DSMF rəhbəri ilə birinci müavinin gizli işbirliyi
Azərbaycanda korrupsiya və rüşvət olaylarında daha çox adı hallanan qurumlardan biri də Dövlət Sosial Müdafiə Fondudur. DSMF-nin şəhər və rayon şöbələrində vəziyyət heç də ürəkaçan səviyyədə deyil. Belə ki, bəzi vəzifəli şəxslər vətəndaşları süründürməçiliyə məruz qoyur və onların hüquqlarını pozurlar. Bu sırada fondun Saatlı rayon şöbəsində çox geniş islahatlara ehtiyac var. Belə ki, cumhuriyyet.az-a daxil olan məlumatlarda bildirilir ki, DSMF-nin Saatlı rayon şöbəsinin müdiri Hafiz Miriyev qanunsuz işlərlə məşğuldur. O Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə rəhbər keçən gündən indiyə qədər problemlər və narazılıqlar azalmaq bilmir. Şöbədə mövcud olan neqativ hallar artıq pik nöqtəyə çatmaq üzrədir. Maddi imkanlarına görə şəhərdəki iş adamlarını belə arxada qoymağı bacaran müdir qanunvericiliyin tələblərinə əməl etmir.
Onu da bildirək ki, H.Miriyevin DSMF Saatlı rayon şöbəsinə rəhbər təyin olunması ilə bağlı da ilginc məlumatlar var. Belə ki, bundan əvvəl həmin vəzifəni hazırda icra başçısının 1-ci müavini olan İlham Quliyev tuturdu. H.Miriyev də məhz İ.Quliyevin birbaşa dəstəyi ilə həmin posta gətirilib və bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən məlumata görə hazırda da H.Miriyev öz rəhbəri kimi İ.Quliyevi görür və ona tabedir. Hətta bu ikiliyin daha ciddi siyasi planlar üzərində işlədiyi deyilir. Həmin plana əsasən gələcəkdə İlham Quliyev icra başçısı postuna gətirilməli və H.Miriyevin də vəzifəsi yüksəldilməlidir.
Mənbəmizin sözlərinə görə, DSMF Saatlı rayon şöbəsinin müdirinin dini qruplaşmalarla əlaqədə olması haqda da söz söhbətlər dolaşır. amma onun fəaliyyəti ilə bağlı rayondakı əsas narazəlıq rüşvət və bürokratiya ilə bağlıdır. Belə ki, Müdir şöbədə normal iş mühiti yaratmaq əvəzinə, vaxtının böyük hissəsini digər məsələlərə sərf edir. Şəhər sakinlərini süründürməçiliyə məruz qoyaraq onlar üçün əlavə problemlər yaradır. Məlumatlı mənbənin sözlərinə görə, Hafiz Miriyev sovet dövründə müxtəlif müəssisələrdə çalışmış insanlar təqaüdə çıxarkən onların sənədlərində müxtəlif nöqsanlar axtarır, bəhanələr gətirir və bu zaman qarşı tərəfdən nələrsə umulur. Bundan fərqli olaraq, heç bir iş təcrübəsi olmayanlara müxtəlif yollarla əmək təcrübəsi yazılır, müraciətlərinə müsbət cavab verilir. Təbii ki, həmin şəxslər buna görə şöbənin rəhbərliyinə "hörmət” edirlər. Hamiləliyə və doğuma, o cümlədən uşağın anadan olmasına görə, birdəfəlik müavinətlərin verilməsində süründürməçilik hallarına yol verilir. Şöbə müdiri qaranlıq əməllərə imza atsa da, rayon rəhbərliyi tərəfindən ona güldən ağır söz deyilmir. Yuxarıda da göstərildiyi kişi, H.Məmmədovun arxası möhkəm olduğundan gözün üstündə qaşın var deyən yoxdur.