məsələnin qanuni araşdırılması üçün müvafiq orqanlara tapşırıq verməyinizi və rəhbərlik etdiyim fermer təsərrüfatının daimi istifadəsində olan və hərrac-müsabiqə yolu ilə mülkiyyətimə verilən torpaq sahəsinin özümə qaytarılmasında köməklik edəsiniz”.Yenilik.Az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.