Gəncədə iki ay əvvəl itkin düşən qadının qətlə yetirildiyi məlum olub.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Gəncə sakini həyat yoldaşını qətlə yetirərək meyidini çay kənarında basdırıb. İki ay sonra üstü açılan qətlin hansı səbəbdən törədildiyi hələlik dəqiq məlum deyil.
Gəncə Şəhər Prokurorluğu, Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki ay əvvəl itkin düşən şəhər sakini, 29 yaşlı Esmira Əliyevanı həyat yoldaşı, 51 yaşlı Vidayət İsmayılovun qətlə yetirdiyi məlum olub. Vidayət İsmayılov qadını yaşadıqları ünvanda qətlə yetirdikdən sonra izi itirmək məqsədi ilə meyidi Gəncə çayının kənarına apararaq orada basdırıb.
Ədalət Sadıqov - Gəncə Şəhər Nizami RPİ-nin rəisi: “Gəncə şəhərində kirayədə yaşadığı Lermontov küçəsi, 13 nömrəli evdə qısqanclıq zəminində onu qətlə yetirərək xüsusi taxta qaba yerləşdirdikdən sonra əl arabası ilə Gəncə çayının sağ sahilində yarımçıq tiklinin həyətində basdırıb”.
Əvvəllər də bir dəfə məhkumluq həyatı yaşayan Vidayət İsmayılov ikinci qrup əlildir. O, qətlin ailə münaqişəsi zəminində baş verdiyini deyir.
Vidayət İsmayılov - saxlanılan şəxs: “Mənim 51 yaşım var. Araq, çaxır içmirəm. Heç bir psixotrop maddə qəbul etmirəm. Özü o vəziyyətə gətirib çıxartdı”.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq aparılır.
---------
12:58
Dekabrın 19-da Gəncə şəhər sakini 51 yaşlı Vidalət İsmayılov Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gələrək nikahdan kənar yaşadığı, 29 yaşlı Esmira Əliyevanı təxminən 2 ay əvvəl yaşadıqları mənzildə şəxsi münasibətlər zəminində boğaraq qəsdən öldürdükdən sonra Göygöl rayonunun Totanlı kəndində yerləşən, özünə məxsus evin həyətində basdırdığını deyib.
Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, şəhər prokurorluğunun və Polis İdarəsinin əməkdaşları hadisə yerinin müayinəsini apararkən Esmira Əliyevanın meyidi basdırıldığı yerdən çıxarılıb, meyit xarici və daxili müayinə olunub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Vidalət İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.