Yaltaqlıq, məddahlıq insanı alçaldan xarakterlərdəndir. Təəssüf ki, cəmiyyətimizdə bu sahədə dırnaqarası inkişaf var və bu da ciddi problemlər yaşadır. Məsələ o həddə çatıb ki, tələbə yaşlı gənclər yaltaqlıq, məddahlıq məsələsində 60 yaşlı pəzəvəngləri də üstələyirlər.
Kənardan baxanda bəlkə də məsələ o qədər də problem doğurmur. Ancaq həyatını məddahlıq üzərində quran, yaltaqlığı həyat tərzinə çevirən gənclik ölkəni doğru gələcəyə apara bilməz.
Ətrafında baş verənlərə obyektiv (tənqidi demirik-red.) münasibət sərgiləyə biməyənlər ictimai təhlükəli adamlar hesab edilir. Onların sayının coxalması, onların gəncləşməsi yalnız təəssüf doğurur.
Bəs, bunun qarşısını necə almaq olar...
Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, deputat Siyavuş Novruzovu da bu məsələ narahat edir. Millət vəkili bu problemin hər hansı qanun qəbul etməklə həllini mümkünsüz sayır.
“Məncə, yaltaqlıq xəstəlikdir və bunun bir neçə növü var. Burada həm irsi vəziyyətlə əlaqədar olaraq yanaşmalar var, yaltaqlığın həm də asılılıq vəziyyətlərlə bağlı olan formaları mövcuddur. Bu, müxtəlif formada təzahür edir. Adam var ki, yaltaqlıq onun genindədir. Buna görə də hansı qanunu qəbul edirsən et, ona xeyri yoxdur. Digər hallarda isə müxtəlif adamlar bu formadan istifadə edir”.
Deputat qeyd edib ki, ümumilikdə, Şərq ölkələrində yaltaqlıq “peşəsi”nin tarixi çox qədimdir.
“İbtidai icma quruluşundan başlamış üzü bu tərəfə proses gedir. Və bu, qarşısıalınmaz haldır. O baxımdan güman etmirəm ki, hansısa qanunla yaltaqlığı tənzimləmək, forma və metodlarını göstərmək mümkün olsun”. (modern.az)