Rusiya Federasiyası Komi Respublikasının Ali Məhkəməsi bu günlərdə azərbaycanlı iş adamı, “Uxtaneftqazgeologiya” ASC-nin baş direktoru, Komidəki yerli azərbaycanlı icmasının lideri, regional Dövlət Şurasının deputatı Akif Sayadovun həbs müddətinin daha iki ay uzadılması barədəki vəsatətə baxdı. Və bu biabırçı vəsatəti təmin etdi. Vəkillərin apelyasiya şikayəti isə baxılmamış saxlandı.
Virtualaz.org-un məlumatına görə, A.Sayadov başqasının əmlakını mənimsəmə ittihamı ilə oktyabrın 27-də həbs olunub. Elə həmin gün də Kominin paytaxtı Sıktıvkar şəhərinə aparılıb və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Dekabrın 24-də həbs müddəti bitdiyindən qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.
Azərbaycanlı oliqarx Rusiya Federasiyası Cinayət Məcəlləsinin (RF CM) 160-cı (ona etibar olunmuş özgə əmlakını mənimsəmə) və 174.1-ci (pul vəsaitləri və əmlakın cinayətkar yollarla leqallaşdırılması) maddələri ilə ittiham olunur.
İstintaq materiallarına görə, A.Sayadov geoloji-kəşfiyyat işləri üçün avadanlıqların alınması, çatdırılması və saxlanması üzrə müqavilələr imzalayarkən şirkətin təxminən 42 milyon rubl vəsaitini mənimsəyərək nəqdləşdirib.
Bundan əlavə, iddia olunur ki, A.Sayadov 2009-2013-cü illərdə Azərbaycana səfər edərkən bu səfərlərdə olduğu müddətdə özünə maaş yazılmasına göstəriş verib, bu zaman ezamiyyət və ya məzuniyyətdə olmasına dair heç bir sənəd təqdim etməyib, bununla da ona şəxsi məqsədlərlə xərclədiyi pullar (1,2 milyon rubl) heç bir əsas olmadan ödənilib, nəticədə isə ASC-yə maddi ziyan dəyib.
Daha sonra istintaq A.Sayadovun Rusiyanı tərk edəcəyindən ehtiyat edərək onun həbs müddətinin artırılmasını tələb edib...
A.Sayadov proses iştirakçıları ilə Kirov şəhərinin istintaq təcridxanasından videoəlaqə vasitəsilə danışdı. Onlara suallar verdi. Soruşdu ki, Kominin mərkəzində istintaq təcridxanası ola-ola onu ucqarda niyə saxlayırlar, məhkəməyə niyə aparmırlar.
Güc strukturlarından heç kim suala cavab vermədi.
Ali Məhkəmənin iclası başlayan kimi müdafiə tərəfi qətimkan tədbirinin yumşaldılmasını, müttəhimin 3 milyon rubl müqabilində zaminə və ya ev dustaqlığına buraxılmasını tələb etdi, bu tələbini bir neçə tutarlı arqumentlə əsaslandırdı.
Bu arqumentlər arasında Komi Dövlət Şurasının 15 deputatının, Rusiyadakı Azərbaycan diasporunun 64 nüfuzlu nümayəndəsinin, habelə A.Sayadovun çoxsaylı nüfuzlu həmkarlarının müraciətləri, nəhayət, A.Sayadovun aldığı çoxsaylı dövlət mükafatları və fəxri fərmanlar da var.
Vəkillər bunların hamısın iş materiallarına əlavə etməyi istədilər. RF CM-ə görə, həbs qərarı verilərkən müttəhim barədəki müsbət xarakteristika yüngülləşdirici hal kimi nəzərə alınır.
Əvvəlcə elə görünə bilərdi ki, məhkəmə heyəti bu arqumentlərə diqqət yetirəcək. Amma yetirmədi.
Vəkillər A.Sayadovun Sıktıvkar və ya Uxta şəhərlərinin təcridxanasına köçürülməsini də tələb etdilər. Bu tələb daha ciddi əsaslara söykənir. Belə ki, A.Sayadov ağır onkoloji xəstəlikdən əziyyət çəkir. O, 6 kurs kimya terapiyası müalicəsi alıb, müalicə planı isə 2 illiyə nəzərdə tutulub.
