14 saylı “zon”u üsyana qaldıran ölü məhkumun dəhşətli sirri - ŞOK FOTOLAR

25-12-2014, 11:04   
14 saylı “zon”u üsyana qaldıran ölü məhkumun dəhşətli sirri - ŞOK FOTOLAR

Elşad Babayevin bacısı prezidentdən kömək istəyir; cəzaçəkmə müəssisəsində məhbusu karserdə işgəncələrlə öldürüblər
Dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsində məhkumların qiyama qalxdıqları haqda məlumat vermişdik. Məhbusları ayağa qaldıran səbəb kimi 31 yaşlı məhkum Elşad Babayevin işgəncə ilə öldürülməsi göstərilirdi. Qeyd olunurdu ki, E.Babayevə qarşı müəssisədə məsul post tutan mayor rütbəli Firdovsi adlı şəxs, rejim rəisi, baş leytenant Faiq adlı şəxs bir neçə xidmətçi ilə birlikdə kobud rəftara yol veriblər.

“Sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər”
Dünyasını dəyişən E.Babayevin bacısı Simuzər Babayeva “Yeni Müsavat”ın redaksiyasına gələrək, müxbirimizə dəhşətli şeylər danışıb. O deyib ki, qardaşının meyiti üzərində çoxsaylı işgəncə izləri olub: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Morqdan bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi. Bu gün də bunu bizə deməyiblər. Mən morqda qardaşımın meyitinin şəkillərini çəkmişəm. Onu sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər”.

Müstəntiq dedi ki...



S.Babayeva bildirib ki, dekabrın 22-də 14 saylı cəzaçəkmə müəssisəsinə gedərək qardaşının ölümünün səbəbini öyrənməyə çalışıb: “Gecə 12-də müəssisədə oldum. Orada iclas idi. Dedilər ki, generallar gəlib. Mən müəssisəsinin içinə girib generallardan birindən qardaşımın ölümünün səbəbini soruşdum. Çox etinasız şəkildə, gülərək dedi ki, bu haqda məlumatı yoxdur. Mən etiraz etdim. Sonradan dedilər ki, müstəntiq buradadır. Oradan sənədləri aparırdılar. Müəssisəsinin həyətində çoxlu maşınlar vardı. Müstəntiqdən soruşdum ki, qardaşımı məhbuslar öldürüb, yoxsa müəssisə məmurları? İntihar edib etmədiyini də xəbər aldım. Müstəntiq dedi ki, qardaşın idmançı adam olub, intihar nədir? Məhbusların onda nə işi var? Müstəntiq dedi ki, qardaşın məhbus əlində öləcək adam deyil, onu işçilər döyüb”.

S.Babayeva bildirdi ki, qardaşı çox sağlam olub: “O, boksçu idi. Sonradan Türkiyədə dalğıc kurslarına da getmişdi. Dalğıc kimi dərs də deyirdi. Qardaşımı 2014-cü il iyunun 10-da Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları saxlamışdı. Onun üzərində narkotik tapılmışdı. Bu il sentyabrın 3-də Suraxanı məhkəməsi ona 1 il 6 ay cəza təyin edib. Sentyabrın 27-də onu 14 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. Orada qardaşımı karantində saxlayıblar. Onun tam sağlam olması haqda həkimlər rəy verib. Qardaşımın ölümünün araşdırılmasını tələb edirəm”.

“Gördüm ki, Əli qardaşımı divara dirəyib”



S.Babayeva deyib ki, qardaşı ilə sonuncu dəfə dekabrın 10-da görüşüblər: “Görüşə anamla birgə getmişdik. Elşad bikef idi. Amma səbəbini demədi. Ora gedəndə bizdən pul istəyirdilər. Müəssisənin içinə girəndə orada kameralardan sonra bir otaq var. Həmin otaqda pul yığırlar. Hər kəsi ora ötürüb pul alırlar. Həmin görüş zamanı Əli adlı müəssisə işçisi gəldi. Özünü təqdim edib dedi ki, rəisdir. Bizə müraciətlə dedi ki, məni də görün. Elşad görüşdən gedəndə sovqatları götürdü. Bizi də həmin otağa ötürdülər. Mən qapının arasından baxdım, gördüm ki, Əli qardaşımı divara dirəyib. Elşada deyirdi ki, pulların hamısını ver. Verdiyin pullar azdır. Elşad əlində nə pul vardısa Əliyə verdi. Amma o yenə də dedi ki, Elşad, özün bilirsən bu pul azdır. Elşad sovqatları götürüb getmək istəyəndə qoymadı. Mən həmin vaxt qapını döyüb qardaşıma qarşı qanunsuzluqlara son qoyulmasını tələb etdim. Əli orada qardaşıma zülm edirdi. Mən səs-küyə gələn müəssisə işçilərinə də bunu dedim. Əlini bu gün mənə göstərsələr tanıyaram. O, orta boylu, ağ bənizli, az saçı olan bir şəxsdir. O, geyiminə görə digər işçilərdən fərqlənirdi”.

“Orada hər şey pulladır”



S.Babayeva deyib ki, qardaşı hər həftənin 2-ci günü evə, telefonlarına zəng vuraraq onlarla danışıb: “Dekabrın 10-dan sonrakı günlərdə Elşad zəng etmədi. Biz bunun səbəbini bilmədik. Ona hər görüşdə pul verirdik. Deyirdi ki, hamama, saçımı vurdurmağa, telefon danışıqlarına pul ödəyirəm. O, müəssisədəki marketdə hər şeyin 3 qat baha olduğunu deyirdi. 40 qəpiklik suyu orada 1 manat 50 qəpiyə satırdılar. Elşad deyirdi ki, müəssisənin yeməyi həddən artıq keyfiyyətsizdir. Bu səbəbdən də orada yemək yemirdi. Biz getməyəndə ac qalırdı. Biz varlı adamlar deyilik. Ona elementar ehtiyaclarını qarşılamaq üçün imkanımız daxilində pul verirdik. Orada hər şey pulladır”.

