Azərbaycanda tövlədə qalan 6 nəfərlik ailə (VİDEO)
23-12-2014, 23:57
FHN-nin verəcəyi qərar isə 6 nəfərlik ailə üçün olum ya ölüm məsələsidir Lənkəranın Xarxatan kəndində Sadixovlar ailəsi onlara olan münasibətin dəyişməsini arzulayır.
ANS TV-nin məlumatına görə, Xarxatan kəndində içində 4 azyaşlı uşağın da olduğu 6 nəfərlik ailə bu ilki qışı evsiz keçirməli olacaq. Əgər aidiyyati qurumlar ailəyə operativ kömək əli uzatmasa. Ötən əsrin ortalarında gil kərpicdən inşa olunmuş 2 otaqlı ev keçən aydakı intensiv yağışlardan sonra yaranan izafi suların təsirinə davam gətirməyərək bir həftə öncə dağılıb. Həmin vaxtdan bu günə kimi ailə üzvləri pərən-pərən olub, hərəsi bir qonşuya pənah aparıb.
Zərərçəkən Zeynəb Sadıqova aidiyyatı qurumlardan kömək istədi: “Məni evlə təmin etsinlər. Gəlinim 4 uşaqla çöldə qorxa-qorxa oturub. Camaatın evində yatıram, gəlin də düşüb küçələrə. Mən belə utanıram, istəyirəm özüm üçün qəbir qazım”.
Asudə Sadıqova isə əlinin hər yerdən üzüldüyünü deyir. Onsuz da insaflı qonşuların maddi yardımı ilə dolanan 4 uşaq anasının gündüzləri tövlənin talvarında keçirdiyini deməsi havanın soyuqluğundan da çox iliyə işləyir.
Ağır maddi durumda olan Sadıqovlar ailəsinə dövlət dəstəyinin vacibliyini qonşular da, qohumlar da təsdiqiləyir.
Xarxatan kəndinin daxil olduğu Şağlaser ərazi vahidliyində şifahi olaraq bildirdilər ki, məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb və FHN-nin mütəxəssisləri bir ay öncə evə baxış keçirib. Qurumun verəcəyi qərarı gözlədiklərini deyən icra rəsmisi ailə üçün yeni bina tikmək imkanlarının olmadığını bildirdi. Deməli, evsiz ailənin taleyi FHN-nin verəcəyi qərardan asılıdır. Bu qərar isə 6 nəfərlik ailə üçün olum ya ölüm məsələsidir.