Bağlanmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ən yaxın adamlarından biri olan, zaman-zaman onun sözçüsü kimi çıxış edərəh mövcud rejimin ünvanına ittihamlar səsləndirən Elnur Məcidli, el dilində desək, tövbə edərək düşərgəsini dəyişib. O, sosial şəbəkədə yuxarıdakı qənaətə gəlməyə əsas verən belə bir status paylaşıb: "Siyasətdə müəyyən təcrübəsi olan, bir çox qurbanlar vermiş insan kimi deyə bilərəm ki, indiyə qədər ən mühüm realizə etdiyim şey konstruktiv əməllərin, tənqidlərin, hətta düşüncələrin ən böyük nəticə verməsidir.
Həyat bir rəngdən, bir formadan ibarət deyil.
Doğrunu demək, hər birimizin borcudur.
Lakin doğrunun belə yaxşı və pis tərəfləri var. İndiyə qədər gördüyüm, şahidi olduğum yanlışları çox dilə gətirmişəm.
Bunu özümə borc bilmişəm, lakin doğruları da söyləməkdən qorxmaq lazım deyil.
Kimsə qınayacaq deyə, kiminsə ağzına söz salacağıq deyə özümüzü doğru bildiyimizi söyləməkdən çəkindirməməliyik.
Cəmiyyətdə dəyişiklik etmək üçün islahatlar labüddür.
Azərbaycanda bu islahatların olmasının ən birinci aparıcısı kimi prezidenti görürəm.
Kim nə deyir desin hakimiyyətdə islahatlar olur və olacaq.
Lakin bu bir günün işi deyil.
Amerikada, Avropada xırda bir sosial dəyişiklik etmək üçün ən azı on il vaxt gedir.
Bu işlərdə İlham Əliyevin rolu böyük olacaq.
Bunu deməkdən qorxmaq lazım deyil, ən böyük tənqidçi olsan belə".
E.Məcidli sözü gedən statusu ayın 24-də paylaşıb.