Axtarış zamanı “Azadlıq”ın Bakı ofisindən nələr götürülüb... - YENİLƏNİB

26-12-2014, 16:52   
Axtarış zamanı “Azadlıq”ın Bakı ofisindən nələr götürülüb... - YENİLƏNİB
“Azadlıq” radiosu Baş Prokurorluq əməkdaşlarının radionun Bakı ofisində apardığı axtarış-götürmə əməliyyatı ilə bağlı yeni xəbər yayıb.

Xəbərdə deyilir ki, prokurorluğun əməkdaşları radionun Bakı bürosunda seyfi sındıraraq oradan radionun sənədlərini, möhür və blanklarını götürüblər.

Bundan başqa, ofisdən radioya məxsus yaddaş kartları, server kompüteri, 2 noutbuk, fotoaparatlar və videokameralar götürülüb.

* * * 13:00

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, axtarış Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsinin əməkdaşları tərəfindən aparılır. Axtarış radionun əməkdaşı Xədicə İsmayılova barəsində açılmış cinayət işi ilə bağlı deyil. “Axtarış Ağır cinayətlərə dair işlər üzrə istintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır”.

* * *12:28

Bu dəqiqələrdə “Azadlıq” radiosu məsələ ilə bağlı qısa məlumat yayıb. Həmin məlumatda deyilir: “Bu gün təxminən saat 10:30 radələrində Baş Prokurorluğun əməkdaşları “Azadlıq” radiosunun Bakı bürosunda axtarışa başlayıblar.

Axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa iki radio əməkdaşının da iştirakı qoşulub”.

* * *11:58

Dekabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı “Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı “Kaspian Plaza” Mərkəzinə gəliblər.

“Media forum” saytı xəbər verir ki, prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir. Bu əməliyyatın Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.