[media=https://www.youtube.com/watch?v=aApf5AB9hGU]
Jurnalisti şöbəyə aparan polislər rəhbərliyə məruzə edərkən hansı «səhvə» yol verib?
Məhkəmədə dindirilən polis əməkdaşının ifadələrində çoxsaylı ziddiyyətlər ortaya çıxdı
“Azadlıq” qəzetinin siyasət şöbəsinin müdiri, peyklə yayımlanan “Azərbaycan saatı” televiziya proqramının aparıcısı Seymur Həzinin işi üzrə dünənki məhkəmə prosesi qalmaqalla yadda qaldı. Hər dəfə məhkəmə iclasını izləmək, Seymur Həzini görmək üçün onlarla adam Abşeron Rayon Məhkəməsinə getsə də, məhkəmə zalı çox kiçik olduğundan onların böyük əksəriyyəti içəri daxil ola bilmir. Məhkəməyə gələnlərdən, ən yaxşı halda, 15-18 nəfər zala daxil olub prosesi izləyə bilir. Bunlar da əsasən, jurnalistlər, Seymur Həzinin ailə üzvləri olur.
Dünən prosesi izləməyə gələnlərin buraxılması prosesi başlayanda məhkəmədəki polislər bildirdilər ki, jurnalistlərin daxil olması qadağandır. Çünki məhkəmə prosesinə sədrlik edən hakim Şövkət Nəcəfova bu haqda göstəriş verib. Ümumiyyətlə, prosesi izləməyə gələnlər çantaları, mobil telefonları da daxil olmaqla, nə varsa, hamısını polislərə təhvil verib zala keçməlidir.
Açıq məhkəmə iclasına media nümayəndələrinin buraxılmaması etiraza səbəb oldu. Bu zaman polislərin bəziləri kobudluq edərək, qeyri-etik ifadələr işlədiblər.
Məhkəmədə dustaqların saxlanıldığı otaqda olan Seymur Həzi bu səs-küyü eşidibmiş. O, məhkəmə zalına gətirilərkən jurnalistlərin prosesə buraxılmamasına, içəri daxil ola bilən media nümayəndələrinin isə əlindən dəftər-qələminin də alınmasına kəskin şəkildə etiraz edib. Bildirib ki, onsuz da bu prosesin məhkəmə yox, məzhəkə olduğu hamıya bəllidir. Insanlara hörmət qoymaq məhkəmənin də, orada çalışanların da borcudur. Seymur Həzi bildirib ki, jurnalistlər içəri buraxılmasa, onun özü də məhkəmə iclasında iştirakdan imtina edəcək.
Bundan sonra hakim zala daxil olmağa gələrkən polislərə də jurnalistləri içəri buraxmaq barədə göstəriş verib. Hakim gələndən sonra Seymur Həzi prosesi izləməyə gələn insanlara qarşı məhkəmə nəzarətçilərinin, polislərin kobudluğuna, media nümayəndələrinin içəri daxil olmasına, onların dəftər-qələminin də əlindən alınmasına etirazını bildirib.
Hakim Şövkət Nəcəfova da öz növbəsində bildirib ki, o, kimsəyə jurnalistlərin prosesə buraxılmaması barədə göstəriş verməyib. Hakim media nümayəndələrinə əllərindən alınan dəftər-qələmlərini polislərdən geri almağa da imkan yarıtdı.
Bundan sonra polis əməkdaşı Elşən Məmmədov şahid qismində dindirildi. O, Seymur Həzi ilə Məhərrəm Həsənov arasındakı insidentdən sonra onları Ceyranbatan qəsəbəsindən Abşeron Rayon Polis Şöbəsinə aparan polis əməkdaşlarından biri olub.
Heç bir ali və ya orta ixtisas təhsili olmayan Elşən Məmmədov dediyinə görə, 10 ildir ki, polis orqanlarında çalışır, hazırda da Çevik Polis Alayının əməkdaşıdır. Hadisəyə gəlincə, dedi ki, avqustun 29-da 4 nəfərlik heyətlə polis maşını ilə Ceyranbatan ərazisində xidmət ediblər. Sumqayıt-Bakı şossesilə gələrkən, Ceyranbatanın mərkəzinə gedən yola çatanda adamların səs-küylə getdiyini görüb, tindən 20 yanvar küçəsinə dönüblər. Uzaqdan iki nəfərin dalaşdığını, hadisə yerinə çatıb maşından düşəndə isə Seymurun əlindəki butılka ilə Məhərrəmin başına vurduğunu görüblər. Elə onlar düşən kimi də həm Seymur Həzi, həm də Məhərrəm Həsənov qaçıblar, bunlar da onları tutub, ayrı-ayrı maşınlarda polis şöbəsinə gətirib təhvil veriblər.
Bu polis əməkdaşının ifadəsində xeyli maraqlı, eyni zamanda, ziddiyyətli məqamlar meydana çıxdı. Məsələn, vəkil Adil Ismayılovla şahid arasındakı sual-cavabdan ilk növbədə o aydın oldu ki, həmin vaxt heyətdə olan digər polislər ali təhsilli olsalar da, orta təhsilli Elşən Məmmədov onlara rəhbərlik edib.
Şahid məhkəmədə iddia edirdi ki, Seymurun butılkanı Məhərrəmin başına vurduğunu görüb. Amma vəkil ona hadisə baş verən gün polis şöbəsinə yazdığı raportu göstərdi, bu sənəddə butılka barədə bir kəlmə də yoxdur.