“İnsan insan kimi ölər, başa düşürsüz, vəhşicəsinə öldürülməz...”



S.Babayeva məsələnin ən ciddi şəkildə araşdırılmasını tələb edir: “Mən qardaşımın meyitini görmüşəm. Onun meyitini görən istənilən insanın ürəyi parçalanar. Qardaşıma bu cür ölümü yaşadanlar, vəhşicəsinə yaşadanlar... İnsan insan kimi ölər, başa düşürsüz, vəhşicəsinə öldürülməz. Qardaşım istifadəçi kimi gedib cəzasını çəkirdi. O, etdiyi əmələ görə cəzasını çəkirdi. Deyirdi ki, bir də bu işlə məşğul olmayacağam. Öz sağlamlığıma zərər yetirmişəm, heç kimə zərər vurmamışam.

[thumb]http://anaxeber.info/uploads/posts/2014-12/1419491075_79b7fd86-c903-4208-938a-1
Bunu ekspertiza da təsdiqlədi ki, o aludəçi olmayıb. O, cəza çəkdiyi müddətdə qanunlara tabe olub. Mən Əli adlı rəisin qardaşıma qarşı haqsızlıq etdiyini görmüşəm. Öldürülməsini o etməyibsə, bir başqası edib. Axı orada bir insanı öldürüblər. Heç kimsə o cür ölümü haqq etmir. Silahla öldürsəydilər, canım bu qədər yanmazdı. Silahla öldürülmə ani ölümdür. Amma qardaşımın ölümü işgəncəli ölümdür. Onun üzündəki işgəncəni mən morqda gördüm. Onun üzündə işgəncə izləri vardı. Qardaşımı bu vəziyyətə salanlar necə yaşayacaqlar? Haqsızlığa göz yummaq özü də bir vicdansızlıq, qardaşıma qarşı törədilən cinayətə şərik olmaqdır. Mən susmayacağam”.

“Məhkumu döyərək, dəhşətli işgəncə verərək, alçaldaraq, öldürərək tənbeh etməməlidirlər”



S.Babayeva cəzaçəkmə müəssisəsində ölkə qanunlarının kənara qoyulmasını vurğulayıb: “Məhbusxanada dövlətin qoyduğu qanunları kənara qoyub məhbusları özünün qoyduğu qanunlarla cəzalandıran, məhbusu döyərək, alçaldaraq cəzalandıran şəxsi dövlət cəzalandırsın. Bu adamların haqqı yoxdur ki, dövlətin qanununa qarşı getsin. Əgər məhbus məhbusxanada hansısa bir hadisə törədirsə, hansısa bir əmrə tabe olmursa buna görə də qanunlar var. Akt tərtib olunmalı, məhkəmə qurulmalıdır və cəzasını almalıdır.
[thumb]http://anaxeber.info/uploads/posts/2014-12/1419491082_a3de92c10d9d.jpg[/thumb]


Amma məhkumu döyərək, dəhşətli işgəncə verərək, alçaldaraq, öldürərək tənbeh etməməlidirlər. Mənim etirazım öz vəzifəsindən sui-istifadə edən müəssisə məmurlarınadır. Onlara dövlət vəzifə əmanət edib. Onlara kiminsə canına qəsd etmək səlahiyyəti verilməyib. Mənim qardaşım da həmin vəzifə etibar olunan məmurlar kimi bir ananın övladıdır.

“Harada görünüb ki, bir insanın cəzası döyülərək öldürülməklə verilsin?”
“Qardaşım ora sağ-salamat getmişdi. O terror etməyib ki? Onun əlində silahı yoxdur ki? Əli qandallı məhbus nə edə bilərdi? Harada görünüb ki, bir insanın cəzası döyülərək öldürülməklə verilsin? Ümumiyyətlə orada məhbuslarla yaxşı davranmırlar. Çünki kimsə yaxşı şəraitdə saxlanarsa, etiraz etməz. Əlbəttə, məhbus bilir ki, ora kefə getməyib, cəza çəkəcək. Amma cəzanın da qədəri var. Oradakı özbaşınalıq durdurulmalıdır. O qanunsuzluqlar olmamalıdır”, - deyə E.Babayevin bacısı bildirib.

“Qardaşımın ölümü araşdırılsın, bu cinayəti edənlər cəzasını alsınlar”



S.Babayeva prezident İlham Əliyevə müraciət edərək qardaşının ölümünün nəzarətə götürülməsini istəyib: “Mən seçdiyim, səs verdiyim dövlət başçısına müraciət edirəm. Bu adamlara prezident vəzifə etibar edib. Əgər qardaşımın qanunsuz əməli vardısa, bunu qeydiyyata alardılar və məhkəməsi olardı. Onu niyə öldürdülər? Etirazım dövlət məmurlarınadır. Niyə mənim qardaşımın meyiti oradan çıxmalı idi? Heç kimə əli qandallı məhbusu öldürmək səlahiyyəti verilməyib. Qandal qardaşımın əllərini kəsib. Döymək icazəsi kimə verilib? Mən sizdən xahiş edirəm, qardaşımın ölümü araşdırılsın, bu cinayəti edənlər cəzasını alsınlar”.

E.MƏMMƏDƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.