Dilənçinin ailəsi bir ay ərzində orta hesabla təxminən 5 min manata yaxın gəlir əldə edir
Bakıda dilənməyə məcbur edilən uşaqlara tez-tez rast gəlinir. Onların çox hissəsi qaraçılardır.
Şəbəkə verilişi dilənən uşaqlarla bağlı bir neçə foto yayımlayıb. Sosial şəbəkədə paylaşılan görüntülərdən biri İnşaatçılar metro stansiyasının yaxınlığında çəkilib. Tütək çalan balacanın adı Şahindir və onun 14 yaşı var. O, tütək çalmaqla diqqətləri özünə çəkir.
Özünün bildirdiyinə görə, gündəlik qazancı təxminən 30-50 manat arası dəyişir. Ailədə 4 nəfərdilər və ailənin hər üzvü dilənir. Ailə bir ay ərzində orta hesabla təxminən 5 min manata yaxın gəlir əldə edir.
Şahinin sözlərinə görə polisi görəndə qaçır. Ətrafda işləyənlər isə bildirir ki, Şahinin anası hər 1 saatdan bir gəlib uşağın qarşısındakı qutudan pulları yığıb aparır.