Hüquq müdafiəçisi “Burada o yan, bu yan danışmağın da yeri yoxdur” dedi
“Bu sırf işgəncədir. O yan, bu yanı da yoxdur. Mən xahiş-tələb edirəm ona bu işgəncəni verib ölümünə bais olanlar qanun qarşısında cavab verməlidirlər. Burada burcutmağın, o yan, bu yan danışmağın da yeri yoxdur. Bu danılmaz faktdır”.
Bunu “Yeni Müsavat”a İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov deyib. Bildirib ki, E.Babayevin yaxınları ona elektron müraciət ediblər: “Elşad Babayev həyatını evində, küçədə yox, dövlətin cəzaçəkmə müəssisəsində dəyişib. Onun bədənində çoxsaylı işgəncənin izləri var. Fotolardan bunu açıq-aşkar sezmək olur. Bunu görməzdən gələnlərə deməyə söz tapmıram. Bu gün (dekabrın 26-da) mən baş prokuror Zakir Qaralova müraciət ünvanlamışam ki, bu ölüm faktı araşdırılsın”.
E.Behbudov E.Babayevin işgəncə verilərək öldürülməsinə görə məsuliyyəti Penitensiar Xidmətin daşıdığını açıqladı: “14 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi də, Penitensiar Xidmətin rəhbərliyi də bu hadisəyə görə birbaşa məsuliyət daşayırlar”.
Hüquq müdafiəçisi deyir ki, E.Babayevin ölümü ilə bağlı hazırladığı hesabatı ölkə rəhbərliyinə, müvafiq qurumalara və beynəlxalq təşkilatlara da təqdim edəcəyini açıqladı: “Yanvarın 9-da həmin hesabatı ictimaiyyətə, cəmiyyətə də təqdim edəcək, mətbuata açıqlayacağam”.
Qeyd edək ki, 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elşad Babayev dekabrın 22-də müəssisədə dünyasını dəyişib. Bundan sonra müəssəsədə saxlanan məhbuslar üsyana qalxıblar. Müəssisəyə qoşun yeridilib.
Dünyasını dəyişən E.Babayevin bacısı Simuzər Babayeva “Yeni Müsavat”ın redaksiyasına gələrək, müxbirimizə dəhşətli şeylər danışıb. O deyib ki, qardaşının meyiti üzərində çoxsaylı işgəncə izləri olub: “Dekabrın 22-də axşam 7-8 radələrində telefonuma zəng gəldi. Kimliyi haqda məlumat verməyən şəxs dedi ki, qardaşın Elşadın meyiti Lökbatanda morqdadır. Ondan onun ölümünün səbəbini soruşdum. Dedi ki, heç bir məlumat verə bilmərik. Dediyi ünvana getdim. Meyitxanada qardaşımın meyitinə baxdım. Onun qollarında, ayaqlarının altında, boynunda, belində, üzündə xəsarətlər, işgəncə izləri vardı. Ayaqlarının altı şişmişdi. Morqdan bir sənəd verdilər. Orada qardaşımın ölümünün səbəbi göstərilməmişdi.
Bu gün də bunu bizə deməyiblər. Mən morqda qardaşımın meyitinin şəkillərini çəkmişəm. Onu sanki filmlərdə göstərilən siyasi məhbuslar üçün həbsxanada döyüb öldürüblər”.
E.MƏMMƏDƏLİYEV