Başçının oğlu ilə müavini əlbəyaxa oldu Ramal Quliyevlə Baxış Abdullayev arasında çay evində baş vermiş pul davasını yaxın adamları sakitləşdirib
Goranboyda icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyevlə icra başçısının müavini Baxış Abdullayev arasında narazılıq, əlbəyaxa davaya çevrilib. Bu barədə rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumata görə, məmur oğlu ilə müavin arasında narazılıq hələ xeyli əvvəldən yaranıbmış. Səbəbi isə rayonda həyata keçirilən tenderlərdən əldə olunan pulların bölüşdürülməsi zamanı bəzi “əyintilərə” yol verilməsi göstərilir.
Bir neçə gün bundan əvvəl Toğana yolunun üzərində fəaliyyət göstərən və Goranboyun icra başçısı Nizaməddin Quliyevə məxsus olan çey evində bir araya gələn Ramal Quliyev və Baxış Abdullayev hesab-kitab ediblər. Həmin vaxt ümumi məbləğin heç də kiçik olmayan hissəsi “xərc” kimi göstərlib ki, bu da icra başçısının oğlunun qəzəbinə səbəb olub. Nəticədə tərəflər əlbəyaxa olublar. Çay evində onlara yaxın olan adamların araya girməsindən sonra ortalıq sakitləşib.
Bildirilir ki, icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev, həqiqətən də, Gornaboyda həyata keçirilən bütün tikinti işlərinə, habelə tender yolu ilə ayrılmış pulların nəzarətinə məsul şəxs olaraq tanınır. Onun adı indiyə qədər bir neçə iri maliyyə qalmaqalına da qarışıbmış.
Bununla bağlı geniş araşdırmamızı yaxın günlərədə təqdim edəcəyik.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.