Dekabrın 22-də, Bakının Qaradağ rayonu ərazisindəki 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyamı haqda məlumat vermişdik. Məlumatda bildirilirdi ki, məhbuslar cəzaçəkmə müəssisəsindəki dözülməz şəraitə, müəssisə rəhbərliyi və əməkdaşlarının kobud rəftarına etiraz ediblər. Ehtimala görə, vəziyyətin nəzarətdən çıxdığını görən müəssisə rəhbərliyi yuxarı instansiyaya müraciət edib və nəticədə ora xüsusi təyinatlı qoşun hissələri yeridilib.
Penitensiar Xidmətin mətbuat xidməti isə məsələ ilə bağlı sorğumuzu yazılı şəkildə belə cavablandırmışdı: “22.12.2014-cü il səhər saat 10 radələrində 14 saylı cəzaçəkmə müəssisəsində bir neçə məhkum daxili intizam qaydalarını kobud surtədə pozaraq, digər məhkumların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək hərəkətlərə yol veriblər. Ədliyyə Nazirliyinin rəhbərliyinə hadisə barədə məruzə edilib. Müəssisənin ətrafına aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Penitensiar xidmətin Baş idarəsinin rəhbər əməkdaşları müəssisəyə daxil olaraq, daxili intizam qaydalarını pozmağa cəhd edən məhkumlara qanunun tələblərini izah edib və qısa zaman ərzində cəzaçəkmə müəssisəində sabitlik bərpa edilib. Cəzaçəkmə müəssisənin ətrafına gətirilmiş xüsusi qüvvələr dislokasiya yerlərinə qaytarılıb. Penitensiar xidmət rəhbərliyi bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələri daxilində əmin-amanlığı pozmağa yönələn hərəkətlərin qarşısı qanun çərçivəsində qətiyyətlə alınacaqdır”.
Musavat.com-a olayın bəzi yeni detalları bəlli olub. Saytın cenubnews.com-a istinadən verdiyi xəbərə görə, sözügedən cəzaçəkmə müəssisəsində qiyam bir məhbusun ölümü ilə nəticələnən hadisəyə görə baş verib. Məlumata görə, Babayev Elşad adlı məhkum həbsxananın yüksək rütbəli işçiləri tərəfindən döyülərək öldürülüb. “Əvvəllər idmanın boks növü ilə məşğul olan məhkum E.Babayev nə qədər güc tətbiq etsə də 3 nəfərə qarşı duruş gətirə bilməyib. Nadzorlar məhkumu qeyri-qanuni olaraq cəza kamerasına salıblar. Orada isə məhkumu ölənə kimi təkləyib döyüblər” – məlumatda deyilir.
Hadisənin nə üstündə baş verməsi haqda hələlik məlumat yoxdur. Amma ehtimal olunur ki, həbsxana işçiləri ilə öldürülən məhbus arasında əvvəlcədən ədavət var imiş. Məhbusun ölümündən sonra həbsxanadakı bütün məhkumlar ayağa qalxıblar. Məlumatda o da deyilir ki, məsələ ilə əlaqədar olaraq, ədliyyə nazirinin müavini, penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev özü şəxsən hadisə yerinə yollanıb.
Aksiya iştirakçıları arasında həmin həbsxanada cəza çəkən siyasi məhbuslar və islamçı məhbuslar da olub.
Xatırladaq ki, siyasi məhbuslar Yadigar Sadıqov, Qurban Məmmədov, jurnalist Sərdar Əlibəyli də orada saxlanılır. Müəssisə dustaqlar üçün ən ağır türmələrdən biri kimi tanınır.
İş günü olmadığından, hadisinin yeni təfərrüatı ilə bağlı rəsmi mövqe ala bilmədik.
Musavat.com