Prezident Administrasiyasında Nəqliyyat Nazirliyinin yeni əsasnaməsi hazırlanır
Layihədə nazirliyin biznes fəaliyyətinin yasaqlanması, qurumun missiyasının yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanması ilə məhdudlaşdırılması nəzərdə tutulur
Son 20 gündə nəqliyyat naziri iki funksiyasını itirib: Nazirlər Kabinetinin qərarı ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi ilə DİN məşğul olacaq, bir qədər öncə isə paytaxtda sərnişin daşınması nazirlikdən alınaraq meriyaya həvalə edilmişdi. Göründüyü kimi, nəqliyyat naziri Ziya Məmmədov sürətlə funksiyalarını itirməkdədir. Bununla bağlı hakimiyyətə yaxın mənbələrdən “Yeni Müsavat”a yeni məlumatlar daxil olub.
Mənbənin məlumatına görə, Prezident Administrasiyasında işçi qrup NN-nin əsasnaməsinin yeni layihəsini hazırlayır: “Layihə yaxın vaxtlarda prezidentə təqdim ediləcək. Yeni layihədə NN-in bir sıra səlahiyyətlərinin də əlindən alınması gözlənilir”.
Mənbə deyir ki, NN sərnişin daşınmasının təşkili və bu xidmət üzrə lisenziyaların verilməsi funksiyalarını itirəcək. Bu xidmət Nəqliyyat Nazirliyinin əsas qeyri-leqal gəlir mənbələrindən biridir. Bu funksiyalar yerli icra hakimiyyətlərinə veriləcək. Paytaxtda isə bu funksiya Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına keçəcək. Nəqliyyat Nazirliyinin işi yalnız effektiv nəqliyyat siyasətinin işlənib hazırlanmasından ibarət olacaq. NN Energetika Nazirliyi kimi, təsərrüfat fəaliyyəti ilə məşğul olmayan struktura çevriləcək.
Mənbə onu bildirir ki, hazırda hökumətdə səhmləri 100 faiz NN-ə məxsus olan “Azəryolservis” ASC-nin də nazirliyin idarəetməsindən çıxartmaq məsələsi hazırda müzakirə edilir. ASC-nin müstəqil, yaxud İqtisadiyyat və Sənaye Nazirliyinin idarəetməsinə verilməsi variantları nəzərdən keçirilir. Üstün mövqe ASC-nin müstəqil fəaliyyət göstərməsindən ibarətdir.
Yada salaq ki, bir qədər öncə şəhər (rayon) daxili yolların təmir-bərpası funksiyası Nəqliyyat Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinə, paytaxtda isə BŞİH-ə verilmişdi. NN-nin yeni əsasnaməsi də yerli icra hakimiyyətlərinin funksiyalarının artırılması kontekstində hazırlanır. Ümumiyyətlə, Nəqliyyat Nazirliyinin hüdudsuz funksiyaları nəqliyyat sektorunda ciddi problemlər yaradır. Bu problemlər son nəticədə nəqliyyat sektorunda xaosa gətirib çıxarıb və ciddi islahatlara ehtiyac yaranıb.
Məsələn, taksi dayanacaqlarının qurulmasının hansısa şirkətin inhisarında saxlanması yolverilməzdir. Paytaxtda qurulan dayanacaqların hamısını NN-nin idarəçiliyi altında olan “Bakı Sərnişin Nəqliyyatı” MMC qurub və yaxın illərdə formalaşdırılması nəzərdə tutulan 1000-dən artıq dayanacağın da məhz bu quruma məxsus olacağı bildirilir. Həmin müəssisə isə yaratdığı dayanacaqları hökumətin maliyyəsi hesabına aldığı taksilərin xidmətinə verir. Bu, aşkar dövlət monopoliyasıdır.
Adıçəkilən MMC həm də taksi xidməti göstərmək istəyən fiziki və hüquqi şəxslərə lisenziyalar verir. Dünyanın heç bir ölkəsində mülkiyyət formasından asılı olmayaraq hansısa kommersiya strukturunun dövlət adından siyasət aparmaq, tənzimləmə həyata keçirmək hüququ yoxdur. Absurda diqqət yetirin, bir şirkət taksi bazarında həm xidmət göstərir, həm də rəqiblərinə lisenziya verir. Yəni burada bazar iqtisadiyyatının əsas şərtlərindən biri olan rəqabət imkanlarının birdəfəlik qapadılmasından söhbət gedir. Ziya Məmmədov və onun yaxınları inzibati rıçaqların vasitəsi ilə bazarın bu seqmentini total nəzarət altına götürüb.
Beynəlxalq təcrübədə isə yanaşma belədir: şəhər meriyası şəhərsalma normalarına uyğun olaraq taksi dayanacaqlarının dislokasiyasını müəyyənləşdirir, həmin dislokasiya üzrə taksi xidmətlərinin göstərilməsi üçün tenderlər keçirir. Sonradan tenderin qalibi olmuş şirkətlər dayanacaqların tipik layihəsinə və dislokasiya yerinə uyğun olaraq taksi dayanacaqlarını quraşdırır. Ümumiyyətlə, xarici təcrübədə istənilən nazirliyin təsərrüfat fəaliyyəti ilə məşğul olmaq funksiyası yoxdur. Nazirlik ancaq müvafiq sahə üzrə dövlət siyasətini hazırlamalı və yalnız tənzimləyici funksiyaların daşıyıcısı olmalıdır. Nəqliyyat Nazirliyi indiki funksiyaları ilə dövlət siyasətini həyata keçirən qurum yox, özəl şirkət kimi çıxış edir.
Eyni sözləri sərnişin daşınması xidməti haqqında da demək olar. NN-in patronajlığı ilə yaradılan şirkətlər sərnişin daşınması xidmətini inhisara götürüb və sürətlə “yad” şirkətləri bazardan çıxarır. Siyasi hakimiyyət nəqliyyat sektorundakı bu xaosdan narahatdır. Çünki aztəminatlı əhalinin mütəmadi olaraq istifadə etdiyi ictimai nəqliyyatdan narazılıq pik həddinə çatıb, 100 milyon manata başa gələn “Nəqliyyatın İntellektual İdarəetmə Sistemi” iflic vəziyyətdədir. Bu səbəbdən də NN-in yenidən təşkil olunması və səlahiyyətlərinin yerli icra hakimiyyətləri arasında bölünməsinə ehtiyac yaranıb.
Nəqliyyat Nazirliyinin yenidən təşkil olunması Z.Məmmədovun etimad limitinin bitməsi ilə bağlı bir məsələdir. “Yeni Müsavat”ı məlumatlandıran mənbə bunu “struktur islahatı” kimi təqdim etməyə çalışsa da, yeni ideyanın Z.Məmmədovun “portfelsiz nazir”ə çevrilməsinə hesablanan layihə olması göz önündədir. Bu o deməkdir ki, Z.Məmmədov indiki statusunu itirir və adi bir məmura çevrilir.