Naməlum haker Cənubi Koreyanın 23 nüvə reaktorunun operatoru olan “Korea Hydro and Nuclear Power” enerji şirkətinin 100 səhifəlik daxili sənədlərini nəşr etdirəcəyi ilə hədələyir.
Axar.az xəbər verir ki, gizli sənədləri yaymamaq üçün haker “Qori” AES-in iki blokunun və “Volson” AES-in üçüncü blokunun işinin yaxın üç ayda dayandırılmasını tələb edir.
“Əgər Yeni ilədək reaktorların söndürülmədiyini görsəm, bütün informasiyanı faş etmək və ikinci mərhələyə keçməkdən başqa yolum qalmayacaq”, - “Renxap” agentliyi özünü “nüvə reaktorları əleyhinə çıxış edən qrupun prezidenti” adlandıran hakerin Tvitterdəki yazısını sitat gətirib.
“Qrup prezidenti” şirkət nümayəndələrinin ələ keçirilən informasiyaların məxfi olmadığı və atom obyektlərinin təhlükəsizliyinə xələl gətirmədiyi açıqlamasına da cavab verib. O, hələ ictimailəşməmiş 100 səhifəyə yaxın məlumat sahibi olduğunu qeyd edib:
“Bildirirsiniz ki, bunlar məxfi informasiyalar deyil. Baxarıq, görək, çertyojlar, proqram və sistemlər (reaktorlar) haqqındakı informasiyalar buna maraqlı olan ölkələrdə faş olsa, siz məsuliyyəti öz üzərinizə götürəcəksinizmi?”