Üstəlik, məhkəməyə təqdim olunmuş tibbi rəydə açıq-aşkar yazılıb ki, A.Sayadovun ona qoyulmuş bu diaqnozla çox yaşamaq şansı elə də böyük deyil. Digər tərəfdən, Rusiya Cinayət-Prossesual Məcəlləsinin 109 və 110-cu maddələri də məhkəməyə barəsində ağır xəstə olması haqda tibbi rəy verilmiş şəxsin həbs müddətini uzatmaq hüququ vermir.
A.Sayadovun vəkilləri bu xüsusatları məhkəmə heyətinə dəfələrlə xatırlatdılar.
Vəkil İqor Kopenkin hakim İvan Obuxova və ittiham tərəfinə müraciət edərək açıq mətnlə belə dedi: “İttiham olunan şəxsin ölümü ilə nəticələnən və beynəlxalq aləmdə böyük rezonans doğuran “Maqnitskinin işi” sizə görünür, dərs olmayıb. İndi məhkəmənin qeyri-qanuni qərarları ucbatından daha bir müttəhimin təcridxanada ölməsi ehtimalı çox realdır. Özü də o, elə istintaq dövründə vəfat edə bilər. Təəssüf ki, istintaq və məhkəmə sanki kardır və bizim dəlilləri eşitmirlər. Nə etməli?! Siz beləcə də davam edin. Amma nəzərə alın ki, siz mənim müvəkkilimin ölümündə günahkar olacaqsınız”.
Məhkəmə heyəti vəkilin bu bəyanatına heç bir reaksiya vermədi. Hakimlər vəkillərin “Akif Sayadov istintaqdan qaçıb gizlənmək niyyətində deyil” sözlərinə də məhəl qoymadı.
Amma vəkillərin son bəyanatı prokurorluq nümayəndəsinin qətiyyən xoşuna gəlmədi. O, yenə də iddia etdi ki, şübhəli şəxs azadlığa çıxan kimi istintaqın bitməsini gözləməyərək guya qaçıb gizlənəcək.
Prokurorluq əməkdaşı bəlkə də haqlı idi, çünki ağır xəstə olan oliqarx gizlənə bilər, amma təəssüf ki, torpağın altında...
Bununla belə məhkəmə heyəti şübhəli şəxs kimi saxlanan A.Sayadova heç olmasa videoəlaqə vasitəsilə öz fikirlərini bildirmək imkanı yaratdı.
Nəhayət, danışmağa taqəti də qalmayan (onun zəif, heysiz olduğunu monitordan da aydın görmək olardı) biznesmen bildirdi ki, məhkəmə zalında baş verənlər ədalət mühakiməsi prosesindən daha çox ona divan tutulması prosesini xatırladır, hakimlər isə bütün dəlil-sübutları açıq-aşkar qulaqardına vururlar.
A.Sayadov bildirdi ki, onun həbsi sifariş edilib. Biznesmen onun ölümünü arzulayanları axtarıb tapacağını da vəd etdi.
Bununla belə A.Sayadov məhkəmənin ədalətli qərar verəcəyinə ümidini itirmədiyini də dedi: “Mən artıq iki aydır ki, qeyri-insani işgəncələrə məruz qalıram. Mənim kimi ağır vəziyyətdə olan xəstə və yaşlı bir adamın dərmansız, müalicəsiz, özü də təcridxanadakı dəhşətli şəraitdə saxlanmasının adı işgəncədir. İstintaqla əlbir olan yerli həkimlər məni öldürməyə çalışırlar. Cənab hakim, əgər ədalətli qərar verməsəniz, siz də mənim ölümümdə günahkar sayılacaqsınız”.
Bundan sonra vəkilləri A.Sayadovun telefonlarının 2012-ci ilin payızından etibarən dinlənildiyini məhkəmə heyətinin nəzərinə çatdırdılar. Halbuki məhkəmə qərarı olmadan telefonları dinləmək RF CM-ə görə cinayət tərkibli əməldir. Lakin məhkəmə burada da qanun pozuntusu “görmədi”.
“İrəli sürülən ittihamların çoxunun heç bir əsası yoxdur. Cəsarətlə deyirəm ki, bu cinayət təqibi gec-tez dayandırılacaq. Burada yox, başqa instansiyalarda dayandırılacaq. Burada baş verənlərin isə cinayət hüququna heç bir aidiyyəti yoxdur” - deyə vəkil Aleksey Knyazev bildirdi.
Məhkəmə istintaqının gedişində o da məlum oldu ki, istintaq ittihamnaməyə daha ciddi maddələrlə tövsif olunan əməlləri (məsələn, ən azı terrorçuluğu maliyyələşdirmək) əlavə etmək üçün sənədləri saxtalaşdırmağa da qol qoyub. Həmin saxta sənədlər isə A.Sayadovun son illər ərzində guya ABŞ, İraq, Suriya və Ukraynaya dəfələrlə səfərlər etdiyini “sübuta yetirir”.
