Hüquq müdafiəçisi "işgəncə konslageri"ndəki dəhşətlərdən danışdı

26-12-2014, 16:09   
Hüquq müdafiəçisi "işgəncə konslageri"ndəki dəhşətlərdən danışdısgəndərli: “14-cü CM-də verilən qidanı məmurların itləri belə yeməz”
“Demokratiyanın Müdafiəsinə Kömək” ictimai birliyinin rəhbəri, hüquq müdafiəçisi Vidadi İsgəndərli məhkum Elşad Babayevin meyiti çıxan 14 saylı cəzaçəkmə müəssisəsindəki durum haqda danışıb. Hüquq müdafiəçisi “Yeni Müsavat”a deyib ki, 2011-ci ilin noyabrından – 2012-ci ilin dekabrına kimi 14 saylı cəzaçəkmə müəssisəsində saxlanıb.
V.İsgəndərli cəzaçəkmə müəssisəsini bu cür təsvir edib: “Ora konslagerdir. Məni ora gətirənə qədər belə şeyləri kitablarda oxuyub, kinolarda görmüşdüm. Sözsüz ki, bütün bu işgəncələr müəssisə rəhbərliyinin göstərişi ilə verilirdi. Penitensiar Xidmətinin rəhbərliyinin bundan məlumatsız olması mümkünsüzdür. Sadəcə, bütün bu qanunsuzluqlara göz yumurdular. Məhz bu dözülməz şəraitə görə müəssisədə 10 sentyabr 2012-ci ildə qiyam baş verdi. Xüsusi təyinatlılar o vaxt müəssisəyə daxil olub 100 məhkumu şikəst etdilər”.

“Çox adi və sadə hərəkətləri cəzaya səbəb ola bilərdi”

V.İsgəndərlinin sözlərinə görə, həmin müəssisədə məhkuma cəza verilməsi üçün çox adi və sadə hərəkətlər əsas ola bilərdi: “Məsələn, karantindən sonra məhkumları gətirirdilər rejim rəisi Əlzamin müəllimin yanına. Onu qəddarlığına görə “Hitler” ləqəbi çağırırdılar. Məhkum himni oxuya bilmirdisə, işgəncə verirdilər. 7-8 nəfər bir məhkumu döyürdü. Azərbaycanın xəritəsini məhkuma göstərirdilər. Soruşurdular ki, haralısan? Həmin yeri xəritədə göstərə bilmirdisə, yenə də işgəncəyə məruz qalırdı. Bu adamlar məhkumlarda himnimizə, bayrağımıza nifrət hissi aşılayırdılar. Gecə 9-dan sonra barakda (məhbusların saxlandığı yer) kimin səsi çıxsaydı onu karserə (təkadamlıq cəza kamerası) aparıb işgəncə verirdilər. Müəssisədə 3 məhkumun bir yerdə toplanması hər 3 nəfərin işgəncəyə məruz qalmasına səbəb idi. Məhkum başqa bölümün yeməkxanasına girdisə, yenə də işgəncəyə məruz qalırdı. Gedə-gedə siqaret cəkmək, pulunu ortaya çıxartmamaq, ucadan gülmək, hər hansı bir narazılıq bildirmək, zona gələn yoxlamaya şikayət etmək, türmə işçilərinə pul verəcəyini deyib vaxtında verməmək, qış və ya yay olmasından asılı olmayaraq 1 sm-dən çox saç saxlamaq dəhşətli işgəncə verilməsinə səbəb olurdu. İşgəncə mexanizmi belə idi. Məhkumu digər məhkumların gözü qarşısında döyürdülər, sonra karserə aparırdılar. Orada məhkumun bədəninə yanan siqaret basırdılar, döşəməni yalamağa məcbur edirdilər. Elə məhkumlar vardı ki, onları toka verirdilər”.

“14-cü CM-də verilən qidanı məmurların itləri belə yeməz”

V.İsgəndərli cəzaçəkmə müəssisəsinin müharibədən sonrakı illərdə tikildiyini dedi: “Ora nəinki Azərbaycan standartlarına, qulların saxlandığı yerlərin standartlarına da cavab vermir. Qullara doyunca yemək verirdilərsə, 14-cü zonda verilən qidanı məmurların itləri belə yeməz. Dəhşət ondadır ki, zona yaxın ərazıdə yüzlərlə daş karxanası və atom tullantılarının basdırıldığı “qəbirstanlıq” yerləşir. Öz-özluyundə bu həbsxananın mövcudluğu belə cinayətdir”.

“Orada məhkumları mənəvi baxımdan “sındırırlar”

Hüquq müdafiəçisi deyir ki, həmin müəssisəyə göndərilən məhkumların işgəncəsi ora ayaq basdıqları ilk gündən başlayır: “Müəsisəyə düşən kimi məhbusu karantin adı ilə 1 ay ümümi zondan aralı olan baraklarda saxlayırlar. 200-300 manat verənlər üçün bu müddət 3 günə endirilir. Səhər 9-da ümümi yoxlama olanda 800-dən çox məhbus sıraya düzülür. Onların gözü qarşısında karantində olan məhkumlara dəmirdən düzəldilmiş, 30-40 kiloqram ağırlığında bel, dırmıx verilir. Və onlar 800 dustağın qarşısından bu şəkildə keçməyə məcbur edilirlər. Orada məhkumları mənəvi baxımdan “sındırırlar”. Səhər 9-dan günorta 1-ə kimi müəssisənin arxasında yerləşən 7-8 sot yeri öncə qazdırıb sonra təkrarən üstünü örtür, dırmıxlatdırırlar. Bu proses 30 gün davam edir. Hansı məhkum bu işgəncələrə etirazını bildirirdi, onu dərhal karserə aparıb orada “sınan”a qədər döyürdülər. Bu “qəhraman”lığın başında o vaxt rejim rəisi işləyən mayor Əlzamin, rejim işcisi Faiq, nəzarətçilər Rahoyi, xüsüsən Fərhad və digərləri idi. Fərhadı sonradan məhkumlara narkotik satdığı ücün işdən azad etdilər. Ümümilikdə bütün əməkdaşlar bu prosesə cəlb edilirdilər”.

“Ona odla da, elektrik cərəyanı ilə də, başqa üsüllarla da xəsarət yetirə bilərdilər”

V.İsgəndərli bildirib ki, 2011-ci ildə özü də daxil olmaqla siyasi dustaqlar 14 saylı cəzaçəkmə müəssisəsinə köçürüləndən bir müddət sonra işgəncələrə bir qədər ara verilib: “Belə ki, tez-tez səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri siyasi məhbusların ziyarətinə gəlirdi. Müəssisə rəhbərliyi də bunu nəzərə alıb bir müddət qanunsuzluqlara son qoymuşdu. Elşad Babayevin bədəni üzərindəki xəsarətləri, arxa hissəsində olan yanıq xəsarətini ona müəssisə işçiləri verib. Məhkumlar onu yandırmağa yer tapmazdılar. Ona odla da, elektrik cərəyanı ilə də, başqa üsüllarla da xəsarət yetirə bilərdilər”.

“Bu Azərbaycan reallığıdır”

V.İsgəndərli deyir ki, Azərbaycanda E.Babayevin bədəni üzərindəki xəsarətlər haqda düzgün rəy verə biləcək məhkəmə tibb ekspertizası yoxdur: “Tibbi ekspertlərin böyük əksəriyyətinin kifayət qədər təcrübəsi var. Lakin onlar hüquq mühafizə orqanlarından asılı vəziyyətdədirlər. Acı da olsa da, bu Azərbaycan reallığıdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.