Bu günlərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun müəmmalı şəkildə ölməsi iə bağlı adı hallandırılan sözügedən rayonun icra başçısı Ceyhun Cəfərovla bağlı yeni məlumatlar yayılıb.
Yenilik.Az xəbər verir ki, saytlarda yayılan xəbərlərə görə, şöbə müdiri dekabrın 14-də sonuncu dəfə icra başçısı Ceyhun Cəfərovla danışıb və həmin söhbət kifayət qədər gərgin keçib:
“Belə ki, icra başçısı mərhum şöbə müdiri ilə kifayət qədər sərt danışıb və onun rəhbərlik etdiyi qurumun fəaliyyətinin Baş Prokurorluq tərəfindən yoxlanmasının vacibliyini dilə gətirib. Halbuki, bir müddət öncə rayondakı tikinti və abadlıq işlərinə görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri, mərhum Gülbala Əsədov Bakıdakı və Kürdəmirdəki evlərini banka girov qoyaraq küllü miqdarda kredit götürüb. Həmin məbləğin əhəmiyyətli hissəsini rayondakı abadlıq işlərinə sərf edən şöbə müdiri bundan sonra iflasa uğrayıb”.
Savash.org-un iddiasına da o da bildirilir ki, rayondakı “Heydər bulağı”nın ətrafını öz hesablına hasarladan Gülbala Əsədov, eyni zamanda, “Dördyol” adlanan ərazidən Mollakənd istiqamətində yol kənarındakı səkilər təmir etdirib:
“Amma bütün bunlara baxmayaraq, mərhum şöbə müdiri ilə icra başçısı arasındakı gərginliyə son qoyulmayıb.
Məlumat üçün bildirək ki, mərhum şöbə müdirinin qardaşı Kürdəmir rayonu Karrar kənd icra nümayəndəsi vəzifəsində işləyir. Onun qardaşının düşdüyü acınacaqlı durumla bağlı dəfələrlə Kürdəmir RİH başçısı Ceyhun Cəfərovun qəbulunda olub. Amma icra başçısı hər dəfə şöbə müdirini dinləməyib və bu da nəticə etibarilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Kürdəmir rayon şöbəsinin müdiri Gülbala Əsədovun ürəyinin partlayıb ölməsilə nəticələnib.
Bildirək ki, buna qədər Kürdəmir RİH başçısına dəfələrlə xəbərdarlıq edilib. Belə ki, C.Cəfərovun Kürdəmir rayonuna icra başçısı təyin olunmasından az bir müddət keçməsinə baxmayaraq, onun adı dəfələrlə qalmaqallı hadisələrdə hallanıb”.