“Məni xilas edin, cənab prezident!”
“Bütün bunlar yalandır, mən ümumiyyətlə bu ölkələrdə olmamışam. Cənab prokurorlar, nəyə görə yalan danışırsınız? Doğrudanmı aydın deyil ki, məni “zakaz ediblər”, məni məhv etmək istəyirlər. Mən buradan prezident Putinə müraciət edirəm: cənab prezident, məni xilas edin” - deyə oliqarx videoəlaqə zamanı yalvardı.
Vəkil İ.Kopenkinin replikası zalda gülüş doğursa da işin mahiyyətini nəzərə alanda acı və məşum səslənirdi: “İstintaqda təsadüfən mənim müvəkkilimin “əl-Qaidə”nin və ya “İslam Dövləti”nin yaradılması ilə əlaqəsinin olduğuna dair irad yoxdur ki? Və ümumiyyətlə, nəyə görə ona bu cür əzab verirsiniz? Yaxşısı budur ki, dərhal öldürün, əzab çəkməsin. O, kiçik, təkadamlıq kamerada, ventilyasiyasız şəraitdə saxlanılır, nəfəs ala bilmir, üstəlik onunla ünsiyyət yaratmağa da imkan verilmir. Müdafiə etdiyimiz şəxslə normal danışa bilmirik, onunla birbaşa ünsiyyətə icazə verilmir. Bizə məlumdur ki, o, bir neçə dəfə huşunu itirib. Nəinki Rusiya qanunları, beynəlxalq konvensiyalar, hətta işgəncələrə qarşı Cenevrə Konvensiyası da birbaşa pozulur”.
Təəssüf ki, bütün səylər boşa çıxdı, vəkillərin heç bir arqumenti hakimlərə təsir etmədi. Məhkəmə heyəti A.Sayadovun gələn il fevralın 26-na qədər həbsdə saxlanılması haqda qərar verdi.
Sayadovun açıqlamaları
Aydındır ki, A.Sayadovla danışmaq virtualaz.org saytının Bakıdan Sıktıvkara qədər minlərlə kilometr yol gedən əməkdaşı üçün çox vacib idi, ancaq prokuror buna israrla icazə vermirdi. Amma hələ də aydın deyil ki, onun ürəyi necə yumşaldı və cəmi iki dəqiqə vaxt ayırdı.
A.Sayadov öncə saytımız vasitəsilə Azərbaycan xalqına salam göndərdi: “Fəxr edirəm ki, azərbaycanlıyam və həmişə böyük Heydər Əliyevin yoluna sadiqəm. Mən xalqımı utandıracaq heç nə etməmişəm. Görünür, mənim burada - Rusiyada qazandığım uğurlar kimlərinsə xoşuna gəlmədi və mənə divan tutmağa qərar verdilər. Mən öz xalqımı sevirəm... Bədbəxtlikdən, mən ölmək üzrəyəm və xahiş edirəm hamıya çatdırasınız ki, Sayadov heç vaxt heç kimdən bir qəpik də götürməyib. Bütün bu ittihamlar mənim düşmənlərimin yalanıdır. Ancaq Allah böyükdür. O, hər şeyi görür. Şadam və sonsuz minnətdaram ki, xalqım məni xatırlayır. Bir qəpik də olsun dövlət vəsaitini mənimsəməmişəm. Bizim müəssisələrimiz tenderlərdə iştirak edib və qazma avadanlıqları alınıb. Avadanlıqlar heç yana itməyib və öz dəyərindən bir neçə dəfə çox qazanc gətirib, şirkətə böyük gəlir verib. Müəssisədə bu avadanlıqların olması müstəntiqlərə il yarım əvvəldən məlum idi. Ona görə də başa düşmürəm ki, məni nədə ittiham edirlər. Yəqin ki, məhkəməyə qədər sağ qalmaram. Ona görə də Azərbaycan xalqına çatdırın ki, mən günahsızam...”
Vəkil Aleksey Knyazev müxbirimizlə söhbətində istisna etmədi ki, Sayadovdan onun rəqibləri qisas alır və söhbət adi reyderlikdən gedir: “Rusiyada “bespredel” o həddə çatıb ki, reyderlər dövlət müəssəsini ələ keçirirlər. Məhkəmənin bugünkü qərarı biabırçılıqdır”.