Moskvada azərbaycanlı tələbənin tükürpədən qətli – ŞOK TƏFƏRRÜAT

27-12-2014, 21:50   
Moskvada azərbaycanlı tələbənin tükürpədən qətli – ŞOK TƏFƏRRÜAT
Dünən Moskva vilayət məhkəməsi Azərbaycan vətəndaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən üç asayiş keşikçisi və daha iki nəfər barəsində hökm çıxarıb. Teleqraf.com-un newsru.com-a istinadən xəbərinə görə, taksi fəaliyyəti ilə məşğul olan soydaşımızı aldadıb tələyə salan polislər ona 80-ə yaxın bıçaq zərbəsi vurub.
Məhkəmənin qərarına əsasən, Xoroşevo-Mnevniki polisinin əməkdaşları – Dmitri Kolotovkin və Artem Skubak müvafiq olaraq, 17 və 16 il həbs cəzası alıblar. Onların həmkarı Aleksandr Vlasenko isə 13,5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa qanlı cinayətin iştirakçısı olan Andrey Alexin də ömrünün 14 ilini dəmir barmaqlıqlar arxasında keçirəcək. Adı çəkilənlərin 4-ü də cəzalarını ciddi rejimli islah müəssisəsində çəkəcəklər. Cinayətdə əli olan 5-ci şəxs – Moskva sakini Aleksey Vasilyev isə 4 ili şərti olmaqla 7 il həbs cəzası alıb.

Bundan başqa məhkəmə qətlə yetirilən azərbaycanlının atasının mənəvi zərərə görə 3 milyon rubl təzminat ödənilməsi barədə iddiasını da təmin edib.

Qətlə yetirilən azərbaycanlının atası Ağahüseyn Ağayev məhkəmənin hökmündən narazı qalıb: “Mən maksimum cəza müddəti tələb etdim. Şikayət edəcəyəm. Heç kimə bunu arzulamıram. Bu, faciədir. Mənim oğlum yenicə yaşamağa başlayırdı. O, burada təhsil alırdı, gözəl və istedadlı uşaq idi”.

İstintaq materiallarına görə, 5 sentyabr 2012-ci ildə 21 yaşlı Kolotovkin taksi fəaliyyəti ilə məşğul olan 22 yaşlı azərbaycanlı Seymur Ağayevlə tanış olub. Seymur işləməklə bərabər Moskva İnşaat-Mühəndis İnstitunuda 4-cü kursda təhsil alırmış.

Kolotovkin Seymurdan onu Zaqoryansk qəsəbəsinə aparmağı xahiş edib. Orada onu əvvəlcədən razılaşdıqları kimi 26 yaşlı Vlasenko, 22 yaşlı Skubak, 23 yaşlı Alexin və 19 yaşlı Vasilyev gözləyirmiş.

Hadisə yerinə çatdıqdan sonra Kolokolov Seymura hücum edərək ona bıçaq zərbələri vurub. Alexin isə metal boru ilə Seymura iki zərbə endirib. Skubak isə cinayətdə teleskopik gürzdən istifadə edib. O, Seymurun başına zərbələr endirib. Vlasenko isə ətrafı müşahidə edib. Seymur aldığı zərbələrdən hadisə yerindəcə keçinib. Məhkəmə tibbi ekspertizası Seymurun 77 bıçaq zərbəsi aldığını açıqlayıb. Qətl “Pirat” bıçağı ilə törədilib. Seymuru qətlə yetirdikdən sonra onlar onun avtomobilini, iPhone markalı telefonunu və 30 min rublunu mənimsəyiblər. Onlar Seymurun cəsədini meşədə gizlədiblər.

Atası Ağahüseyn Ağayevin sözlərinə görə, Seymur taksi sürücülərinə himayədarlıq edən paqonlu reketlərə haqq ödəməkdən imtina etdiyi üçün öldürülüb. Tələbə əvvəlcə “Jiquli” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub, daha sonra 600 min rubl ( 11 000 manat) dəyərində BMW 530i markalı avtomobil alıb. Onu aldadaraq elə bu avtomobillə cinayətin planlaşdırıldığı yerə aparıblar.

Seymurun cəsədi qətl törədildikdən bir neçə gün sonra yerli sakinlər tərəfindən tapılıb. Cinayətkarların həyasızlığı və tamahkarlığı Seymuru öldürüb avtomobilini ələ keçirməklə yekunlaşmayıb. Onlar öldürdükləri Seymurun oğurlandığı barədə onun ailəsinə məlumat verib və azad edilməsi üçün 150 min avro pul tələb ediblər. Elə bu pulları alarkən də 30 oktyabr 2012-ci ildə həbs ediliblər. Onların avtomobil oğurluğu ilə məşğul olan bandanın üzvü olduqları müəyyən edilib. Hadisə ilə əlaqədar Xoroşevo-Mnevniki rayon polisinin bütün rəhbərliyi dəyişdirilib.

Rusiya mətbuatı cinayəti törədən Artem Skubakın dayısı Sergey Skubakın yüksək rütbəli polis məmuru olduğunu və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində mühüm post tutduğunu da yazıb.




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.