Demokratik rəqabət mühiti hakimiyyəti qane etmir
Heç kimə sirr deyil ki, hakimiyyətin ən yaralı yeri seçkilərdi. Ona görə də 21 ildir ölkədə seçkinin yalnız kölgəsi var. Hakimiyyət başa düşür ki, istənilən ədalətli seçki onun məğlubiyyəti deməkdir. Bu mənada gələn il keçiriləcək parlament seçkiləri də olduqca əhəmiyyətlidir və bu seçkilərdə proporsional seçki sisteminin tətbiq olunacağı ilə bağlı məlumatlar yayılıb. Təbii ki, Azərbaycan hakimiyyətinin proporsional seçkidə maraqlı olmadığı qənaətindəyik və baş verənlər də bunu sübut edir.
YAP-çı deputatlar da bizim qənaətimizi təsdiqləyiblər və buna ehtiyac olamdığını bildiriblər. YAP-çı deputat Eldar Ibrahimov deyib: “Proporsional və majoritar sistemlə bağlı fikirlərimi demişəm. Əvvəllər hər ikisi var idi. Sonralar referendum keçiriləndə fikrimiz ondan ibarət oldu ki, Azərbaycan şəraitində, Azərbaycan mentalitetində ən yaxşısı majoritar sistemdir. Hər bir rayonun, hər bir bölgənin özünün deputatı olur və seçicilər ona səs verir. Deputatla seçici birliyi yaranır. Hələlik elə hesab edirəm ki, Azərbaycanda yenidən proporsional sistemə keçməyə ehtiyac yoxdur. Majoritar sistem bizi tam təmin edir və bizim Seçki Məcəlləsi çox yaxşıdır. Neçə illərdir ki, bu Seçki Məcəlləsi ilə seçkilərimizi keçiririk. Ona görə də proporsional sistemə ehtiyac duymuram”.
Digər YAP-çı deputat Aydın Mirzəzadə isə bildirib ki, ötən müddət majoritar sistem özünü tamamilə doğruldub: “Proporsional sistemlə seçki keçiriləndə seçici şəxsə deyil, partiyaya səs verir və partiya siyahısı ilə seçilən insan konkret seçici qarşısında heç bir məsuliyyət daşımır. Seçici ondan nəsə tələb edə, ona münasibətini bildirə bilmir. Onun seçiciləri qəbul etməsi, seçicilərin problemini qaldırması artıq onun məsuliyyətindən asılıdır. Majoritar sistem seçilən şəxsi seçiciyə çox yaxınlaşdırır. Avropada da proporsional sistem tətbiq olunan ölkələr var. Amma daha çox majoritar sistemə üstünlük verirlər. Hesab edirəm ki, bu gün majoritar sistem Azərbaycanın siyasi sistemində özünü tamamilə doğruldur və proporsional sistemin tətbiqinə ehtiyac yoxdur”.
Göründüyü kimi, hakim partiya proporsional sistemin əleyhinədir. Eldar Ibrahimovun da dediyi kimi, bu sistem hakimiyyəti tam qane edir.
Bəs, hakimiyyət proporsional seçkidə niyə maraqlı deyil?
Çünki, proporsional sistemdə namizədlərin seçicilərlə təmas imkanı daha böyük olur. Müxalifət liderləri ölkəni gəzə bilir, proseslərə müdaxilə imkanı əldə edir və nəticədə parlamentə düşmək imkanı genişlənir. Hakimiyyət isə real müxalifəti tamamən sıradan çıxarmaq, bütün tribunalardan məhrum etmək siyasətini yeritdiyi üçün, mojaritar sistemə üstünlük verir.
Təbii ki, Azərbaycan kimi ölkələrdə hakimiyyətin avtoritar mahiyyəti bütün sistemləri “şikəst” edə bilir. Sadəcə olaraq, yuxarıda qeyd etdiyimiz kimi, proporsional sistem hakimiyyəti ifşa etmək üçün daha böyük şans verir. Təkcə prezident seçkilərində Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin 6 dəqiqəlik çıxışı hakimiyyətin bütün resursların və 21 illik yalan siyasətini darmadağın edə bildi. Yaxud sosial şəbəkələr bugün hakimiyyətin bütün gizlinlərini faş edir.
Yəni hakimiyyət müxalifətə tribuna verməyin hansı nəticələrə gətirə biləcəyini anladığı üçün proporsional sistemi gözdən salmaq istəyir. Onu da qeyd etmək lazımdır ki, son dövrlər beynəlxalq aləmin təzyiqləri daha da güclənib, Azərbaycandakı seçkilərin saxtalaşdırıldığı faktlarla sübuta yetirilib. Bu mənada 2015-ci il seçkiləri daha çox diqqət mərkəzində olacaq. Ona görə də hakimiyyət proporsional sistemi ikiqat əziyyət kimi dəyərləndirir.