Rusiyadan kütləvi miqrant köçü başladı

19-12-2014, 18:32   
Rusiyadan kütləvi miqrant köçü başladı
“Əmək miqrantları Rusiyanı kütləvi şəkildə tərk edirlər. Buna səbəb rublun dəyərdən düşməsi və miqrantların rus dilindən ödənişli imtahan verilməsinə məcbur edən qanun layihəsidir”.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya Miqrantlar Federasiyasının rəhbəri Məhəmməd Amin deyib.

O, bildirib ki, yeni ildən sonra miqrantların 25 faizi Rusiyanı tərk etməyi planlaşdırır: "Onlar başqa ölkələrdə fəaliyyətlərini davam etdirmək istəyirlər. Buna iki əsas səbəb var. Birinci səbəb rublun dəyərdən düşməsidir. İkinci səbəb isə 2015-ci il yanvarın 1-dən əmək miqrantlarının rus dili, tarixi və Rusiya qanunvericiliyindən məcburi imtahan verilməsi haqqında qanunun qüvvəyə minməsidir. Əsas səbəb ölkədəki iqtisadi vəziyyət və yeni ildən sonra miqrasiya qanunvericiliyinin sərtləşdirilməsidir".

M. Amin Rusiya ərazisində qalan qeyri-qanuni miqrantların sayının artacağını istisna etməyib.

"Tacikistan Əmək Miqrantları" ictimayi təşkilatının sədri, Rusiyadakı tacik diasporunun rəhbəri Karomat Şaripov da Tacikistandan olan əmək miqrantlarının Rusiyadan getmək niyyətində olduğunu söyləyib:

"Belə tendensiya var və bu, təkcə rus rublunun xarici valyutaya nisbətdə ucuzlaşması ilə bağlı deyil.

2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək miqrasiya ilə bağlı qanun çoxlarının cibinə uyğun deyil. İmtahanlar miqranta 30 min rubla (500 ABŞ dolları) başa gələcək. Bilet və işləməyə icazə, yəni əmək patentinin alınmasını nəzərə alsaq bu, rublun ucuzlaşması fonunda Rusiyaya işləməyə gələn miqrantların gəlirlərinə böyük zərbə olacaq". K. Şaripov bildirib ki, taciklərin çoxunun öz ölkələrində banklara borcları var.

Həmin borcları ödəmək üçün onlar başqa ölkələrdə iş axtarmalı olacaqlar. Tacik diasporunun rəhbəri bu vəziyyətin təhlükəli olduğunu da qeyd edib: "Keçmiş miqrantlar "muzdlu" döyüşçü ola bilərlər. Belə bir təhlükə var. Gənclər arasında belə müzakirələr gedir. Onların çoxunun Tacikistanda dollarla kredit borcları var. İstisna etmirəm ki, onlar qazanc dalınca "qaynar nöqtələr"ə yollanacaqlar".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.