Yaxud, raportda yazıb ki, hadisə “Ovqat” restoranının yaxınlığında baş verib. Amma məhkəmədə vəkil Adil Ismayılovun suallarını cavablandırarkən “Ovqat”ın Ceyranbatan qəsəbəsinin hansı hissəsində yerləşdiyini deyə bilmədi. Bu da həmin raportu Elşən Həsənovun özünün yazdığına şübhə yaradırdı, baxmayaraq ki, həmin sənədi o imzalayıb.
Vəkil bu şahidlə bağlı daha ziddiyyəti üzə çıxartdı. Adil Ismayılov şahiddən soruşdu ki, hadisə günü Seymur və Məhərrəmi polis şöbəsinə təhvil verəndən sonra onun iştirakı ilə hər hansı istintaq hərəkəti aparılıbmı? Elşən Məmmədov dedi ki, xeyr, onları təhvil verib, xidmətə geri qayıdıblar, heç bir istintaq hərəkətində də iştirak etməyiblər.
Adil Ismayılov polis əməkdaşına yenə də özünün imzaladığı sənədi göstərdi. Protokoldan belə aydın olurdu ki, Elşən Məmmədov daha iki hal şahidinin iştirakı ilə insident zamanı Seymur Həzinin qolu cırılmış köynəyinə baxış keçirilməsi prosesində iştirak edib.
Vəkil Adil Ismayılov:
- Sizin iştirakınızla köynəyə ayrıca baxış keçirilib?
- Xeyr.
- O zaman protokolu niyə imzalamısınız?
- Seymur Həziyevin əynindəki köynəyin cırılmağı gözlə görünürdü də.
- Gözlə görünməsi başqa, köynəyi çıxarıb baxış keçirilməsi, köynəyin şəklinin çəkilməsi başqa. Sizin iştirakınızla bu kimi istintaq hərəkətləri olubmu?
- Olmayıb. Amma buna ehtiyac yox idi, görürdüm ki, bu adamın əynindəki köynək cırılıb.
- Ehtiyac olub-olmadığını siz müəyyənləşdirmirsiz. Deməli, siz görmədiyiniz istintaq hərəkətində iştirakınızla bağlı protokola imza atmısız?
- Bəli.
- Niyə?
- Yəqin, çıxarıblar, şəklini çəkiblər ki, ora belə yazıblar da...
- Axı siz görməmisiz, fərziyə ilə protokola imza atmısız?
- ...
Seymur Həzi ilə şahid arasındakı sual-cavab da maraqlı oldu. Cavablardan aydın oldu ki, Seymuru Abşeron Rayon Polis Şöbəsinə apararkən yolda Elşən Məmmədov rəhbərliyə hadisə barədə məruzə edib. Şahid bunu təsdiqləyəndən sonra Seymur Həzi maraqlı bir məqamı açıqladı. Bildirdi ki, bu polis əməkdaşı maşında hadisəni məruzə edərkən qarşı tərəfin sualına cavabında “təyin etdiyimiz” ifadəsini işlədib. Elşən Məmmədov bunu təkzib etdi. Lakin Seymur Həzi məhkəmədən telefon danışıqlarının siyahısı vasitəsilə həmin vaxt Elşən Məmmədovun kiminlə danışdığının müəyyənləşdirilməsini, həmin adamın məhkəmədə dindirilməsini istədi.
Daha sonra vəkil Adil Ismayılov əlavə şahidlərin dindirilməsi haqda vəsatət qaldırdı. Bildirdi ki, hadisə yerinə baxış prosesinin başlanması və yekunlaşmasına dair protokolda qeyd olunan vaxtlarla Məhərrəm Həsənovun polis şöbəsində dindirildiyi vaxtlar toqquşur. Eyni zamanda, müstəntiqin həm polis şöbəsində, həm də Ceyranbatanda hadisə yerinin müayinəsində iştirakı şübhə doğurur. Digər tərəfdən, hadisə yerinin müayinəsilə bağlı protokolda hal şahidi kimi adı keçənlərdən Sabir Abışovun qardaşı ötən məhkəmə iclasında bildirdi ki, o, ümumiyyətlə, insident baş verən gün orada olmayıb. Belə olan halda, hal şahidi kimi adı keçən həmin şəxsin hadisə yerinin müayinəsində iştirakı da şübhə yaradır. Ona görə də vəkil müayinə protokolunda adları çəkilənlərin - sahə müvəkkili Əmircan Salmanov və daha iki hal şahidinin məhkəmədə dindirilməsini istədi.
Vəsatət təmin olundu.
Məhkəmə prosesi yanvarın 13-də davam etdiriləcək.
***
Xatırladaq ki, Seymur Həzi avqustun 29-da həbs olunub. Həmin gün saat 12.30 radələrində evdən çıxıb Bakıya gələrkən Ceyranbatandakı dayanacaqda Məhərrəm Həsənov ona yaxınlaşaraq, “facebook”da yazdığı mesajlara hansı səbəbdən cavab vermədiyini soruşub. Seymur da həmin mesajları görmədiyini bildirib. Cavab başa çatmamış Məhərrəm Həsənov onu vurmağa başlayıb və nəticədə aralarında insident yaranıb.
Hələ bu hadisədən bir həftə əvvəl həbs olunacağı haqda xəbərdarlıq alan Seymur Həzi bu hadisənin planlaşdırılmış təxribat olduğunu, polislərin də plan əsasında həmin əraziyə gəldiyini hesab edir. Elə yerli və beynəlxalq ictimaiyyət də Seymur Həzinin jurnalist fəaliyyətinə, konkret olaraq, hökumətin ünvanına tənqidi yazılarına görə həbs olunduğu qənaətindədir.